12:41
546
"Xarici İşlər Nazirliyinin köməyi olmasa idi, oğlumun nəşini İrandan ala bilməzdim".
Bunu APA-nın cənub bürosuna Xəzərin İran sahilində meyiti tapılan Turan Həsənovun atası Eyvaz Həsənov deyib.
Eyvaz Həsənov bildirib ki, o, İran tərəfdə 12 gün qalıb və oğlunun meyitini əzab-əziyyətlə, xarici işlər naziri Ceyhun Bayramovun köməyi, dəstəyi ilə Azərbaycana gətirə bilib: “İran tərəfindən bizə məlumat verildi ki, oğlum tapılıb. Çəkiliş edib atdılar bizə. Baxdıq, təsdiqləndi ki, həqiqətən oğlumdur. Mən getdim ora, 12 gün qaldım. Çox incitdilər məni orda, cəsədi vermirdilər. Xarici İşlər Nazirliyinin köməkliyi ilə ala bildim. Sağ olsun xarici işlər naziri cənab Ceyhun Bayramov. Onun köməkliyi ilə, onun vasitəsilə verdilər meyiti. Meyiti verməmələrinin səbəbi barədə deyirdilər ki, guya bizim tərəfdən şikayət olunub ki, sağ-salamat ora çıxıb, onlar tərəfindən öldürülüb. Amma mən də, yoldaşım da təsdiq etdik ki, həqiqətən də iki əmioğlu Həsənov Ağadədə və Həsənov Turan balıq ovuna gediblər. Mən notariat qaydada təsdiq etdim ki, İran dövlətindən şikayətim yoxdur, notariat da onu təsdiq elədi. Təsdiq olunan sənədlər ora göndərdim. O kağızlar da onlarda idi. Dedilər gəlin cəsədi veririk, vermədilər. Başladılar müxtəlif bəhanələr gətirməyə. Uşağı belə zülmlə verdilər. XİN-nin dəstəyi köməyi olmadan heç cür ala bilməzdim uşağı onlardan. Sağ olsun dövlətim, sağ olsun mənim xalqım, onların dəstəyi ilə öz uşağımı gətirdim vətənimə”.
Qeyd edək ki, itkin düşmüş digər balıqçı Ağadədə Həsənovun meyiti isə dekabrın 19-da Xəzər dənizinin Astara rayonu ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.