Xəzər sürətlə dayazlaşır: Əsas səbəb Volqa çayıdır - ARAŞDIRMA Hadisə

Xəzər sürətlə dayazlaşır: Əsas səbəb Volqa çayıdır - ARAŞDIRMA

Xəzər dənizi ekoloji fəlakətlə üz-üzədir. Son illər dənizin sürətlə dayazlaşması tendensiyası müşahidə olunur. Dənizin çəkilməsi bütün Xəzəryanı ölkələrə (Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) təsir göstərsə də, bundan ən çox əziyyət çəkən Qazaxıstan və Azərbaycandır. Elə bu səbəbdəndir ki, bu iki ölkə Xəzərin quruması ilə bağlı kəskin narahatlıq ifadə edir.

Xəzərin dayazlaşmasının neft-qaz hasilatı və gəmiçiliyə təsiri

Xəzərin suyunun çəkilməsi kəskin ekoloji problemlərlə yanaşı, turizm, neft-qaz hasilatı, sənaye, gəmiçilik və logistikaya ciddi təsir göstərir.

Artıq xeyli müddətdir ki, Qazaxıstanda həm dövlət səviyyəsində, həm də mediada vəziyyətlə bağlı həyəcan təbili çalınır.

Bu ölkənin Baş naziri Oljas Bekenov bildirib ki, 2000-ci illərin əvvəllərindən Xəzər dənizinin suyunun səviyyəsi azalmağa başlaması ilə əlaqədar bu və digər məsələlərin tədqiqi üçün Qazaxıstan Xəzər Tədqiqat İnstitutu yaradılıb. Baş naziri deyib ki, alimlərin proqnozları bədbindir: “Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli, əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.

Qazaxıstan mediasında da Xəzərin dayazlaşması, bunun yaratdığı fəsadlarla bağlı bir neçə ildir, silsilə yazılar, araşdırmalar dərc olunur.

Qazaxıstan mətbuatı yazır ki, Xəzərin dayazlaşması beş Xəzəryanı ölkənin hamısına mənfi təsirlərini göstərir, lakin daha çox Qazaxıstan bundan zərər görür.

Bu onunla izah olunur ki, dayazlaşma nəticəsində məhz Xəzərin şimal hissəsi neft hasilatı və gəmiçilik üçün sıradan çıxa bilər.

Xəzər Aral sindromu ilə üz-üzə

Son illərdə Xəzər dənizində baş verən səviyyə enməsi və ekosistemdə müşahidə olunan dəyişikliklər region alimləri və ekoloqlar tərəfindən ciddi narahatlıq doğuran proses kimi dəyərləndirilir. Onlar bunu Aral sindromu kimi də qiymətləndirirlər. Məlum olduğu kimi, XX əsrin ikinci yarısında Aral dənizinin suyunun 90% quruması nəticəsində onun yerində səhra yaranıb.

Aralqum adlandırılan səhranın yaranması ilə bölgədə antropogen-təbii ekoloji fəlakət yaşanır. Alimlərin hesablamalarına görə, Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70%-dən çoxdur. Aral bölgəsində kənd təsərrüfatının inkişafı, ilk növbədə, suvarılan sahələrdə pambıqçılığın genişlənməsi dənizdə kəskin tənəzzülə səbəb olub. Əkin sahələrini suvarmaq üçün 1960-cı illərə qədər Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının bütün su ehtiyatı paylanmışdı. Çoxsaylı su anbarları və kanallar su təchizatı və buxarlanma arasında balansı pozdu. 1985-1986-cı illərdə dəniz səviyyəsi 53 m-dən 41 m-ə düşdü, Berq boğazı qurudu, Aral iki su anbarına - Böyük və Kiçik su anbarına bölündü. 2002-ci ilə qədər suyun səviyyəsi daha 10 m düşdü, 2006-cı ildə Böyük Aral dənizindən dərin su hissəsi - keçmiş Tşe-Bas körfəzi ayrıldı. 1960-2009-cu illər arası Aral dənizinin sahəsi 67,499 km²-dən 6,700 km²-ə qədər azaldı.

Eyni sindrom Xəzərlə bağlı da yaşanır. Xəzərin dayazlaşmasının səbəbləri sırasında qlobal istiləşmə və s. ekoloji amillər sadalansa da, problemin kökündə antropogen amillər dayandığı faktlarla sübut olunur. Əsas amil isə Xəzərin əsas qida mənbəyi olan Volqa çayından dənizə buraxılan suyun həcminin kəskin azalmasıdır. Bu tendensiya artıq bir neçə ildir, davam edir, bu günə olan nəticə isə göz qabağındadır.

