Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb Hadisə

Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb

2025-cü ilin yanvar-sentyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6516 cinayət faktı aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 2052-si narkotik vasitələrin qanunsuz satışı, 4278-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kq 792,816 qramını marixuana, 273 kq 855,347 qramını heroin, 141 kq 301,479 qramını tiryək, 68 kq 378,638 qramını həşiş, 181 kq 045,961 qramını digər narkotik vasitələr və 128 kq 507,561 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 7527 ədəd metadon, 18918 ədəd çətənə bitkisi, 600 qr xaş-xaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.