Yayılan vuruş xəstəliyi qış fəsli üçün xarakterik olan mövsümü qripdir Hadisə

Yayılan vuruş xəstəliyi qış fəsli üçün xarakterik olan mövsümü qripdir

Virusun ilk dəfə heyvandan insana keçməsi pandemik virus sayılır. Sonuncu dəfə belə virus 2009-cu ildə yayılıb. Həmin vaxt heyvandan - donuzdan insana keçdiyi üçün onu "donuz qripi" adlandırıblar. Lakin indiki halda onu donuz qripi adlandırmaq düzgün deyil, çünki A/H1N1 virusu neçə illərdir ki, dolaşır.
Bu sözləri Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı mətbuat konfransında deyib. Onun verdiyi məlumata görə, A/H1N1 deyilən virus "donuz qripi" yox, adi mövsümi qripdir. Yəni, bu virus artıq "donuz qripi" adlandırılmır. XX əsrdə "donuz qripi" 1918, 1957, 1968-ci illərdə baş verib. Hətta məlumatlara görə, ötən əsrin əvvələrində həmin virusun yayılması zamanı 50-100 milyon insanın tələf olduğu deyilir. On il əvvəl baş verən sonuncu epidemiyadan sonra isə ona təsadüf edilmir. Ona görə də bir sıra ölkələrdə "donuz qripi"nin yayıldığı barədə deyilənlər həqiqətə uyğun deyil.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev tarix boyu yayılan yoluxucu xəstəliklər barədə məlumat verib. O, yoluxucu xəstəliklərin qarşısının alınmasının mümkünlüyünü söyləsə də, bunun tamamilə kökünün kəsilməsinin real olmadığını bildirib: "Nə qədər ki, insan var, cəmiyyət var, yoluxma da olacaq". Lakin o, xəstəlikdən qorunmaq üçün bir sıra profilaktik tədbirlərin vacibliyini vurğulayıb.
Baş epidemioloq ölkəmizdə 16 nəfərin A/H1N1 virusu ilə xəstələndiyinin Taun Əleyhinə Stansiyada təsdiq edildiyini, lakin həmin virusun qış fəsli üçün xarakterik olan mövsümi qrip olduğunu söyləyib. Onun verdiyi məlumata görə, virusa yoluxanların heç biri xəstəxanaya yerləşdirilməyib və onların hamısı sağlam vəziyyətdədir. Qrip virusu kütləvi şəkildə yayıldığı halda nazirlik ona qarşı mübarizə aparmaq üçün lazımi tədbirləri həyata keçirmək gücündədir. DST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova da bunu təsdiq edərək deyib: "İndi yayılan nə pandemiyadı, nə də epidemiya. Bu, sadəcə olaraq mövsümi qripdir".
Mətbuat konfransında qeyd olunub ki, qripə daha çox həssas beş qrup mövcuddur: 65 yaşdan yuxarı olanlar, 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və səhiyyə işçiləri. Tədbirdə virusa yoluxmamaq üçün bir sıra profilaktiki tədbirlər görülməsinin, o cümlədən əlləri müntəzəm olaraq sabunla yumağın, öskürən və asqıran zaman ağız və burun nahiyəsini dəsmalla örtməyin, xəstəliyin ilkin mərhələsində qripə yoluxanı ətrafdakılardan təcrid etməyin və xəstə ilə sıx təmasda olmamağın zəruriliyi bildirilib.