Hansı əmanətlər geri qaytarılmır? Hadisə

Hansı əmanətlər geri qaytarılmır?

Müflis banklar qorunmayan əmanətlərə görə məsuliyyət daşıyırlar

Lisenziyası geri alınaraq ləğv edilən banklardakı əmanətlərin geri qaytarılması müşkül məsələyə çevrilib. Çünki, belə halda Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. İndiyə qədər müflis olan banklarda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır. Odur ki, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var. Məlumata görə, müflis olmuş "Dəmirbank"da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur. İqtisadçı ekspert Vüqar Bayramov bldirib ki, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müflis olmaqla, "məsələni bağlayırlar". Halbuki, bank həmin pullardan faydalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır. Belə halların qarşısını almaq məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır: "Müraciətlər göstərir ki, "Dəmirbank"dakı 28.3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın 2-dən öncə bankda sığortalanan depozit kimi yerləşdirilən vəsaitlərdir. Bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi: "Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə, 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilər yeni müqavilənin bağlanması üçün müraciət etmədiyi üçün depozitlər müqavilə avtomatik olaraq ya eyni şərtlər ilə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb. Belə ki, əksər depozit anlaşmalarına əsasən müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır. Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faizlə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlərlə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib. Nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb. Bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil. Bu baxımdan da, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda əgər gələcəkdə bank müflis olarsa həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər". Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi məsələsinə toxunan ekspert qeyd edib ki, uçot stavkasının azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq: "Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər. Uçot stavkasının azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş Sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasına baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar". Ekspert onu da qeyd edib ki, neftin qiymətinin enməsi digər vakyutalarla müqayisədə dolların möhkəmlənməsinə səbəb ols bilər: "Bir müddət öncə brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşdı. 70 dollarlıq psixoloji həddi keçən "qara qızıl" yenidən dəyər itirməkdədir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. Əvvəllər də, qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi. Bəzi valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır. Bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir. Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa investorların bir qisminin sərmayələrini digər valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər".