12:39
553
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası 8 yanvara təyin edilib.
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib.
İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
Qeyd edək ki, ehtiyatda olan mayor Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyata buraxılıb.