Yeni dərs ilinin qayğıları... Hadisə

Yeni dərs ilinin qayğıları...

Bahalaşma media mənsublarına necə təsir göstərib?

Yeni dərs ilinin başlanmasına az qalıb. Həmişə ənənəvi olaraq bu ərəfədə məktəb ləvazimatlarının bahalaşması müşahidə olunur ki, bu da aztəminatlı ailələri çətin duruma salır. Jurnalistlər də aztəminatlı ailə kateqoriyasına aid olduğu üçün bahalaşma onlara daha ciddi təsir edir.
Bəs həmkarlarımız övladlarını məktəbə necə hazırlayırlar və bahalaşma media mənsublarına necə təsir göstərib?
Jurnalist Elşad Paşasoy dedi ki, Azərbaycanda bütün sahələrdə müşahidə olunan bahalıq təbii ki, əhalinin aztəminatlı kateqoriyasının təmsilçisi olan mətbuat nümayəndələrini də narahat edir: "Üstəlik də yeni dərs ilinin başlanması ərəfəsində əlavə xərclər tələb olunur. Bizdə ənənəvi bir anormallıq var ki, milli və ya dini bayramlarda qiymətlər kəlləçarxa çıxdığı kimi, dərs ilinin başlanması ərəfəsində də pozandan tutmuş pal-paltara qədər bütün məktəb ləvazimatları və geyimlərdə artımlar müşahidə olunur. Bu da "əmi" və "xalalar"ın uşaqlar hesabına daha çox gəlir əldə etmək lahiyəsinin tərkib hissəsidir. Bazar olsun, nə deyirik, amma insaf da yaxşı şeydir. Düzdür, hələlik mən o qədər ağır durumda deyiləm ki, bir uşağın məktəb hazırlıqlarına tab gətirə bilməyim. Ancaq bir neçə övladını məktəbə göndərən valideynlər var ki, onların nə çəkdiyini müşahidə etmək çox ağrılıdır. Bu gün kənd təsərrüfatı məhsullarının qiymətlərindən çox danışılır. Ancaq məncə, xiyar-pomidorun bahalaşması o qədər də böyük fəlakət deyil. Yeni tədris ili ərəfəsində məktəb ehtiyacları ilə bağlı qayda-qanuna, qiymətlərin tənzimlənməsinə diqqət yetirilməlidr. Unutmayaq ki, bu gün imkansızlıqdan özünə məktəbli çantası ala biməyən uşaq bəlkə sabah Azərbaycanın ən parlaq şəxsiyyəti olacaq".
Jurnalist Süleyman İsmayılbəyli dedi ki, iki övladı orta məktəbə gedir: "Heç şübhəsiz ki, hər il olduğu kimi bu il də yeni tədris ili başlayan ərəfədə biz valideynlərdə bir narahatlıq yaranır. Bu da ənənəvi olaraq yeni tədris ilinin başlanğıcı ərəfəsində məktəb ləvazimatları və geyimlərinin qiymətinin artması ilə bağlıdır. Ümumi hesablamalar apardıqda məlum olur ki, iki uşağın məktəb hazırlıqlarını qarşılamaq üçün təxminən 450-500 manata ehtiyac var. Açığını deyim ki, indiki halda mən bir valideyn kimi övladlarıma həmin məbləği xərcləyə bilmirəm və bundan təssüf hissi keçirirəm. Hələlik yalnız məktəb çantalarını ala bilmişəm. Qalan vacib avadanlıqları almaq üçünsə Allah özü kömək olar".
Teleqraf.som saytının əməkdaşı Səxavət Həmidli dedi ki, məktəb hazırlığı etmədiyi üçün qiymətlərdən də xəbəri yoxdur.
"Xalq qəzeti"nin əməkdaşı Anar Turanın övladları məktəb yaşında olmasalar da, həmkarlarının problemlərini təsəvvür etmək onun üçün çətin deyil: "Bahalaşmadan ən çox əziyyət çəkən zümrə mən deyərdim media mənsublarıdır. Əlbəttə, bütün sahələrdə olduğu kimi, bu sahədə də yaxşı əmək haqqı alan, həyatını indidən təmin etmiş insanlar var. Lakin mətbuat sahəsində onlar az bir qismi təşkil edir. Əksər mətbuat nümayəndələri əmək haqlarının azlığından əziyyət çəkirlər. Lakin bütün bunlara rəğmən işlərini də fədakarlıqla icra edirlər. Ümid edirəm KİV mənsublarının azad sözə, cəmiyyətin inkişafına layiqli xidmət göstərmələri üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılacaq".
Salamnyus.org saytının əməkdaşı Rövşən Ziya da bildirdi ki, məktəb geyimləri və ləvazimatları həddindən çox bahadır: "Bu da orta stastistik vətəndaşın cibinə tam uyğun deyil. Məsələn, 400-600 manat aylıq maaş alan və evində 1, 2 uşağı məktəbə gedən vətəndaş ciddi problemlərlə üz-üzə qalır. Bu bahalığın jurnlaistlərə təsirinə gəlincə, hələlik bizdən məktəbə gedən olmadığı üçün heç nə deyə bilmirəm".
Hafta.az saytının redaktoru Səbinə Əvəzqızı hələ bazara gedə bilmədiyini dedi: "Düzü, ona görə getməmişəm ki, bahalığı gözümün qarşısına gətirirəm. Təbii ki, 2 və ya 3 uşağı olan ailələrdə hazırkı bahalaşma ilə əlaqədar bu məsələ ciddi narahatlıq doğuracaq. Bizim ailədən də 2 uşaq dərsə gedir. Dərs başlayan kimi o qədər test və iş dəftəri istəyəcəklər ki, bu məbləğ də 200 manatı keçir".
