Avropa İttifaqı: Bakıda avtomobillər artır, mütləq tədbirlər görülməlidir Hadisə

Avropa İttifaqı: Bakıda avtomobillər artır, mütləq tədbirlər görülməlidir

Avropa İttifaqı (AI) və Azərbaycan birlikdə çalışaraq ölkəmizin şəhərlərinin aşağı karbonlu, dayanıqlı və gələcək nəsillər üçün yaşana bilən olmasını təmin edə bilər.

"APA-Economics" xəbər verir ki, bunu "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib.

"Merlər Razılaşması şəhərlərə liderlik etmək, iqlim hədəfləri götürmək və milli məqsədləri yerli səviyyədə real tədbirlərə çevirmək üçün güclü çərçivə təqdim edir. Bu təşəbbüsə qoşulan bələdiyyələr könüllü olaraq istixana qazı emissiyalarının azaldılması, iqlim dayanıqlığının artırılması, enerji səmərəliliyinin və davamlılığın gücləndirilməsi öhdəliyini götürürlər. Bu, təkcə siyasi bəyanat deyil, eyni zamanda konkret yol xəritəsinə və məlumatlara əsaslanan praktik bir yanaşmadır. Enerji sektoru emissiyaların əsas mənbəyi olmaqla yanaşı, dəyişiklik üçün də ən böyük imkanları təqdim edir. Əsas prioritetlərə ictimai binalarda, məktəblərdə, xəstəxanalarda və yaşayış evlərində enerji səmərəliliyinin artırılması, xüsusilə bələdiyyə infrastrukturunda günəş və külək kimi bərpa olunan enerji mənbələrinin təşviqi, yerli enerji paylama sistemlərində itkilərin azaldılması daxildir", - səfir qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq nə uzaq gələcəyin problemi, nə də yalnız qlobal səviyyəli məsələdir.

Mariyana Kuyundziç onu da əlavə edib ki, enerji səmərəliliyi yalnız iqlim üçün faydalı deyil, bu, bələdiyyə xərclərini azaldır, enerji təhlükəsizliyini artırır və ev təsərrüfatlarının kommunal xərclərini aşağı salır.

"Binalar şəhərlərdə enerji istehlakının böyük hissəsini təşkil edir. Köhnə binaların istilik izolyasiyası və yenilənməsi, enerjiyə qənaət edən işıqlandırma və istilik sistemləri, eləcə də ağıllı şəhərsalma yanaşmaları enerji tələbatını azaldır, yaşayış rahatlığını, sağlamlığı və həyat keyfiyyətini yüksəldir. Nəqliyyat sektoru da emissiyaların artmasına ciddi təsir göstərir. Əhalinin artması, ictimai nəqliyyatdan istifadənin çoxalması və eyni zamanda avtomobillərin sayının sürətlə artması bu sahədə problemi daha da kəskinləşdirir. Məsələn, Bakıda son illərdə avtomobillərin sayının 20–30 faiz artdığı qeyd olunur. Bu, Avropanın bir çox şəhərlərində də müşahidə olunan tendensiyadır və mütləq tədbirlər görülməlidir", - səfir vurğulayıb.