Volqa çayından Xəzərə axıdılan suyun həcmi niyə kəskin azalıb?

Xəzər dənizinin dayazlaşması artıq təkcə statistik göstəricilərdə və peyk təsvirlərində deyil, sahə müşahidələrində də açıq şəkildə özünü göstərir. Qlobal istiləşmə və yağıntıların azalması kimi təbii amillərlə yanaşı, yerində aparılan müşahidələr bu prosesdə antropogen təsirlərin həlledici rol oynadığını üzə çıxarır.

APA-nın əraziyə ezam olunmuş əməkdaşının qeydləri və müşahidələri Volqa çayının mənsəbində suyun xeyli azaldığını söyləməyə əsas verir. Aparılan müşahidələr göstərir ki, Volqa çayının Xəzərə tökülən hissəsində suyun axını kəskin zəifləyib, ərazidə dayazlaşma baş verib, bunun nəticəsində torpaq qatı üzə çıxıb, axıntılar kiçik kanal halına keçib, bəziləri isə tamamilə quruyub.

Volqanın mənsəbində suyun səviyyəsinin düşməsi ərazinin flora və faunasına da mənfi təsir göstərir, su bitkiləri məhv olur, heyvanların yaşaması və artması üçün şərait dözülməz şəkil alır. Müşahidə və araşdırmalardan məlum olur ki, Xəzərə axıdılan suyun miqdarının kəskin azalmasının əsas səbəbi Volqaboyu ərazilərdə kənd təsərrüfatı sahələrinin sürətlə artması, su anbarlarının daim su ilə dolu saxlanmasıdır.

Volqa hövzəsində çoxlu su anbarları, bəndlər, meliorasiya qurğuları tikilib.

Bu qurğular suyun idarə olunmasını (su paylanması, enerji istehsalı, meliorasiya) mümkün etsə də, dənizə axan suyun miqdarına mənfi təsir göstərir.

Volqa hövzəsində geniş kənd təsərrüfatı sahələri də mövcuddur, əkinçilik üçün isə suvarma tələb olunur.

Onu da qeyd etmək yerinə düşər ki, su anbarlarının hamısı keçmiş SSRİ vaxtında tikilib. Uzun illərdir, istismar olunan anbarların texniki imkanları, su saxlama qabiliyyəti, su sızmalarının baş vermə ehtimalı da diqqətdən qaçmamalıdır.

Volqaboyu yaşayış məntəqələrinin artması da suyun azalması prosesində əhəmiyyətli rol oynayır.

Daha bir ciddi faktor həm məişətdə, həm də təsərrüfatda sudan qeyri-səmərəli istifadə olunmasıdır.

Volqadan Xəzərə daxil olan suyun həcmi illik 30-35 milyard kubmetr azalıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” tərəfindən həyata keçirilən peyk müşahidələri və aparılan təhlillər göstərir ki, Xəzərin əsas su mənbəyi olan Volqa çayından axıdılan suyun həcmi ildən-ilə azalır və bu da dənizin sürətlə dayazlaşmasına səbəb olur.

Bu ilin oktyabr ayında “Azərkosmos” Volqa çayı hövzəsində su balansındakı dəyişikliklərin dinamikasını peyk monitorinqi vasitəsilə qiymətləndirib.

Avropanın ən uzun çayı olan Volqa, Kama və Oka kimi digər çaylarla birlikdə eyni adlı hövzəni formalaşdıraraq Xəzər dənizinin su ehtiyatlarının təxminən 80 faizini təmin edir.
Son dövrlərdə Xəzərin səviyyəsinin enməsi təkcə iqlim dəyişiklikləri ilə deyil, eyni zamanda Volqa hövzəsindəki insan fəaliyyəti ilə də əlaqələndirilir. “Azərkosmos”un araşdırmalarına əsasən, Volqa çayında orta illik su axını azalır və bu proses nəticəsində hər il Xəzərə təxminən 30-35 milyard kubmetr daha az su daxil olur.

Volqa çayından Xəzər dənizinə axan suyun həcminin azalması təkcə iqlimlə bağlı deyil, həm də insan təsərrüfatı ilə birbaşa əlaqəlidir. Aparılan tədqiqatlar göstərir ki, bu prosesin arxasında duran iki əsas amil var.

