

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.
Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.
Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.
Məlumata görə, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.
Mediada yayımlanan məlumatlarda Ramiz Mehdiyevin vəkili kimi yalnız Zaur Abıyevin adı bildirilir. APA-nın əldə etdiyi məlumata görə, Mehdiyevin bir yox, 3 vəkili var imiş. Beləliklə Mehdiyev özünə daha iki vəkil tutub. Hələlik digər iki vəkilin adı ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də Mehdiyev Ramiz Ənvər oğlu barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyevə DTX-də başlanmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.