AMEA rəhbəri: Prezidentin dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər akademik qurumlar qarşısında mühüm vəzifələr qoyur Hadisə

AMEA rəhbəri: Prezidentin dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər akademik qurumlar qarşısında mühüm vəzifələr qoyur

Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ana dili və dövlət dili siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli dekabrın 8-də parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Akademik bildirib ki, Prezidentin AMEA-nın yubiley yığıncağındakı parlaq çıxışında ana dilimizlə, dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər həm cəmiyyətimizin müxtəlif təbəqələrini, xalqımızı düşündürən mühüm məsələlərdir, həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısının “biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikirləri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir.

AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında beynəlxalq leksikonda yer alan və dünyada qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan dilinə gətirilməsini “ya səhv, ya təxribat və ümumiyyətlə, qəbuledilməz” kimi qiymətləndirib. Akademikin fikrincə, bu mövqe Azərbaycan alimləri, tədqiqatçıları, müəllimləri və ziyalıları üçün dilin qorunması istiqamətində aydın çağırışdır.

İsa Həbibbəyli əlavə edib ki, müasir inkişaf etmiş dillər beynəlxalq terminləri mənimsəməklə yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşdirilən dillərdir.