Birincisi, 2017-ci illə müqayisədə 2025-ci ildə Volqa hövzəsində əkin dövriyyəsinə cəlb olunan torpaqların sahəsi 35%-dək artıb. Bununla bağlı, Volqa çayının suyundan suvarılma məqsədilə daha çox istifadə edilməyə başlanıb.

İkincisi,Volqa hövzəsində orta illik yağıntı 2017-ci illə müqayisədə 2024-cü ildə təxminən 100 mm az və ya 15.3% azalma müşahidə olunur. Lakin bu azalma Volqa hövzəsində mövcud su anbarlarındakı su həcminə əhəmiyyətli təsir göstərməyib. Son 8 il ərzində su səthi sahəsində azalma cəmi 1%-ə qədərdir. Bu o deməkdir ki, suvarılma məqsədləri üçün su anbarlarında suyun səviyyəsinin sabit saxlamaqla çaya buraxılan suyun həcmi məhdudlaşdırılıb (təxminən 15% az).

Volqa çayı Avropanın ən uzun çayı olmaqla yanaşı, eyni adlı hövzənin Kama və Oka adlı digər çayları ilə birlikdə Xəzər dənizinin ən böyük su mənbəyidir. Onun ümumi uzunluğu təxminən 3 530 km, hövzəsinin sahəsi isə 1,36 milyon km² təşkil edir. Volqa çayı Rusiya Federasiyasının Avropa hissəsinin demək olar ki, ortasından keçərək, Moskva, Nijniy Novqorod, Kazan, Saratov və Volqoqrad kimi iri şəhərlərdən axır, sonda Xəzər dənizinə tökülür.

Çayın son illik orta su axını təxminən 250 milyard kubmetr təşkil edir. Volqa çayının illik axını 2021 və 2022-ci illərdə müvafiq olaraq cəmi 216 və 215 milyard kubmetr olmaqla orta uzunmüddətli göstəricidən xeyli aşağı olub. 2023-cü ildə bu göstərici daha aşağı idi. Bununla da, təkcə Volqadan çayından Xəzərə hər il təxminən 30-35 milyard kubmetr az su daxil olur.

Volqadan Xəzərə daxil olan suyun illik 30–35 milyard kubmetr azalması region üçün ciddi

Volqa çayı hövzəsi

ekoloji və iqtisadi nəticələr yaradır. Bu azalma Xəzərin səviyyəsinin enməsini sürətləndirərək dənizin dayazlaşmasını dərinləşdirir və gəmiçilik, neft-qaz hasilatı, turizm və sənaye sektorları üçün əlavə risklər formalaşdırır. Problemin həm iqlim dəyişikliyi, həm də antropogen təsirlərdən qaynaqlanması onu mürəkkəb və çoxşaxəli edir. Suvarma məqsədilə suyun daha çox istifadəsi və yağıntıların azalması Volqa hövzəsindəki balansı dəyişdirərək Xəzərin hidroloji sisteminə mənfi təsir göstərir.

Volqa çayı hövzəsinin kosmik monitorinqi

Kosmik texnologiyaların imkanlarından istifadə etməklə su resurslarının monitorinqi, çoxillik dinamikanın operativ şəkildə qiymətləndirilməsi mümkündür. Xüsusilə Coğrafi İnformasiya Sistemləri (CİS) və Məsafədən Müşahidə (MM) texnologiyalarında Süni İntellektin tətbiqi çay hövzələrinin daha dəqiq və səmərəli monitorinqinə şərait yaradır.

Tədqiqat üçün əsas məlumat mənbəyi olaraq Azersky və SPOT-6 peyklərinin təsvirləri ilə yanaşı, çay hövzəsi ərazisinin tam qiymətləndirilməsi üçün orta ayırdetməli Landsat və Sentinel peyk məlumatlarından da istifadə olunub. Təhlil üçün 2017 və 2025-ci illəri əhatə edən müvafiq dövrlər üçün peyk təsvirləri əldə edilib.

Əldə olunan peyk təsvirləri süni intellekt (Sİ) modeli əsasında emal edilib. 2017 və 2025-ci illər üçün süni intellekt modeli tərəfindən müəyyən edilmiş Volqa çayı hövzəsinin o cümlədən, hövzəyə aid Volqa və Kama çayları üzərində tikilmiş böyük su anbarlarının güzgü səthinin sahələri avtomatik olaraq hesablanıb və müqayisəli təhlil aparılıb.

