
XIII Bakı Qlobal Forumu çərçivəsində “Danışıqların o tərəfində: COP-u canlı saxlamaq mübarizəsi” adlı panel müzakirəsi keçirilib.
APA xəbər verir ki, panel iştirakçıları arasında COP konfranslarının əhəmiyyəti, indiyə qədər verilən qərarlar, iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təkliflər, ölkələrarası əməkdaşlıq perspektivləri və digər əlaqəli məsələlər müzakirə olunub.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri; COP31-in təyin olunmuş prezidenti Murat Kurum ölkəsinin COP31-ə ev sahibliyi edəcək ölkə mövqeyində görüləcək işlər haqqında danışıb. O, bu konfransın yalnız qərar və müzakirə yığıncağı yox, həm də bu qərar və müzakirələrin əməli addımlarla həyata keçirilməsini təmin edən beynəlxalq bir tədbir olacağını diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti, Azərbaycanın sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qlobal iqlim maliyyəsi və COP qərarlarının icrası ilə bağlı problemlərdən danışıb.
O qeyd edib ki, bəzi ölkələr artıq iqlimlə bağlı öhdəliklərdən geri çəkildiklərini bildirirlər və daha çox müdafiə-təhlükəsizlik sahələrinə investisiya qoyurlar.
Mərakeşin sabiq xarici işlər və əməkdaşlıq naziri, COP22-nin prezidenti Salaheddine Mezouar parçalanmış qlobal nizamda COP konfranslarını “ölkələrin birləşdirən ən son ümumbəşəri platforma” adlandırıb və iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətini sürətləndirməyə çağırıb.
COP24-ün prezidenti; Polşanın İqlim və Ətraf Mühit naziri Michal Kurtyka iqlim siyasətində gələcəyə yönəlmiş yanaşmanın vacibliyindən və ölkələr arasındakı fikir ayrılıqlarından danışıb.
“Əgər iqlim problemlərinə kompleks və geniş strategiya ilə yanaşılmasa, gələcəkdə vəziyyət daha fərqli və çətin istiqamətdə inkişaf edə bilər”,- Kurtyka vurğulayıb.
O əlavə edib ki, yalnız keçmiş problemləri müzakirə etməməli, daha çox yeni texnologiyalar, innovativ həllər, dayanıqlı inkişaf yolları haqqında danışmalıdır.
Polşalı nümayəndənin fikrincə, inkişaf etmiş ölkələr (qlobal Şimal) ilə inkişaf etməkdə olan ölkələr (qlobal Cənub) arasında iqlim siyasəti və maliyyə məsələlərində fikir ayrılıqları mövcuddur.
Misirin sabiq xarici işlər naziri, COP27-nin prezidenti Sameh Şukri və Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov da iqlim məsələlərində öz fikirlərini bildiriblər.
“Vital Voices Global Partnerships” təşkilatında “İqlim Ədaləti Proqramı”nın rəhbəri, “Women in Africa Initiative” təşkilatının prezidenti Hafsat Abiola Afrikanın iqlim məsələlərində beynəlxalq ictimaiyyətdən geri qalmamalı olduğunu qeyd edib və bu sahədə özünün Efiopiyada gördüyü işlər ətrafında bəhs edib.