Cəbrayılda Ramazan və Novruz bayramları münasibəti ilə konsert keçirilib Hadisə

Cəbrayılda Ramazan və Novruz bayramları münasibəti ilə konsert keçirilib

Martın 21-də Cəbrayıl rayonunda Ramazan və Novruz bayramları münasibəti ilə geniş bayram konserti keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bayram konsertində bir sıra tanınmış sənət adamları iştirak edərək rəngarəng ifaları, çıxışları ilə xoş ovqat yaradıblar.

Şənlikdə folklorumuzun qədim ənənələrini əks etdirən müxtəlif el oyunları, səhnəciklər təqdim olunub, bayram atributları ilə bəzədilmiş fayton və atlıların müşayiəti ilə meydana təşrif edən Dədə Qorqud, şah, vəzir, cəllad obrazında aktyorlar, ozanlar çıxış edərək tamaşaçılara xoş əhval bəxş ediblər.

Hazırda Cəbrayıl şəhərində yaşayan rayon sakini Elçin Mikayılovun təşkilatçılığı və şəxsi təşəbbüsü sayəsində baş tutan şənlikdə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Fərzalı Abbasəlioğlu, Əməkdar artist Sevinc Sarıyeva, qarmon ifaçısı Rəhman Cəbrayıllı, kaman ifaçısı Xətayə Cəfərova, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Natiq Həziyev, xanəndə Xasay Şıxıyev, IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyliyev, saz ifaçısı Rəvan Musalı, Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin kollektivi və başqaları iştirak ediblər.

Axşam saatlarına qədər davam edən bayram şənliyi Novruzun əlaməti hesab olunan tonqalların qalanması, atəşfəşanlıq və milli musiqlərin sədası altında başa çatıb.