Kosmik texnologiyaların tətbiqi su ehtiyatlarının uzunmüddətli dəyişikliklərinin izlənməsi və idarə olunması baxımından mühüm elmi və praktik əhəmiyyət kəsb edir. Coğrafi İnformasiya Sistemləri və Məsafədən Müşahidə üsullarına süni intellektin inteqrasiyası çay hövzələrində baş verən dəyişikliklərin daha dəqiq, operativ və sistemli şəkildə qiymətləndirilməsinə imkan yaradır. Peyk təsvirlərinin avtomatik emalı su anbarlarının səth sahələrinin illər üzrə müqayisəsini aparmağa, su balansındakı fərqləri müəyyənləşdirməyə və bu dəyişikliklərin Xəzərin səviyyəsinə təsirini obyektiv şəkildə qiymətləndirməyə şərait yaradır. Bu yanaşma su ehtiyatlarının idarə olunmasında innovativ və etibarlı mexanizm kimi çıxış edir.

Volqa çayı hövzəsində çayın aşağı axarlarının monitorinqi

Volqa çayı hövzəsinin aşağı axarlarında çayda suyun azalmasının peyk monitorinqi məqsədilə Volqoqrad şəhərindən çayın aşağı axarlarına doğru 50-200 km məsafədə ərazilər seçilib. Qeyd olunan istiqamətlərdə bütün çay boyu 2017-ci illə müqayisədə 2025-ci ilin analoji dövründə çayda suyun azalması müşahidə olunur.

Volqa çayının aşağı axarlarında aparılan peyk müşahidələri su ehtiyatlarının azalmasının real miqyasını və istiqamətini aydın şəkildə ortaya qoyur. Volqoqrad şəhərindən dənizə doğru uzanan ərazilərdə seçilmiş monitorinq zonalarının təhlili göstərir ki, son illərdə çayın səviyyəsində nəzərəçarpacaq dərəcədə enmə müşahidə olunur. Bu dəyişikliklər təkcə iqlim amilləri ilə deyil, həm də çay boyu intensiv suvarma, sənaye istifadəsi və digər antropogen təsirlərlə əlaqədardır. Peyk məlumatlarının müqayisəli analizi çay axınının zəifləməsinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Beləliklə, aparılan monitorinq Volqa hövzəsində su balansının pozulmasını və bu prosesin Xəzər dənizinə daxil olan su həcminə birbaşa təsirini elmi əsaslarla təsdiqləyir.

Su anbarlarının kosmik monitorinqi

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin sürətlə enməsi fonunda aparılan peyk monitorinqi digər maraqlı nəticələr ortaya qoyur. Xəzər dənizinin səviyyəsində 2017-ci ildən başlayaraq kəskin azalma tendensiyası nəzərə alınmaqla su anbarlarının 2017-2025-ci illər üzrə aparılmış peyk monitorinqi nəticələrinə əsasən, Volqa çayı hövzəsində yerləşən 13 su anbarının ümumi su səthi sahəsinin göstəriciləri əldə edilib.

Su anbarları üzrə göstəricilər

Məlum olur ki, anbarların ümumi sahəsində ciddi dəyişiklik müşahidə olunmayıb. Belə ki, son 8 il ərzində su səthi sahəsində azalma 1%-ə qədərdir. Hövzədə əkin sahələrinin son illər əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, hidrotexniki qurğular vasitəsilə su səviyyəsinin tənzimlənməsi nəticəsində (su anbarlarında su toplama prosesinin müddətinin artması və anbarlarda suyun daha uzun müddət saxlanılması) çayın orta illik su axınındakı azalmalar anbarların su səviyyəsində ciddi şəkildə dəyişikliyə səbəb olmayıb.

Bu nəticələr həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki Xəzərin səviyyəsinin enməsi gəmiçilikdən tutmuş neft-qaz hasilatına, turizmdən sənaye fəaliyyətinə qədər bir çox sahəyə birbaşa təsir göstərir. Buna görə də Volqa hövzəsindəki hidroloji vəziyyətin dəqiq izlənməsi və düzgün idarə edilməsi regionun su təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.

Əkin sahələrinin peyk monitorinqi

Son illərdə Volqa çayı hövzəsində əkin sahələrinin genişlənməsi və suvarma tələbatının artması Xəzər dənizinə çatan suyun azalmasında mühüm rol oynayır. Əkin sahələrinin dəyişiklik dinamikasının monitorinqi üçün 2017 və 2025-ci illəri əhatə edən müvafiq dövrlər üzrə peyk təsvirlərindən istifadə olunub.

