Toy və yas mərasimlərilə bağlı müzakirələr parlamentə çıxarıla bilər Hadisə

Toy və yas mərasimlərilə bağlı müzakirələr parlamentə çıxarıla bilər

Məlahət İbrahimqızı: "Azərbaycanda toy və yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb"

"Azərbaycanda yas mərasimlərinin qanunla tənzimlənməsinin vaxtı çatıb, çünki mərasimlər əndazəni aşıb". Bu barədə "Trend"ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bəzən yas mərasimlərində stolun üstündə bircə spirtli içki çatışmır: "Çox maraqlısı da odur ki, hamı bunu deyir, ancaq heç kim əməl etmir. Hətta qadın məclislərində mikrofonlar qoyurlar. Lakin İslam dinində yas mərasimində Quran oxuyarkən qadının səsini kənardan kişilər eşitməməlidir".
Millət vəkili yas mərasimlərini idarə edən mollalardan da danışıb. O, qeyd edib ki, bəzən yas mərasimlərində Qurandan xəbəri olmayan mollalar ağıl öyrədir, məsləhət verirlər: "Ona görə də yas mərasimlərimiz əndazədən çıxıb. Bu baxımdan hansısa qanunla və ya Nazirlər Kabinetinin hər hansı bir təlimatı ilə yas mərasimləri tənzimlənməlidir. Digər tərəfdən, maarifləndirmə işi gücləndirilməlidir. Məgər insanın dəyəri maddiyyatla ölçülür? Axı heç kim o qədər yeməyi yemir. Xarab olmuş qidaları sabaha, birigünə saxlayırlar və nəticədə zəhərlənmə halları baş verir".
Deputat yas mərasimləri ilə bağlı qanun layihəsinin hələlik komitəyə daxil olmadığını bildirib.
Millət vəkili hesab edir ki, toy mərasimləri də hansısa formada tənzimlənməlidir və buna ehtiyac var. Onun sözlərinə görə, insanlar da toy mərasimlərinin formasının dəyişməsini istəyir: "Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar".
M.İbrahimqızı toyların həddən artıq səs-küylü keçdiyini də diqqətə çatdırıb: "Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir. İstənilən halda bu məsələ də hansısa formada tənzimlənməlidir".