Qiyabi təhsil ləğv olunmalıdırmı? Hadisə

Qiyabi təhsil ləğv olunmalıdırmı?

İlham Əhmədov: "Distant təhsil insanların keyfiyyətli, çox da bahalı olmayan ali təhsil almaları üçün unikal imkanlar yaradır"
Habatəli Qulamoğlu: "Distant təhsilə keçilib ki, qiyabi təhsil ləğv olunur?"
Etibar Əliyev: "Çox ölkələrdə artıq distant təhsilə keçilib"

2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb. Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla da qiyabi təhsil forması məhdudlaşdırılır. Bu ildən isə ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq.
Natiq İbrahimov deyib ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul azalıb: "Ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb. Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb".
Amma bu qərar birmənalı qarşılanmır. Bir sıra ekspertlər hesab edirlər ki, distant təhsilə keçilmədən qiyabi təhsilin ləğv edilməsi düzgün deyil. Bununla da distant təhsil sistemi yenidən gündəmə gəlir.
Təhsil üzrə ekspert, İlham Əhmədov bildirib ki, bu gün bir çox ölkə kütləvi ali təhsil siyasətini həyata keçirirlər. Onun fikrincə, bu məqsədlər üçün virtual təhsil texnologiyaları ilə distant təhsil (DT) verən, açıq universitetlər dünyanın bütün ölkələrindən milyonlarla tələbə qəbul etməklə onlara keyfiyyətli, çox da bahalı olmayan ali təhsil almaları üçün unikal imkanlar yaradır: "Çox təəssüf ki, bu günədək bizim univesitetlərdə Distant Təhsil sistemi yaradılmayıb. Beynəlxalq təcrübə göstərir ki, konkret bir universitetdə Distant Təhsilin həyata keçirilməsi üçün təqribən 8-10 ilə, 40-50 milyon ABŞ dollarına və layihənin icrası üçün peşəkar bir komandaya ehtiyac var. Bizim orta məktəblərin məzunları hələ ki, Distant Təhsil sistemini uzun müddət əvvəl yaratmış dünyanın qabaqcıl universitetlərinin təqdim etdikləri imkanlardan istifadə etməklə yararlana bilərlər. Təəssüf ki. bizim gəncləri özünə cəlb edəcək belə baha olmayan, müasir və keyfiyyətli ali təhsil verəcək bir sistemimiz yoxdur. Burada da problemlər ortaya çıxır.
Bizim gənclərin (qonşu ölkələrdə yaşayan öz yaşıdlarından fərli olaraq) özləri sərbəst şəkildə distant təhsil xidmətlərindən istifadə etmək imkanları (evlərindən internet vasitəsilə) yoxdur, belə təhsil alanların da diplomları Təhsil Nazirliyi tərəfindən tanınmır. Belə ki, tələbələrdən respublikanın sərhədlərindən çıxaraq xaricdə yerləşən ali təhsil ocaqlarının yerləşdiyi həmin ölkələrin mütəmadı olaraq daxil olmaları üçün məcburiyyət qoyulmaqla süni maneələr yaradılıb, bu da, tətbiq olunan beynəlxalq Distant Təhsil təcrübəsinə uyğun gəlmir.
Distant Təhsilin həyata keçirilməsi üçün sərhədi tələbə keçmir, sərhədi tələbənin aldığı biliklər keçir ki, bu da, Distant Təhsilin üstünlüklərindən biridir".
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, köhnəni ləğv edib təzəyə keçmək üçün öncə şərait lazımdır. Şərait yoxdursa, köhnəni ləğv etmək olmaz: "Qiyabi təhsil ölkəni hər şeydən əvvəl kadrla təmin edir. Ucqarlardakı kadrlar yalnız qiyabi təhsil alanlardır. Azərbaycanın ucqar rayonlarında bu problem var. Digər tərəfdən, distant təhsilə keçidlə bağlı məsələni gündəmə gətirirlər. Ölkədə bu istiqamətdə internet resursları, şərait yoxdursa, bu məsələdən danışmağına dəyməz. Fikrimcə, 2015-ci ildə də qiyabi təhsil tam ləğv olunmayacaq. Çünki ucqar rayonlar kadrlarla tam təmin olunmayıb və onu yalnız qiyabi təhsil hazırlaya bilər". Nabatəli müəllim Azərbaycanda distant təhsilin olmadığını da vurğulayır. Ekspertin fikrincə, yeni təhsil sistemi hələ başlamamış köhnəni ləğv etmək bir qədər məntiqsizdir: "Təhsil haqqında qanunda distant təhsilin mövcudluğu olsa da reallıqda onun işləmə mexanizmi və faktik görüntüsü yoxdur. Necə olur, distant təhsilə keçilib ki, qiyabi təhsil ləğv olunur? Ehtiyac varsa, 2015-ci ildə də qiyabi təhsil davam edəcək və o, ləğv olunmayacaq".
