Təmir üçün lazım olan material 1 ay gec ayrıldı - "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmə Hadisə

Təmir üçün lazım olan material 1 ay gec ayrıldı - "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmə

Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün “Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək ölməsi faktı üzrə başlanmış cinayət işi ilə bağlı ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsinin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi-anası Fəridə Abbasova ifadə verib. O bildirib ki, hadisə baş verən günü oğlunu mağazaya göndərib: "İyunun 26-sı qeyri-iş günü olduğu üçün evdə idi. Dedim ki, get mayonez al mağazadan. Axşam saat 9-a, namaz vaxtına qədər gəlmədi. Xasiyyəti elə idi ki, harasa getmədən öncə xəbər verərdi. Narahat oldum. Zəng elədim, telefonuna zəng çatmadı. Mesaj yazdım baxmadı. Haradasa 100 dəfə zəng etmişdim. Qızıma dedim ki, əmisi oğlundan Cümşüdün dostlarının nömrəsini al, onlardan soruş bəlkə onlarladı. Heç birinin məlumatı olmadı. Gecə saat 12-də "102"yə zəng etdim. İrad bildirdilər ki, niyə indiyə qədər zəng etməmişəm. O zaman anladım ki, nəsə baş verib. Səhər saat 5 radələrində yenidən zəng etdim və məni Binəqədi Polis İdarəsinə yönləndirdilər. Test verdim. Sonra məni Nərimanov Rayon Prokurorluğuna yönləndirdilər. Çatanda ağlaşmanı görüb hadisəni anladım. Hadisə yerində axtarışa 60-70 işçi, texnika göndərmişdilər. Meyiti tapılandan sonra dəfn olundu”.

Prosesin davamında Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində ifadə verib. O, bildirib ki, istintaqa verdiyi ifadəni oxumadan imzalayıb: "Azər Cümşüdov ifadəmi mənə göstərdi. Gördüm ki, dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm".

Dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan? Müstəntiq sənə belə deməyib ki".

Şahid 3 saat gözləyib yorulduğu üçün belə bir addım atdığını deyib. O, ifadəsinin davamında əlavə edib ki, Azər Cümşüdovu çöküntü olan əraziyə o göndərib: "Bizə ərazidə çöküntü ilə bağlı məlumat daxil oldu. Azərin komandasını göndərdim ki, vəziyyətə baxsınlar. Baxıb mənə protokolu göndərdilər. Daha sonra ərazini təhlükəsizlik işarələri ilə bağlayıb mənə şəkillərini göndərdilər. Hüquqşünasımız orada yerləşən mağazalara da xəbərdarlıq etdi. Həmin işarələrə nəzarət Azər Cümşüdovun işi deyildi. İstəsə də edə bilməzdi. İdarə rəsinin müavini şahid qismində gələcək, ora nəzarətlə bağlı sualları o cavablandıra bilər".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, hadisədə günahkar Azər Cümşüdov deyil: "Cümşüd Cümşüdlü, gəlib ora düşüb, bu, qismətdir. Heç kim bunu təxmin edə bilməzdi. Bu, başqası da ola bilərdi. O ki, qaldı günahkar kimdir sualına, günahkar o işarələri oradan götürənlərdir".

Zərərçəkənin vəkili şahiddən həmin ərazidə niyə təmir aparılmadığını soruşub. Şahid bildirib ki, təmir üçün lazım olan material 1 ay gec ayrılıb. Material olmadığı üçün də təmir aparıla bilməyib.

Növbəti proses martın 3-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.