"Kaspi" qəzetinin əməkdaşı Azər Nuriyev isə dedi ki, bu məsələdə maraqlı bir eksperiment edir: "Hər il uşaqlar üçün xüsusi kassa tərtib edirəm. İl başlayandan onlar üçün xüsusi kassa düzəldirəm. Həftədə, bir, iki manat o kassaya pul atıram. Mən deyim ki, onlar özləri də buna xüsusi maraq göstərirlər. Onlara verilən pulları yığıb kassada saxlayırlar və bu da dərs ilinin başlanmasına qədər xeyli vəsait edir. Başqa cür mümkün deyil. Jurnalistlərin əmək haqlarının xeyli aşağı olduğunu nəzərə alsaq, bu, ən optimal variantdır. Başqa cür də mümkün deyil. Əks halda kimdənsə borc götürməlisən. Ümumiyyətlə, hesablamışam - konkret olaraq mənim iki övladım var və onların dərsə getmələri üçün minimum 200-300 manat gərəkdir".
"Olaylar" qəzetinin əməkdaşı Alim Hüseynli bildirdi ki, demək olar ki, hələlik çox az sayda məktəbli ləvazimatı alıb: "Güman edirəm ki, 15 sentyabra qədər bazarlığı tam etmək mümkün olacaq. Müşahidələrim isə deməyə əsas verir ki, bu ilki məktəb bazarlığı bir qədər baha başa gələcək. Çünki bazarlarda əvvəlki aylarla müqayisədə xeyli bahalaşma nəzərə çarpır. Üstəlik mənim övladım yuxarı sinif şagirdi olduğu üçün daha çox məktəbli ləvazimatı tələb olunur. Yəni, hər fənn üzrə əlavə vəsaitin alınmasına ehtiyac yaranır. Məktəbli formasını da üstünə gələndə bir uşağın məktəbli bazarı haradasa 150-170 manatı üstələyir".
"Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə bildirdi ki, bahalaşama əsasən jurnalistlərin büdcəsinə mənfi təsir edib: "Yeni dərs ili ərəfəsində bunun əzabının daha çox çəkirik. Hələ ürək edib, məməktəb bazarına "baş vura" bilmirik. Əvvəla, bunu etmək üçün imkanlarımız yetərli qədər deyil. Sonrası da bilmirsən nəyi necə ixtisar edəsən ki, birtəhər məktəb bazarını bitirəsən. Amma bütün hallarda bunu etməliyik. Çünki övladın təhsili gələcək üçün qoyulan investisiyadır. Hər nə olursa-olsun, uşaqların təhsilinə diqqət edilməlidir. İnşallah, bu problemi də müsbət həll edərik".
"Yeni Müsavat" qəzetinin əməkdaşı Aygün Muradxanlı isə hələ bazarlıq etmədiyini deyir: "Amma bizim məktəblərdə durum bir qədər fərqlidir. Övladlarım Bakı Atatürk Litseyində oxuyurlar. Onlar paralel olaraq həm Türkiyənin, həm də Azərbaycanın tədris proqramlarından dərs keçirlər. Türkcə kitabları məktəb pulsuz verir, Azərbaycan dərsliklərini isə alırıq. 2 uşağa keçən il iş dəftəri, test kitabı, xəritələrlə bir yerdə 200 manata qədər pul ödədiyim yadımdadır. Geyimimiz də fərqlidir. Ağ köynək və ətək, qalstuk alırıq. Köynəklərin qiyməti 8-10 manatdan başlayır, ətək 20 manat, qalstuk 5 manatdır. Jileti isə məktəb verir. Çanta, dəftər, qələm də aşağısı 100 manat. Yəni orta hesabla 2 uşağın yeni tədris ilinə başlamasına 400-450 manat arası pul gedəcək".
"Yeni çağ" qəzetinin baş redaktoru Aqil Ələsgər dedi ki, əslində bahalıq olsa da, övladları üçün bu o qədər də önəmli deyil: "Biz övladlarımız üçün yaşamırıqmı? Onlar üçün fədakarlıq etməyəcəyiksə, nə edəcəyik. Ona görə də bahalıq övladlarımızın sevincinin yanında çox kiçik məsələdir. Mən başqa məsələyə toxunmaq istərdim. Qoy bahalıq olsun, ancaq keyfiyyət olsun. Təəssüf ki, bu gün məktəbli formaları bizim sovet dönəmində geyindiyimiz formalardan belə dəfələrlə keyfiyyətsizdir. Qoy qiyməti yüksək olsun, amma keyfiyyət problemi olmasın. Uşaq dərisinə, nəfəsinə zərər vuracaq materiallardan olmasın".
Jurnalist Azər Qismət dedi ki, iki övladının biri 4-cü, digəri 1-ci sinfə gedəcək: "Nağıllardakı kimi uşaqlar da günbəgün deyil, saatbasaat böyüyürlər. Açığı deyim ki, Bakı Tikiş Evinin mağazalarına getdim, ölçülərə baxdım. İnsafən, pis tikməyiblər. Qiymətlərə gəlincə, məktəbli formalarının qiyməti pis deyil, normaldır. Dəftər-qələm də baha deyil. Əslində, seçim çox olduğundan qiymətlərdə də güzəştlər edilir. Bütün media mənsublarının uşaqlarına yeni dərs ilində uğurlar arzulayıram".

Əli