XXI əsr Təhil Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir ki, qiyabi təhsil forması sovetdən qalma təhsil formasıdır. Onun sözlərinə görə, həmin dövrdə axşam, qiyabi və əyani təhsil formaları olub: "Sonradan axşam təhsili ləğv olunsa da, əyani təhsil əsas təhsil sayılıb. Qiyabi təhsil isə sovet dövründə olduğu qayda ilə davam edir".
Etibar Əliyev hesab edir ki, qiyabi təhsil indi özünü doğrultmur: "Çox ölkələrdə artıq distant təhsilə keçilib. Baxmayaraq ki, bizdə bu proses getməyib. Bizdə böyük ali məktəblərin İKT təminatına ehtiyac var. Regionlarda sürətli internet vasitəsilə tələbə-müəllim əlaqələrinin qurulması problem kimi qalır. Ona görə də qiyabi təhsilin təkmilləşdirilməsi üçün ideyalar da mövcud deyil. Qiyabi təhsil artıq öz dövrünü bitirib. Əvvəlki qərar pedaqoji ixtisaslar üzrə təhsil alan 3-4-cü kurs tələbələrinə pedaqoji fəaliyyətlə məşğul olmağa icazə verirdi. Bu, çox ciddi nöqsan idi. Yəni kursun 60-70 faizini keçən tələbələr sinif otağına müəllim kimi daxil olurdular. Hamı bilir ki, qiyabi sessiyalar necə yola verilir. Ümumiyyətlə, qiyabi təhsilin necə keçdiyini hamı gözəl bilir. Yəni kursun 60-70 faizini keçənləri müəllim qismində sinif otağına buraxmaq çox ciddi nöqsanlardan xəbər verirdi".
Ekspertin fikrincə, 3-4-cü kurs tələbələrindən keyfiyyətli iş gözləmək lazım deyil. Əsas məsələ isə bundan sonrakı mərhələdə hansı addımların atılmasıdır. Belə ki, qiyabi təhsilin indiki vəziyyətdə qalıb-qalmaması müzakirə olunmalıdır. Bu, ya distant təhsillə əvəz olunmalı, ya da ləğv olunmalıdır: "Artıq ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə və Müəllimlər İnstitutunda xeyli pedaqoji kadrlar hazırlanır". Etibar Əliyev hesab edir ki, qiyabi bakalavr təhsili alan tələbələr müəllim hüququ qazanmaq üçün təhsillərini davam etdirməli, kursu tam bitirməlidir. Belə ki, qiyabi təhsil əyani təhsildən bir il artıq vaxt tələb edir. Bakalavr pilləsi qiyabi təhsil üçün beşillik, əyani təhsil üçün dördillikdir: "Heç şübhəsiz, bu formada qalacaqsa, qiyabi təhsilin dəqiq şəkildə monitorinqi aparılmalıdır. Yəni tələbələr həqiqətən sessiyalarda iştirak edirmi, onlar verilən tapşırıqları yerinə yetirirmi, imtahanlar formal, yoxsa qeyri-formal şəkildə aparılır? Monitorinqlər əsasında bu sistemin yaşayıb-yaşamayacağı haqqında qərar verilməlidir. Ola bilər ki, kimsə ailə qurur, kiminsə gəlib-getmək imkanı yoxdur, ancaq təhsilini qiyabi formada davam etdirir, bununla belə, bu təhsilin zərərli cəhətləri daha böyükdür".
Distant təhsilin üstünlüklərindən danışan ekspert qeyd edib ki, bunun üçün ilk növbədə distant təhsil mədəniyyəti formalaşmalıdır. Belə ki, Qərbdə bu təhsil forması 60-70-ci illərdən tətbiq olunur: "Konkret olaraq bu təhsil qaydasına görə müəllim və tələbə öz yaşadığı yeri tərk eləmir. Müəllim tələbə üçün kursun materiallarını göndərir. Birbaşa müəllimlə tələbə arasında skype və elektron poçt vasitəsilə dialoq baş verir. Bu şəkildə qiymətləndirilmə prosesi aparılır. Bu da bizdə çoxlu maliyyə vəsaiti tələb edən məsələdir. Çünki müəllim və tələbə ilk növbədə distant təhsil prosedurunu bilməlidir, orada şəffaflıq olmalıdır. İnternet vasitəsilə ünsiyyət tələbənin biliyinin canlı nümayişinə imkan yaradır. Bizdə isə hələlik bu prosedurun elementləri tətbiq olunmayıb".

Əli