

Azərbaycan Tibb Universitetində (ATU) rektor, professor Gəray Gəraybəyli prezident təqaüdçüləri ilə görüş keçirib. Görüşdə universitetin ən istedadlı və fərqlənən tələbələri bir araya gəlib.
Bu barədə APA-ya ATU-dan məlumat verilib.
Rektor G.Gəraybəyli tələbələri səmimi qəlbdən təbrik edib, onlara gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. O, universitet illərinin insan həyatında xüsusi önəm daşıdığını, həmçinin bu dövrün tələbələr üçün müəyyən çətinliklərlə müşayiət olunduğunu vurğulayıb. Azərbaycan Tibb Universitetində daim istedadlı tələbələrin inkişafına xüsusi önəm verildiyini və onların potensialını reallaşdırmaları üçün bütün şərait yaradıldığını qeyd edib. Rektor tələbələrə daim dəstək olacağını və onların hər zaman yanında olduğunu bildirib.
“Universitet illəri həm zəhmət, həm də böyük imkanlar dövrüdür. Sizlər burada yalnız bilik deyil, həm də həyat dərsləri alırsınız,” – deyə rektor qeyd edib.
Tədris işlər üzrə prorektor, professor Anar Ağayev çıxış edərək bildirib ki, Prezident təqaüdünə layiq görülmək hər bir tələbə üçün həm böyük şərəf, həm də məsuliyyətdir. O, bu uğurun gənclərin bilik, zəhmət və əzmkarlığının nəticəsi olduğunu vurğulayıb.
Görüşdə Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və I müalicə-profilaktika fakültəsinin dekanı dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva da iştirak ediblər. Çıxış edənlər tələbələrin inkişafı və təhsildə yüksək nəticələr əldə etmələri üçün birgə əməkdaşlıq əhəmiyyətini vurğulayıblar.
Görüşdə prezident təqaüdü qazanan 26 tələbəyə pul hədiyyəsi təqdim olunub.