Laçında yanğınla bağlı cinayət işi başlanıb, şübhəli şəxslər saxlanılıb - BİRGƏ MƏLUMAT Hadisə

Laçında yanğınla bağlı cinayət işi başlanıb, şübhəli şəxslər saxlanılıb - BİRGƏ MƏLUMAT

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Laçında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

Nazirliklərin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, iyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.