11:26
602
İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.
APA xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyinin, Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, hərbçilər, Milli Qəhrəmanın döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Qeyd edək ki, Şahin Tağıyev ötən il 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün Azərbaycana gətirilib.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.
O, 2001-ci ildə Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.





