Hərbi Prokurorluq bir sıra cinayətlərdə ittiham olunan komandir barədə qərardan şikayət verib Hadisə

Hərbi Prokurorluq bir sıra cinayətlərdə ittiham olunan komandir barədə qərardan şikayət verib

Biləsuvarda əsgər ölümü ilə bağlı təqsirləndirilərək saxlanılan Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin sabiq komandiri Mahmud Səfəralıyev barəsində qərar verilib.

APA xəbər verir ki, bu barədə Cəlilabad Hərbi Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, onunla bağlı qətimkan təqdbirinin seçilməsi barədə Hərbi Prokurorluğun təqdimatı təmin edilməyib.

İttihama görə, Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb. H.H. bu il noyabrın 15-də intihar edib.

Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.

Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.

Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.