Peyk təsvirlərinin süni intellekt texnologiyası ilə emalı Volqa çayı hövzəsində kənd təsərrüfatı sahələrinin son illərdə necə dəyişdiyini dəqiq göstərir.
Nəticələrə əsasən, hövzə ərazisində 2017-ci ildə 24 milyon ha olub, 2025-ci ildə isə 32 milyon ha-ya qədər artıb. Ümumi olaraq Volqa hövzəsi ərazisində əkilən torpaqların sahəsində 35%-dək əhəmiyyətli artım müşahidə olunub. İqlim dəyişikliyi var, havalar qızır, Urmiya gölü də quruyub, bunlar anlaşılandır. Amma monitorinq göstərir ki, Xəzərin suyunun azalmasında antropogen amillərin də rolu yüksəkdir. Volqa ətrafında son 8 ildə kənd təsərrüfatının suvarılmasına ayrılan su 35 faiz artıb. Bu o deməkdir ki, su suvarmaya yönəldilir.

Volqa hövzəsində əkin sahələri

Əkin torpaqlarının artım dinamikasını Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən (https://agronovosti.ru) təsdiqləmək mümkündür. Məlumata əsasən, 2024-cü ildə Volqa Federal Dairəsində (Volqa çayı hövzəsinin 80% əkin sahələri bu Dairədə yerləşir) əkin sahələrinin dinamikası ümumilikdə artım istiqamətində olub. 2024-cü ildə Volqa Federal Dairəsində 24.1 milyon ha əkin sahəsi qeydə alınıb.

Su səviyyəsinin ümumi vəziyyəti

Son illər Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalmanın əsas səbəblərindən biri də Volqa çayı hövzəsində baş verən hidroloji dəyişikliklərdir. Xəzərin əsas su mənbəyi olan Volqa çayında su səviyyəsinin illik dövrlər üzrə dəyişmə dinamikası bu prosesin miqyasını aydın şəkildə ortaya qoyur. Xüsusilə yaz daşqınları dövründə qeydə alınan maksimal səviyyələrin tədricən enməsi, həmçinin qış aylarında baza səviyyələrinin azalması çaydan dənizə axan su həcminin azaldığını göstərir. Peyk müşahidələri və hidroloji məlumatlar bu tendensiyanın artıq uzunmüddətli və davamlı xarakter aldığını sübut edir.

Hər il su səviyyəsi, əsasən, may-iyun aylarında maksimum həddə çatır. Bu, Volqa çayı hövzəsində qarın əriməsi və yaz daşqınları ilə bağlıdır. Yayın sonundan etibarən səviyyə kəskin azalır və sentyabr-mart aylarında aşağı səviyyədə qalır. Bu mövsümi dəyişmə bütün illər üzrə müşahidə olunur.

Ən yüksək səviyyə 2017-ci ildə (560 sm), 2018-ci ildə (586 sm) və 2020-ci ildə (551 sm) qeydə alınıb. Sonrakı illərdə yaz daşqınlarının maksimal səviyyəsi aşağı enib: 2023-cü ildə ~529 sm, 2025-ci ildə isə 444 sm olub. Bu, illik pik göstəricilərdə azalma tendensiyasını göstərir.

Volqa çayının Həştərxan hidropostunun lokal sıfır nişanına görə su səviyyəsi

Həm yaz daşqınlarının pik göstəricilərinin, həm də qış baza səviyyələrinin azalması Volqanın Xəzərə tökülən su həcminin azaldığını göstərir.

2017-2025-ci illərdə Volqa çayında həm yaz daşqınlarının pik səviyyələri, həm də qış baza səviyyələri davamlı şəkildə düşüb. Orta su səviyyəsi 100 sm-dək azalıb. Bu, birbaşa olaraq Xəzər dənizinin səviyyə azalmasına təsir göstərir.

Volqa çayı hövzəsində yağıntı dinamikası

Son 14 ilin iqlim məlumatlarına əsasən, Volqa çayı hövzəsində orta illik yağıntı miqdarı 583 mm təşkil edib. 2017-ci ildə yağıntı normadan 12.2% çox olub (654 mm). 2018-ci ildə isə göstərici normadan 12.2% az olub (512 mm). 2024-cü ildə orta illik yağıntının miqdarında 2017-ci ilə nisbətən 100 mm az və ya 15.3% azalma müşahidə olunur. Yağıntı göstəricilərində uzunmüddətli dövr üzrə azalma trendi müşahidə olunur. Belə ki, 2012, 2016, 2017 və 2022-ci illər nisbətən yüksək yağıntılı dövrlər olub, halbuki 2014, 2018 və 2024-cü illərdə yağıntı normadan xeyli aşağı düşüb. 2017-ci illə müqayisədə orta illik yağıntı 2024-cü ildə 100 mm az olub.

