Polis və ictimaiyyət – Etimad, inam, nöqsanlar... Hadisə

Polis və ictimaiyyət – Etimad, inam, nöqsanlar...

Azərbaycan ictimaiyyətində belə bir deyim var: "Mənim polisim məni qoruyur". Biz bu deyimin nə qədər real olduğunu polisin fəaliyyətində, ictimaiyyətdə tutduğu mövqeyində görə bilərik. Azərbaycan polisi daha çox ictimaiyyətdə əzmkarlığı, fədəkarlığı, mərdliyi ilə yadda qalıb.
Azərbaycan polisinin gücü, sayıqlığı, qəhrəmanlığı, rəşadəti və üstəgəl ictimaiyyətlə münasibətlərinin şəffaflığı ona olan inamı, etibarı möhkəmləndirib.
Qeyd edək ki, Azərbaycanda polis – ictimaiyyət münasibətləri qarşılıqlı hörmət, inam və dialoq prinsipi üzərində qurulub. DİN qapılarını insanların ali hakimiyyət orqanlarına seçdikləri nümayəndələrinə, insan hüquqları müvəkkilinə, KİV və müxtəlif QHT-lərə, bir sözlə ictimaiyyətin bütün nümayəndələrinin üzünə açıb. Bundan irəli gəlir ki, polisin özü də cəmiyyətin diqqəti və qayğısı ilə əhatə olunduğunu hiss edir.
***
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun sədrlik etdiyi Kollegiya iclasının 20.04.2016 tarixli qərarı ilə ictimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili qaydası təsdiq edilib.
Görülən işlər çərçivəsində polis sahə inspektorlarının fəaliyyətinin də səmərəsinin artırılmasına zərurət yarandığından cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi işində onların rolunun artırılması məsələsi diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun mütəmadi olaraq rayonlarda ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirməsi, onları dinləməsi, ortaya çıxan problemləri yerindəcə həll olunmasına göstəriş verməsi əhalinin polisə olan inamını daha da möhkəmləndirib.
***
2007-ci ildən başlayaraq paytaxtın, respublikanın müxtəlif şəhər və rayon polis orqanlarında "İctimai polis" şərti adı altında layihənin həyata keçirilməsinə başlanılıb. İnzibati ərazi rəislərinin fəaliyyətinin effektivliyinin artırılmasına yönələn normativ hüquqi baza yaradılıb, inzibati ərizələrin, orada fəaliyyət göstərəcək İctimai şuranın vəzifə və funksiyalarının, strukturunun, hüquqi statusunun müəyyənləşdirilməsi məqsədi ilə daxili işlər nazirinin müvafiq əmri ilə "İnzibati ərazi haqqında" və "Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında" əsasnamələr təsdiq edilib. Yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri ilə işgüzar əlaqələr qurulub, təhsil, səhiyyə orqanlarında, idarə və müəssisələrdə, eləcə də inzibati ərazilərdə əhali ilə görüşlər keçirilib, layihənin məram və məqsədi barədə onlara ətraflı məlumatlar verilib.
"Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, "polisə ictimai dəstək" polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcək.
Ekspert deyib ki, 2016-cı ildə prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, vətəndaşlar polislə əməkdaşlıq etməlidir.
Ekspertin sözlərinə görə, ATƏT-in Bakı Ofisinin və Daxili İşlər Nazirliyin apardığı araşdırmalar, təhqiqatlarda sübut olunur ki, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin təminatında vətəndaşların da dəstəyi olması öz səmərəsini verir. Bu baxımdan "polisə ictimai dəstək" xidmətinin yaradılması əhəmiyyətlidir.
Bundan başqa polisin müxtəlif QHT və dövlət qurumları ilə birgə regionlarda keçirdiyi "Cəmiyyət dəstəkli polis", "Polis və media: Əməkdaşlığın tənzimlənməsi", "Polis və jurnalist münasibətləri" və digər tədbirlər də polis-ictimaiyyət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
***
Vətəndaşlarla münasibətlərin daha da genişlənməsinə xidmət edən vasitələrdən biri də polis orqanlarında "102 zəng xidməti" və "152" qaynar xətt xidmətinin fəaliyyətə başlaması olub. Bu xidmətlərə respublika ərazisində vətəndaşları narahat edən, gördükləri, şahidi olduqları hüquq pozuntuları barədə birbaşa polis orqanlarına məlumat verməyə imkan yaradır. Bu zaman həmin müraciətlərə polis tərəfindən operativ reaksiya verilir.
Nazirliyin veb-saytına birbaşa elektron müraciətlər də mövcuddur ki, orada vətəndaşlar polisin fəaliyyətinə aid və aid olmayan müxtəlif məsələlərlə bağlı birbaşa müraciət edə bilərlər. Bu müraciətlərə də yazılı cavablar verilir.
Bundan başqa ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb.
Səhifədə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır. Polisə edilən minlərlə təşəkkür məktubundan bu aydın görünür.
Polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edən KİV-lərdən Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilən "Polis" və DİN tərəfindən 1933-cü ildə təsis edilən "Mübariz keşikdə" qəzetlərinin fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.
***
İctimaiyyətin polisə olan inamı həm də onun qorxmazlığıdır, hər birimiz üçün həyatını təhlükəyə atmasıdır. Polis əməkdaşları müxtəlif fövqəladə hadisələrdə bizim həyatımızı təhlükələrdən qurtarıb.
