İsa Qəmbər bədəl ödəyir... Hadisə

İsa Qəmbər bədəl ödəyir...

Arzu Şirinova

Milli Azadlıq Hərakatının lideri, eks prezident Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gün ərəfəsində Müsavat Partiyasında biabırçılıq yaşanıb. "Bizim Yol" yazır ki, avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. İclas əvvəldən sona kimi qalmaqalla yadda qalıb. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. Arif Hacılı Qubad İbadoğlunu "sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" deyə, ittiham edib. Qubad İbadoğlu da bu ittihamı qarşılıqsız qoymayıb və deyib:"Sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm".
Bundan sonra Arif Hacılı Qubad İbadoğlunun üzərinə hücum edib, yaxşı ki, ətrafdakılar əlbəyaxa davanın qarşısını vaxtında alıblar. Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxarmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib.
Vurğun Əyyub da İsa Qəmbəri partiyanı dağıtmaqda suçlayıb:"Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq". Buna cavabında başqan "Quran" çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın. Sonda Arif Hacılının "başqan olmasam, partiyanı dağıdacağam" hədəsi yeni bir qalmaqala səbəb olub.
Səhih və yaxud qeyri-səhih olan bu məlumat dörd il bundan əvvəl bir etirafı yenidən qeyd etməyimə rəvac verdi. Həmin vaxt Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çoxlarımıza gün kimi aydın olan bir məsələnin etirafında bulundu. Onun sözlərinə görə, Milli Azadlıq Hərakatının lideri, eks prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda Bakıdan Kələkiyə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq məqsədilə getmişdi: "Sonralar o, Bakıya hakimiyyətə yenidən gəlmək üçün qayıtdı, amma müxalifət buna imkan vermədi". Jurnalist həmkarımdan biri də hədəfi çox düzgün seçərək, Mirəlioğlunun bu olayda kimi nəzərdə tutduğunu Müsavat başqanı İsa Qəmbərdən soruşdu. Təbii ki, İsa Qəmbər cavab vermədi. Və başladı müxbirə jurnalistikadan "dərs" keçməyə...
...Hər halda gecikmiş olsa da, Mirmahmud Mirəlioğlunun etirafında bir həqiqət vardı. Bəli, 1998-ci il prezident seçkilərindən öncə müxalifətin SİDSUH adı altında bir təşkilatı yarandı. Əbülfəz Elçibəy prezident seçkilərində iştirak etməyi məqbul saysa da, İsa Qəmbər buna qarşı çıxdı və seçkiləri baykot qərarı verildi. Çünki Elçibəy müxalifətin vahid namizədi kimi özünün seçkiyə qatılmağını arzulayırdı və bildirirdi: "Mənim görüləsi bəzi işlərim var, yenidən hakimiyyətə gəlsəm onları həyata keçirmək istəyirəm. Həm də siz cavansınız, sonrakı seçkilərdə namizədliyinizi verərsiniz". Ancaq mənəm-mənəmlik, boşuna təkəbbür İsa Qəmbərin içini didib-dağıtdı və məhz bu keyfiyyətlər Əbülfəz Elçibəyin arzusunu reallaşdırmasına əngəl oldu. Halbuki, o zaman hətta Etibar Məmmədov belə Elçibəyin namizədliyi veriləcəyi təqdirdə seçkilərdən geri çəkilib, Əbülfəz bəyi müdafiə edəcəyini bildirmişdi...
...Bugünki mənzərəni seyr edəndə İsa Qəmbərin hardan haraya gəldiyi, hansı duruma düşdüyü sadəcə təəssüf doğurur. Görün hansı duruma düşüb ki, ötən il Rusiyanın layihəsi olan Milli Şuranın siyasətdən bixəbər vahid namizədinin - Rüstəm İbrahimbəyovun (Cəmil Həsənli sonradan qurumun vahid namizədi seçildi - A.Ş.) tamaşaya qoyduğu şouda yer almağı özünə sığışdırdı. Hətta vahid namizəd məsələsinin alınmadığını, yəni Rüstəm İbrahimbəyovun sənədlərinin düzgün olmadığını, Bakıya gəlmək istəmədiyini görən Şura üzvləri İsa Qəmbərin namizədlik təklifi səslənəndə bunun əleyhinə oldular. İsa Qəmbər isə, "dünya dağılmayıb ki, hələ vaxta var, yenidən müzakirə edə bilərik", deyib özünə təsəlli verdi...
...Bu gün isə Müsavat Partiyasında baş verənlər acı təəssüf doğurur. Son altı ildə Müsavat Partiyasını tərk edənlərin adlı siyahısına nəzər yetirdikdə mənim yadıma çox yerində olan bir atalar məsəli düşür:"Hə tökərsən aşına, o da çıxar qaşığına". İsa Qəmbər vaxtilə öz aşına bilərəkdən və bilməyərəkdən o qədər soyuq su qatıb ki, indi bunun acısını yaşayır...
...O ki, qaldı Mirmahmud Mirəlioğlunun vaxtilə bulunduğu etirafına, çox güman bu hələ başlanğıcdır. Əbülfəz Elçibəyin həyatının son günlərində nələr baş verdiyi o zaman yanında olan Mirmahmud Mirəlioğludan başqa kimsəyə bəlli deyil. Yəqin ki, çox yaxın gələcəkdə Mirəlioğlunun bu istiqamətdə də etiraflarını eşidəcəyik...