Ümumilikdə, məlumatlar göstərir ki, Volqa çayı hövzəsində yağıntı dəyişkənliyi mövsümi və illik miqyasda sabit deyil, həmçinin, azalma tendensiyası müşahidə olunmaqdadır.

Volqa hövzəsində orta illik yağıntının çoxillik dinamikası

Bununla belə, Volqa ətrafında su anbarları daim doludur. Halbuki yağıntının miqdarında 15.3% azalma var. Sual yaranır: Anbarlar nəyin hesabına dolur? Təbii ki, Volqadan ayrılan suyun hesabına. Buradan aydın olur ki, Volqadan təsərrüfat məqsədilə ayrılan suyun həcmi kəskin artırılıb, bu isə öz növbəsində Xəzərin qidalanmasında ciddi problemlərə səbəb olur.

Xəzər dənizindəki mövcud vəziyyət

Xəzər dənizinin ekoloji qiymətləndirilməsi məqsədilə son illər Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən həyata keçirilmiş monitorinqlərin nəticələri göstərir ki, 2002-2024-cü illərin avqust məlumatlarına əsasən, su səthinin temperaturunun 0.5-0.7 °C artması müşahidə olunub.

Xəzər dənizində su səthinin orta temperatur dəyişmələrin dinamikası

Xəzər dənizində aparılan müşahidələr həm fiziki, həm də bioloji göstəricilərdə nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini ortaya qoyur. İqlim istiləşməsi, yağıntıların azalması və çay axınlarının zəifləməsi dənizin termal və ekoloji rejiminə birbaşa təsir göstərir. Su səthinin orta temperatur göstəriciləri xüsusilə şimal hissədə daha həssas dəyişikliklərə məruz qalır, çünki bu ərazi Volqa çayının axını ilə sıx bağlıdır və həm hidroloji, həm də bioloji proseslərin formalaşmasında həlledici rol oynayır.

Xəzər dənizinin şimal hissəsində, adətən, yüksək xlorofil-a konsentrasiyası müşahidə olunur. Lakin son 10 illik göstəricilərə əsasən, Xəzər dənizində xlorofil konsentrasiyasında 30%-dən çox sahəvi azalmalar müşahidə olunur. Bu azalmanı Volqa çayı hövzəsindən Xəzər dənizinə daxil olan su həcminin düşməsi, nəticədə dənizə daxil olan çay gətirmələrinin azalması ilə əlaqələndirmək mümkündür.

Xəzər dənizində xlorofil konsentrasiyasının dəyişmə dinamikası

Xəzər Qazaxıstan sahilində 150 km, Azərbaycan sahilində 20 km çəkilib

Son otuz ildə Xəzər dənizində baş verən səviyyə dəyişiklikləri regionun ekoloji və coğrafi mənzərəsini nəzərəçarpacaq dərəcədə dəyişib. Baş vermiş dəyişikliklərin təsirlərinin qiymətləndirilməsi nəticəsində məlum olub ki, Xəzərin sahil xəttinin müxtəlif yerlərində dəniz suyunun qurumuş ərazilərinin sahəsi 33823 km-dir. Sahil xəttinin ən çox geri çəkilməsi 150 km olaraq Qazaxıstan sahilində qeydə alınıb. Azərbaycanın sahil zolağında isə 20 km məsafədə (Qızılağac qoruğu) dəniz suyunun çəkilməsi müşahidə olunub.

Qurumuş ərazilərin ölkələr üzrə sahəsi

NASA tərəfindən 1992-2024-cü illər ərzində peyk məlumatları əsasında apardığı hesablamalara əsasən Xəzər dənizində səviyyənin 2-dək metr azaldığı görünür. 2024-cü ilin dekabr ayında səviyyə -28.7 metr olub.

Peyk məlumatları əsasında Xəzər dənizinin orta səviyyəsinin dəyişməsi

Ərazidə aparılan müşahidələr və təhlillər, eyni zamanda “Azərkosmos”un qiymətləndirmə və monitorinqləri belə qənaətə gəlməyə əsas verir ki, Xəzərdə son illər baş verən dayazlaşma prosesinin kökündə Volqa çayından dənizə axıdılan suyun həcminin kəskin azalması durur. Problemin həllinə də məhz bu amilin aradan qaldırılması ilə başlamaq lazımdır.