FHN əməkdaşı: Azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları 3 üsulla aparılır Hadisə

FHN əməkdaşı: Azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları 3 üsulla aparılır

“İşğaldan azad edilmiş ərazilərdə baş tutan minatəmizləmə əməliyyatları kənd və qəsəbələrdə, su hövzələrinin ətraf ərazilərində aparılıb”.

Bu sözləri APA-ya açıqlamasında FHN-in minatəmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Alıyev deyib.

“Qarşımıza qoyulan tapşırıqların bir hissəsini yerinə yetirmişik. Hazırda Ağdam rayonu ərazisində minatəmizləmə işləri aparırıq. Burada digər ərazilərdə olduğu kimi, minalardan və partlamamış hərbi sursatlardan çirklənmiş xeyli ərazi var. Qruplarımız mexaniki, əllə təmizləmə və eyni zamanda itlərlə minatəmizləmə qruplarından təşkil edilib. Hazırda dayandığımız yer minaların toplanma məntəqəsidir. Gördüyünüz kimi burda da piyada əleyhinə minalar və eyni zamanda partlamamış sursatlar toplanıb”.

Onun sözlərinə görə, qruplar xaricdə təhsil alıb, eyni zamanda ölkəmizdə akkreditasiyadan keçmiş minatəmizləmə üzrə mütəxəssisləri əhatə edir: “Bütün əməliyyatlarımız sürətlə və tam dəqiqliklə hıyata keçirilir”.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Şəmistan Əlizadə isə APA-ya qeyd edib ki, minatəmizləmə əməliyyatları bir - birinə paralel şəkildə, 3 üsulla aparılır: “Minatəmizləmə əməliyyatları əllə, kinoloji və GCS 200 markalı məsafədən idarəolunan mexaniki minatəmizləmə vasitələrilə həyata keçirilir. Mexaniki minatəmizləmə vasitələri şəxsi heyətin təhlükəsizliyini təmin etməklə yanaşı, işin sürətini və keyfiyyətini artıran əsas amillərdən biridir. Mexaniki minatəmizləmə vasitəsi Fleyer və Tiller adlı əsas iki qoşqudan ibarətdir”.

Şəmistan Əlizadə qeyd edib ki, hər iki qoşqu, piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub: “Fleyer qoşqusu bərk torpaq, çınqıllı, daşlı ərazilərdə, Tiller qoşqusu isə bitki örtüklərinin sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Onu da qeyd edim ki, mexaniki minatəmizləmə vasitəsi yerin relyefindən asılı olaraq saatda 750 - 1500 kv metr ərazini təmizləmə gücündədir".

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Şəmistan Əlizadə