Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Hadisə

Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ötən il Azərbaycanda gömrük orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 97 fakt aşkar edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu faktlar üzrə, ümumilikdə 1 ton 824 kq 453 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar edilən narkotiklərin 1 ton 274 kq 889 qramını marixuana, 451 kq 012 qramını heroin, 86 kq 522 qramını həşiş, 10 kq 867 qramını metamfetamin, 584 qramını metadon, 211 qramını tiryək, 154 qramını kokain və digər maddələr təşkil edib.

Qeyd edək ki, qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 97.1%-i Azərbaycan ərazisindən tranzit yolla keçirilməklə Avropanın qara bazarlarına çıxarılması üçün nəzərdə tutulurdu.

Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 95 nəfər barəsində müvafiq tədbir görülüb, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 cinayətkar dəstə ifşa edilib.

Eyni zamanda,105 cinayət işi üzrə gömrük orqanları tərəfindən müxtəlif illərdə qanunsuz dövriyyədən götürülmüş və barələrində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş, ümumilikdə 6 ton 715 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr yandırılmaqla məhv edilib.