Vladanka Andreeva: Ümid edirəm, mediada əlilliyi olan şəxslərin təqdim olunma tərzində müsbət yanaşma görəcəyik Hadisə

Vladanka Andreeva: Ümid edirəm, mediada əlilliyi olan şəxslərin təqdim olunma tərzində müsbət yanaşma görəcəyik

"Əlilliyi olan şəxslərə münasibətdə və onların təqdim olunma tərzində müsbət irəliləyişlər var".

APA xəbər verir ki, bunu “Mediada inklüziv dildən istifadənin təşviqi” adlı seminarda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.

Təmsil etdiyi qurumun yerli tərəfdaşları ilə birgə əlilliyi olan şəxslərin hər birinə öz potensiallarını tam şəkildə reallaşdırmaları üçün imkanların yaradılmasına çalışdıqlarını qeyd edən Vladanka Andreyeva səylərinin artıq müsbət nəticə verdiyini bildirib:

"Hətta öz ofislərimiz belə əvvəl əlilliyi olanlar üçün tam əlçatan deyildi, amma biz bunu dəyişdik. İndi komandamın tərkibində əlilliyi olan həmkarlarımız var".

BMT təmsilçisi media üçün təşkil etdikləri seminarın məqsədinin jurnalistlər arasında əlilliyi olan şəxslərlə bağlı hekayələrin ləyaqət, bərabərlik və şəxsiyyəti əks etdirməsini təşviq etmək olduğunu bildirib.

"Bugünkü seminarda media nümayəndələri iştirak edir və biz inklüziv dilin nə demək olduğunu izah edən nümunəvi təhlillər aparacağıq. Ümid edirəm ki, bundan sonra mediada əlilliyi olan şəxslərin təqdim olunma tərzində fərqli və daha müsbət bir yanaşma görəcəyik. Bu da cəmiyyətin onları necə qəbul etməsinə və necə dəstəkləməsinə birbaşa təsir göstərəcək", - o vurğulayıb.