“Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabı nəşr olunub Hadisə

“Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabı nəşr olunub

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi həssas qruplardan olan qadınların məşğulluq problemlərini araşdırıb

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi həssas qruplardan olan qadınların məşğulluq problemlərini araşdırıb. Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qruplardan olan qadınların məşğulluğunun təmin olunması imkanları: sosial sahibkarlıq və müasir çağırışlar” layihəsini uğurla həyata keçirib. Layihə çərçivəsində çap olunmuş “Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabının təqdimatı olub.

Professor Rəsmiyyə Abdullayevanın rəhbəri olduğu layihənin tədqiqat qrupuna prof. Nazim Müzəffərli, dosent Allahyar Muradov və doktorant Mələk Əliyeva daxildir.

Tədbiri giriş sözü ilə açaraq layihə barədə məlumat verən Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, professor Rəsmiyyə Abdullayeva bildirib ki, kitab həssas qruplardan olan qadınların məşğulluq imkanlarının tədqiqinə həsr olunmuşdur. Kitabda ölkəmizdə həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti araşdırılıb bvə onların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları müəyyənləşdirililib. Layihə çərçivəsində qadınlar arasında onların məşğulluğu ilə bağlı sosioloji sorğu keçirilib, nəticələr təhlil edilib. Həssas qruplardan olan qadınların məşğulluq imkanlarının genişləndirilməsində sosial sahibkarlığın artırılması ilə bağlı təkliflər hazırlanıb. Müəlliflər ümid edirlər ki, tədqiqatın nəticələri, təklif və tövsiyələri iqtisadçılarla yanaşı, sosial-iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı olacaqdır.

Tədbirdə çıxış edənlər – Elm və Təhsil Nazilrliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının müəlllimi, iqtisad elmləri doktoru Yaşar Məmmədov, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Vüsalə Nağıyeva, Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya, Azərbaycan Dövlət Radiosunun böyük redaktoru Arzu Bayramova və digərləri həssas qruplardan olan qadınların məşğulluq imkanlarının tədqiqinə həsr olunmuş layihənin əhəmiyyətini xüsusi olaraq qeyd edərək “Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabını yüksək qiymətləndiriblər, araşdırmanın nəticələrinin cəmiyyətimiz üçün faydalı olacağını vurğulayıblar.