Anar Quliyev: Qarabağda yenidənqurma işləri dayanıqlı şəhərsalma modelinə əsaslanır Hadisə

Anar Quliyev: Qarabağda yenidənqurma işləri dayanıqlı şəhərsalma modelinə əsaslanır

Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri dayanıqlı şəhərsalma modelinə əsaslanır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun açılışında deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan münaqişədən sonrakı bərpa və reinteqrasiyada özünəməxsus şəhərsalma modelini həyata keçirir: “Qarabağ və Şərqi Zəngəzurda həm şəhər, həm də kənd yaşayış məntəqələri üçün hazırlanmış baş planlar əsasında genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu planlar sadəcə texniki sənədlər deyil, insanların həyatını və dolanışığını bərpa edən inkişaf xəritələridir”.

Anar Quliyev qeyd edib ki, keçmiş məcburi köçkünlər artıq bərpa olunan şəhər və kəndlərə qayıdır, burada yaşayır, işləyir və təhsil alırlar: “Bu proses təkcə regionun fiziki bərpasını deyil, həm də icmaların dözümlülüyünü və ölkənin inklüziv inkişaf siyasətini əks etdirir”.

O vurğulayıb ki, Qarabağda aparılan işlər “Daha yaxşı yenidənqurma” (Build Back Better) prinsipinə əsaslanır və məqsəd canlı, dayanıqlı və müasir şəhər məkanlarının yaradılmasıdır: “Biz bu bərpanı təkcə icmaların bərpası kimi deyil, həm də regionun gələcək inkişafı üçün yeni, davamlı şəhər nümunələrinin formalaşdırılması imkanı kimi görürük.”

Anar Quliyev əlavə edib ki, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri vasitəsilə idarəetmə modeli bütün səviyyələrdə koordinasiyalı və inklüziv planlaşdırmanı təmin edir.