Bakıda 3 nəfərin öldüyü binada yanğınla bağlı klinika direktoru saxlanılıb - YENİLƏNİB Hadisə

Bakıda 3 nəfərin öldüyü binada yanğınla bağlı klinika direktoru saxlanılıb - YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Bununla yanaşı, media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.

İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

***

saat 16.34

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə əlaqədar "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın xəbərinə görə, klinika həmin binanın zirzəmisində yerləşir.

Bəhruz Paşayev həmin binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürüb.

Fakt Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya təsdiq edilib.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.