

Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilən mübarizə tədbirləri çərçivəsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci yarımili ərzində ümumilikdə 9714 qərar qəbul edilib.
Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4246 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.
Bu dövr ərzində 11 halda ölkəyə tənzimlənməyən miqrasiyanın təşkili halları aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisindən istifadə etməklə üçüncü ölkələrə göndərilməsinin təşkili, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.