Məsələn, bu ilin fevralında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binada baş verən yanğın hadisəsində Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədlinin həyatlarını təhlükəyə ataraq köməksiz vəziyyətdə qalan 3 uşağı xilas etdiyi, ötən ilin iyulunda Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində baş verən yanğın zamanı mənzildə alovun içində huşlarını itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas edən iki polis əməkdaşının zəhərləndiyi... və onlarla belə hadisələr "Mənim polisim məni qoruyur" deyiminin real olduğunu isbatlayır.
***
Amma o da bir reallıqdır ki, bəzən polis kobudluğu ilə özünü ictimaiyyətin gözündə nüfuzdan salır. Bu hal daha çox yol polisi ilə sürücülər arasında baş verir.
Əksər hallarda polisin kobud rəftarından bezən sürücülər onların davranışlarını telefon kameralarının və ya video qeydiyyat cihazlarının yaddaşına həkk edərək, sosial şəbəkələrdə paylaşıb, məsələni ictimailəşdirirlər.
Bəzən yol polisləri sürücülərin "Yol hərəkəti haqqında" qanunun, İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə bağlı onlara ünvanlandığı suallara cavab verə bilmirlər.
Hətta iş o yerə çatıb ki, dəfələrlə yol polisi əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı parlamentdə məsələ də qaldırıblar. Bu da polislərin "Deputatın statusu haqqında" qanunun 12-ci maddəsindən (Deputatın toxunulmazlığı) xəbərsiz olduqlarından xəbər verir.
Milli Məclisin üzvü Tahir Kərimli deyib ki, bu məsələ bir neçə dəfə parlamentdə qaldırılıb.
Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib: "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ötən il Ombudsman ünvanına daxil olmuş müraciətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığını bildiriblər".
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin hesabatında istintaqın aparılması, təhlükəsizliyin və ictimai asayişin qorunması, yol polisinin fəaliyyəti, pasport qeydiyyatı, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı şikayətlərin daha çox Bakı şəhərinin Xətai, Xəzər, Nərimanov, Nizami, Pirallahı, Suraxanı rayonlarından, Gəncə, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Cəlilabad, Göygöl, Qəbələ, Oğuz, Saatlı, Siyəzən, Şabrandan daxil olunduğunu vurğulayıb.
***
Amma bu nöqsanları bütövlükdə polis-ictimaiyyət münasibətlərin kəskinləşməsinə aid etmək olmaz. Hər bir sahədə olduğu kimi, polis sistemində də öz işini bilməyən, vəzifəsindən sui-istifadə edən, səlahiyyətini aşanlar tapılır.
Fizika üzrə fəlsəfə doktoru Yusif Alı Afşar hesab edir ki, bəzən xidmətə götürülən polis nəfərinin intellektual savadının aşağı olması, vəzifə borcunu dərindən bilməməsi və digər bu kimi əsaslı nüanslar polis-vətəndaş münasibətlərinə mənfi təsirini göstərir. "Belə ki, polis əməkdaşları onların fəaliyyətinin hüquqi əsaslarını tənzimləyən "Polis haqqında" qanunu və digər normativ aktları öyrənməli, cəmiyyətdə mövcud olan mental dəyərlərə hörmətlə yanaşmalı və özlüyündə müvafiq etik tələblərə ciddi əməl etməlidir. Həmin qanunların tələblərinə əsasən polis əməkdaşı istənilən şəraitdə vətəndaşlarla nəzakətli davranmalı, onlara "siz" deyə müraciət etməli, öz tələblərini və iradlarını başadüşülən formada bildirməli, onların şə-rəf və ləyaqətini təhqir etməməli və ya mübahisələrə getməməlidir. Əgər saxlanılan şəxs polisdən özünü təqdim etməsini, xidməti vəsiqəsinin göstərilməsini tələb edirsə, polis bunu təmin etməli və xidməti vəsiqədəki göstəricilərin vətəndaş tərəfindən götürülməsinə (qeyd edilməsinə) mane olmamalıdır. Çünki bu göstərilənlər qanunvericiliklə tənzimlənən qaydalardır. Polis hər cür durum və şəraitdə vəsifəsini yerinə yetirərkən xalqın öz polisinə olan güvənc duyğususunu daim qorumalıdır".
Amma çox nadir hallarda polis adına ləkə gətirənlərə də rast gəlirik. Belə hadisələr ictimailəşdirildiyi zaman DİN rəhbərliyi mütləq ona reaksiya verir.
Yalnız iki misal çəkək: Bu ilin fevralında sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən görüntülər yayıldığı an DİN-nin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparıldı və nəticədə fakt təsdiqini tapdı. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Ötən ilin yanvar ayında isə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə hərəkət edən BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Həbib Nuruşovu təhqir edən polis zabiti Vüqar Abbasov tutduğu vəzifəsindən azad edilib.
... Polisin etimadını qazanan ictimaiyyət də daim ona dəstək, kömək olub. Bu dəstək bütünlükdə dövlət və dövlətçiliyimizin, təhlükəsizliyimizin qorunmasına, cinayətkarlığın azalmasına, cinayətlərin üstünün açılmasına, asayişin qorunmasına xidmət deməkdir.

Habil Hüseynov

"Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə keçirdiyi yazı müsabiqəsinə təqdim edilir"