“TikTok”da tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb - VİDEO Hadisə

“TikTok”da tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb - VİDEO

Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.