
Qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərdən biri də su qıtlığıdır. Ekspertlərin hesablamalarına görə, yaxın 20 ildə bir sıra ölkələr su stressi yaşayacaq. Bu ölkələr sırasında Azərbaycan da var. Əsas içməli su mənbələri transsərhəd çaylardan formalaşan ölkəmizdə səmərəli su idarəetməsinə keçid günün aktual məsələsinə çevrilib. Xüsusən yay aylarında iri şəhərlərdə yaranan su çatışmazlığı ictimaiyyəti və dövlət qurumlarını ciddi şəkildə narahat edir.
Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə paytaxtın içməli su problemi necə həll ediləcək? Buzovna bələdiyyəsi sədrinin müavini, vətəndaş cəmiyyəti fəalı Təbriz Ağayev açıqlamasında bildirib ki, içməli su resurslarının azalması qlobal iqlim dəyişikliyinin nəticəsi olsa da, su mənbələrinin azalmasında antropogen faktorların da rolu var.
Onun sözlərinə görə, son illər Bakıda və bütövlükdə ölkədə və su idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı sanballı layihələr icra olunur.
“Bakı və Abşeron yarımadasında su təchizatı, yağış suları və tullantı sularının idarə olunması üzrə 2026–2035-ci illər üçün Dövlət Proqramı təsdiqlənib. Bu proqramın əsas məqsədi fasiləsiz içməli su təchizatını artırmaq, yeni su anbarlarının tikintisi, su itkilərinin azaldılması üçün şəbəkələrin modernləşdirilməsi, kanalizasiya və yağış suyu sistemlərinin təkmilləşdirilməsi və s.-dir. Son 20 il ərzində potensialı 500 milyon kubmetrdən çox olan 4 böyük su anbarı tikilib. Xüsusilə Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi ölkənin və paytaxtın su təchizatında böyük əhəmiyyətli layihələrdən olub. Sözügedən su anbarlarının tikintisi Bakının, Qərb bölgələrinin su təchizatında yaranmış çətinlikləri aradan qaldırıb. Taxtakörpü su anbarının inşası Samur çayından gələn axının Ceyranbatan su anbarına toplanmasına, nəticədə içməli su ehtiyatının yaranmasına imkan yaradıb. Uzun illərdir istismarda olan Ceyranbatan su anbarı da yenidən qurulub, orada müasir təmizləyici qurğular inşa edilib”-deyə, o, bildirib.
Ekspert paytaxt Bakının içməli su təchizatını yaxşılaşdırmaq üçün görülməli işlərdən də danışıb: “Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır. Bu layihə imkan verəcək ki, Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edək. Dünyanın bir sıra ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, ABŞ, İspaniya, İsrail və Yaponiya dəniz suyunun duzsuzlaşdırılması sahəsində böyük təcrübə əldə etmişlər. Qabaqcıl beynəlxalq təcrübənin köməyi ilə biz də bu sahədə uğurlar qazana bilərik”.
T.Ağayev hesab edir ki, yağış suyunun depolanması və yaşıllaşdırmada istifadəsi də günün vacib tələbidir: “Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə suya qənaət və su ehtiyatlarının səmərəli idarə olunması əsas məqsədlərdən olmalıdır. Yaranan su qıtlığı yağış sularının toplanması və səmərəli istifadəsini zəruri edir. Yağış suyunun depolanması ilə həm içməli suya qənaətə, həm də yaşıllaşdırma işlərinin davamlılığını təmin etməyə imkan verir. Bu üsul həm təbiətin qorunmasına, həm də gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına xidmət edir. Məişət sularının təmizlənərək yenidən faydalı məqsədlər üçün istifadəsi günümüzün aktual məsələlədirdəndir. Bu suların təmizlənməsi həm ətraf mühitin qorunmasına töhfə verir, həm də içməli suya qənaətə imkan verir”.
Ağıllı su strategiyasının tətbiq olunmasını vacib sayan T.Ağayev deyib ki, yeni mərhələdə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür: “Bələdiyyələr vətəndaşlarla, özəl sektorla sıx işləməlidir. Səmərəli su idarəetməsi ilə bağlı ciddi maarifləndirmə işlərinə ehtiyac var. Suya qənaətlə bağlı maarifləndirici kampaniyalar keçirilməlidir. İnsanlar dərk etməlidir ki, həqiqətən vəziyyət ciddidir və hər damlanın qədrini bilməliyik. Bir damcı su belə boşuna axmamalıdır. Suya qənaət hər bir vətəndaşın birinci vəzifəsi olmalıdır. Yerli idarəetmə qurumları, səlahiyyətli orqanlar sakinlərə birgə çalışmalı, köhnə su xətləri mərhələli şəkildə yenilənməli, sızmaların aşkarlanması üçün monitorinq sistemləri qurulmalıdır. “Ağıllı sayğac”ların tətbiqi genişlənməli, qeyri-qanuni qoşulmaların qarşısı alınmalı, binalarda yağış suyu çənlərinin quraşdırılması təşviq edilməlidir, küçə drenaj sistemləri yenilənməlidir. Park və yaşıllıqların suvarılmasında yağış suyundan istifadə təcrübəsi genişlənməlidir”.