

Azərbaycan beynəlxalq idman, mədəniyyət və humanitar tədbirlərin etibarlı ev sahibliyini illərdir öz üzərinə götürür və bu istiqamətdə qazandığı zəngin təcrübə ilə seçilir. Bu etimadın əsasını ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, təhlükəsizlik orqanlarının peşəkarlığı və dövlət rəhbərliyinin ardıcıl siyasəti təşkil edir. III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində keçirilməsi də bu reallığın bariz nümunəsidir.
Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə də polis əməkdaşları bu yarışların təhlükəsizliyinin təmin olunmasında böyük məsuliyyət və fədakarlıq nümayiş etdirdilər. Yarışların keçirildiyi ərazilərdə ictimai asayişin qorunması, iştirakçıların və qonaqların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyatın idarə olunması və kütləvi toplaşmalar zamanı operativ nəzarət tədbirləri yüksək səviyyədə təşkil olundu. Bu, Azərbaycan polisinin peşəkarlığının və hazırlıq səviyyəsinin göstəricisidir. Qlobal miqyaslı tədbirlər zamanı polis əməkdaşlarının peşə borcuna sadiqliyi, məsuliyyət hissi və müasir texnoloji imkanlardan səmərəli istifadəsi ölkəmizin təhlükəsizlik sisteminin gücünü bir daha nümayiş etdirdi.
Azərbaycan polisi uzun illərdir ki, ölkədə ictimai asayişin və hüququn aliliyinin qorunmasında əsas qüvvə kimi çıxış edir. Onların fəaliyyəti təkcə cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşmır, həm də vətəndaşların gündəlik təhlükəsizliyinin təmin olunması, ictimai qaydanın qorunması və dövlət tədbirlərinin uğurla keçirilməsi istiqamətində aparılan genişmiqyaslı işləri əhatə edir.
Bu mənada Azərbaycan polisi gecə-gündüz xalqın keşiyində əzm və fədakarlıqla dayanır, dövlətin və cəmiyyətin sabit inkişafına mühüm töhfə verir. Azərbaycanın əldə etdiyi sabitlik və təhlükəsizlik mühiti isə, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Dövlət başçısının rəhbərliyi altında hüquq-mühafizə orqanlarının maddi-texniki bazası müasirləşdirilib, peşə hazırlığı gücləndirilib, xidmət sahəsində beynəlxalq standartlara uyğun idarəetmə sistemi formalaşdırılıb. Bu gün Azərbaycan dünyada sabit və təhlükəsiz ölkə kimi tanınır. Məhz bu amil beynəlxalq təşkilatların və idman qurumlarının böyük etimad göstərərək mühüm tədbirlərin keçirilməsini Azərbaycana həvalə etməsinə şərait yaradır.
III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində, tam nizam-intizamla və heç bir xoşagəlməz hadisə baş vermədən keçirilməsi ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərdi. Bu, bir daha sübut etdi ki, Azərbaycan yalnız iqtisadi və mədəni mərkəz deyil, həm də təhlükəsizlik baxımından etibarlı tərəfdaşdır.
Hər bir uğurlu beynəlxalq tədbir dövlətimizin nüfuzunu yüksəldir, Azərbaycanın sabit və təhlükəsiz ölkə imicini daha da möhkəmləndirir.
Ramiz Alıyev
“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri