Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər Hadisə

Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər

Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

N.Alimova qeyd edib ki, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir:

“Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində inşa edilmiş tikililərlə bağlı yanaşma daha ciddi və fərqli olmalıdır”.

N. Alimova bildirib ki, torpaq kateqoriyaları qanuna uyğun olaraq dəyişdirildikdən sonra Abşeron yarımadasında massivləşmiş fərdi yaşayış evləri olan məhəllələrdə sənədləşdirmə prosesi mümkün olacaq:

“Fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə hüquqların rəsmiləşdirilməsi üçün zəruri dəyişikliklər edildikdən sonra qeydiyyat həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda ölkə başçısının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.