Ruhları incitməyin... Hadisə

Ruhları incitməyin...

Arzu Şirinova

Zaman-zaman belə fikirlər səslənib, açıqlamalar verilib:"Cümhuriyyət qurucularının məzarı Azərbaycana gətirilməlidir". Əvvəllər mən də bu arzuda idim. Ancaq indi bu fikrin tamamilə əleyhinəyəm. Çünki Azərbaycan Cümhuriyyətinin qurucuları olan nə Məhəmməd Əmin Rəsulzadəyə, nə Fətəli Xan Xoyskiyə, nə Əlimərdan bəy Topçubaşova, nə Həsənbəy Ağayevə, nə Həsibbəy Yusifliyə, nə də bu qəbildən olan onlarca şəxsiyyətə lazımınca qiymət verilməyib...
Diqqətli oxucu yəqin xatırlayar ki, şəhərin bir neçə görkəmli yerində cümhuriyyətin qurucularına abidə qoyulması ilə bağlı dəfələrlə vədlər səsləndirilib. Daşların üzərinə abidə qoyulacağı ilə bağlı qeydlər həkk edilib. Ancaq sonradan hər şey yaddan çıxıb. Daşlar göyərib, ancaq abidənin ucaldılması reallaşmayıb. Sanki cümhuriyyət qurucularına qarşı bir ögeylik var. Bu insanları tanıtmağın nə ziyanı var ki? Əksinə, bunun Azərbaycana çox böyük xeyri olar. Çünki Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Həsib bəy Yusifbəylini, Ceyhun Hacıbəylini və bir çoxlarını tək Azərbaycanda yox, bütün dünyada tanıyırlar. Bu şəxsləri tanıyan dövlətlərdə isə istər-istəməz belə bir fikir formalaşır ki, bunlar niyə öz tarixlərinə bu qədər biganə yanaşırlar?
...Görürük ki, uçub-dağılmış bir park qısa müddət ərzində yüksək səviyyədə təmir edilir. Gözəl şəkildə bərpa edilərək ictimaiyyətin ixtiyarına verilir. Bəs elə isə nədən cümhuriyyətlə, onun qurucuları ilə bağlı abidəni qısa müddət ərzində ərsəyə gətirə bilmirik və yaxud istəmirik? Cümhuriyyət qurucularından birinə-Məhəmməd Əmin Rəsulzadəyə yalnız Hovxanıda abidə qoyulub ki, bu da yetərli sayıla bilməz. İnsanların heç çoxu bilmir ki, orada Məhəmməd Əminin abidəsi var. 20 ili tamam olmağa az qalıb ki, Bakı Dövlət Universitetinin üzərinə qara daşa yazılıb:"Burada Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulacaq, ancaq indiyə qədər bir xəbər yoxdur". Bütün bunlar cümhuriyyət qurucularına hörmətsizlik deyilmi?
Cümhuriyyət dövrünün bayrağı altından keçir, onun himnini səsləndiririksə, bu dövləti quranlara da hörmətlə yanaşmaq borcumuzdur. Kiçik və dar, çox adamın tanımadığı bir yerdə "İstiqlal bəyannaməsini" imzalayanlarla bağlı balaca bir adibə qoyulub. Ancaq orada da Məhəmməd Əminin adı yoxdur.
Ancaq Azərbaycandan fərqli olaraq qardaş Türkiyədə 28 may tarixi və bu tarixi yaradanlardan, həyatını həmin tarixə fəda edənlərdən birinə-Məhəmməd Əmin Rəsulzadəyə çox böyük önəm verilir. Dörd il bundan öncə mayın 28-də Rəsulzadənin Cəbəci Əsri məzarlığındakı qəbirüstü abidə kompleksinin açılışı oldu. Bu barədə məlumat verən qəbirüstü abidə kompleksinin layihəsinin müəllifi, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş katibi, Türkiyə Abidələr Dərnəyinin sənət məsələləri üzrə müşaviri Tuncər Kırhan bildirdi ki, bir neçə ildir Məhəmməd Əmin Rəsulzadənin qəbrini mavzoley halına gətirmək istəyirmişlər: "Türkiyə Abidələr Dərnəyinin maddi dəstəyilə hazırladığımız layihəni həyata keçirdik. Bilirsiniz ki, Abidələr Dərnəyinə uzun illər mərhum Mehmet Kəngərli başçılıq edib. 1918-ci ildə "İnsanlara hürriyyət, millətlərə istiqlal" deyən bir fenomenin müəllifi olan Məhəmməd Əmin Rəsulzadə Türk Dünyasında ölümsüzləşən insandır".
Bəli, ölümsüzləşən, bütün Türk Dünyasının örnək saydığı şəxsiyyətlərdən biri olan Məhəmməd Əmin Rəsulzadəyə Türkiyədə göstərilən münasibət və sayğı ortadadır. Və bu alqışlanasıdır. Bəs bizim yoxdan bir dövlət yaradan və onu dünyaya tanıtdıran, çox qısa müddət ərzində ordu quruculuğu ilə məşğul olub, ölkəsinin ərazi bütövlüyünü təmin edən, milli burjuaziyası olmayan bir ölkənin ayaq üstə durması üçün bütün sahələrdə azacıq da olsa uğur qazanan, dünyanın diqqətini çox qısa zamanda Azərbaycana yönəldən Məhəmməd Əmin Rəsulzadəyə və onun əqidədaşlarına münasibətimiz, sayğımız alqışa layiqdirmi? Əlbəttə ki, yox.
Əgər bu cür qürur duyulacaq tariximizi dünyaya yenidən təqdim etməyi, bu tarixi yaradanları layiq olduqları yüksəkliklərə qaldırmağı bacarmırıqsa, o zaman niyə bu insanların məzarlarını Azərbaycana gərtirməliyik? Onsuz da bu şəxsiyyətlərin ruhları narahatdır-onların təsəvvür etdiyi və görmək istədiyi demokratik cəmiyyəti qura, işğal altında olan 20 faiz torpağımızı azad etmək şərəfini hələ ki, yaşaya bilmirik...