Media və terrorizm Hadisə

Media və terrorizm

İlkin Ağayev: "Terrorçularla müsahibələr, onların "uğur hekəyələri"nin mediada yayılması yolverilməzdir"
Əfsələddin Ağalarov: "Əsas müsahibənin hadisələrlə bağlılığı və onun oxucular tərəfindən necə qəbul ediləcəyini bilməkdir"
Alim Hüseynli: "Terrorçu mətbuata müsahibəsində heç də insanları sülhə, əminamanlığa dəvət etmir"
Rövşən Ziya: "Terrorçu mediadan istifadə etməklə öz fikirlərini cəmiyyətə aşılayır"

"İslam Dövləti" terror qruplaşması təkcə neft satışından günə 3 milyon ABŞ dolları qazanır. Bu qruplaşma digər bütün eyni tipli terror şəbəkələrindən daha zəngindir. Terror qruplaşması insan alveri və soyğunçuluqdan da külli miqdarda vəsait əldə edir. "Russia Today"in xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının üzvləri hazırladıqları hesabatda məlumat yayıblar. Hesabata görə, "İŞİD" tarixin ən zəngin terror şəbəkəsidir. Hesabata əsasən, "İŞİD" İraq və Suriyada 11 neft quyusuna nəzarət edir. Terrorçu şəbəkə üzvləri işğaldan əvvəlki neft ticarəti şəbəkəsi vasitəsilə İraq və Suriya neftini satışa çıxarırlar. Xam neft məhsulları adətən, neft daşıyan yük maşınları vasitəsilə nəql edilir. Hesabatı ərsəyə gətirən xüsusi xidmət orqanının əməkdaşları adlarını açıqlamayıblar. Hesabatda deyilir ki, "İŞİD" hasil edilən neftin bir barelini 25-60 ABŞ dolları arasında dəyişən qiymətlə satır. Normalda isə, bir barel neftin qiyməti ortalama 100 ABŞ dolları dəyərindədir. Terrorçu qrupun gündəlik gəliri isə 3 milyon dolları ötür. İraq mədəniyyətinə məxsus antik əşyaların Türkiyəyə satılması yoluyla təşkilat yüz milyonlarla dollar qazanc əldə edib. Milyonlarla dollar əlavə qazanc isə insan alverindən əldə edilir. Belə ki, "İŞİD" terror qruplaşması işğal etdiyi ərazilərdən əsir alınan qadın və uşaqları cinsi istismar niyyətilə satır.
Terrorçu qrupun qazancının digər mənbəyi də soyğundur. Ələ keçirilən girovlar və dəyəri olan hər bir şey baha qiymətə geri qaytarılır. Bununla da, terrorçu şəbəkə milyonlar qazanır.
İngiltərənin nüfuzlu "Tayms" qəzeti isə İŞİD-in əsl hədəfinin Türkiyə olduğunu bildirib. Məqalədə İngiltərə vətəndaşı Devid Heynsin öldürülməsindən sonra terror təşkilatının bu hədəfinin ortaya çıxdığını qeyd olunur: "Burada əsl hədəf Britaniya deyil, Türkiyədir. İyun ayında Türkiyənin Mosul Konsulluğunu ələ keçirən İŞİD-in əlində 49 türk girovu var. ABŞ və Britaniya müharibə üçün geniş bir koalisiya meydana gətirməyə çalışdığı bir vaxtda Suriya ilə böyük sərhədlərə malik olan və NATO-nun çox əhəmiyyətli bir bazasına sahib Türkiyənin koalisiyaya qoşulması İŞİD üçün fəlakət ola bilər. Buna görə də terrorçular britaniyalı humanitar işçini öldürməklə əslində Türkiyəyə mesaj göndərdi ki, koalisiyaya qoşulsan, 49 girovunu da onların aqibəti gözləyir. Buna görə də Ərdoğan müharibəyə qoşulmaqda könülsüzdür".
Qəzetin şərhinə görə, Türkiyənin müharibəyə qoşulmaması terrorçulara əlavə stimul verir: "Türkiyə yaradılan ittifaqın üzvləri arasında hücuma ən çox açıq olan və ən əhəmiyyətli məkandır. Xarici terrorçuların tranzit yol kimi istifadə etdiyi bu ölkə qapılarını bağlayarsa, İŞİD faktiki olaraq mühasirəyə düşər. Digər tərəfdən, Türkiyənin İraqla mal mübadiləsini 30 faiz azaltması İŞİD-in maliyyə qaynaqlarının iflası deməkdir".
Artıq bütün bəşəriyyət üçün təhlükəyə çevrilən İŞİD terror qruplaşmasının və digər terror şəbəkələrinin üzvləri öz hədəflərinə çatmaq üçün kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər. Azərbaycanda da bəzi KİV-lər, xüsusilə də elektron informasiya vasitələri teror qruplarının ayrı-ayrı üzvlərinin müsahibələrini, açıqlamalarını yayır. Dolayısıyla terrorçuların ideyalarının yayılmasına vasitə olurlar.
Bəs mediada terrorçuların müsahibəsinin yayılması nə dərəcədə doğrudur? Media mənsubları bu barədə nə düşünürlər?
"Yeni media"nın sosioloji problemlərini araşdıran ekspert, Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev bildirdi ki, bu, baxır hansı formada yayılır: "Onların terror məqsədləri və simalarının açılması ilə bağlıdırsa, cəmiyyətin belələrinin mənfi xislətlərini daha yaxından tanımasına xidmət edirsə, hardasa qəbul etmək olar.
Amma dolayı olaraq həmin terrorçuların, onların başbilənlərinin təbliğatına xidmət edən müsahibələr və belə yazıların, informasiyaların mətbuatda yayılması yolverilməzdir. Cəmiyyətə hər kəsi öz adı ilə çağırmağa media tərəfindən yardım edilməlidir, media bu məsələdə cəmiyyəti çaş-baş salmamalıdır. Məsələn, bizim mediada rast gəldiyim və qəbul etmədiyim məqamlardan biri budur ki, Azərbaycandan Suriyaya, İraqa gedənləri, İŞİD-ə qoşulanları və bununla faktiki olaraq terrorçulara qoşulanları bəzi media qurumları "mücahid" kimi qələmə verirlər. Bu anlayış isə bilavasitə həmin yanlış yola düşənlərin cəmiyyətdə təbliğatı deməkdir. Onların hara qoşulduqları, hansı cinayət məsuliyyəti daşıdıqlarını hamısı bilir. Bununla belə, belələrinin media tərəfindən "mücahid" kimi qələmə verilməsi, onlarla bağlı müsahibələr, "uğur heyakələri"nin mediada yayılması yolverilməzdir. Bu barədə ciddi tənzimləmələr olmalıdır və hər bir media qurumu, hər bir jurnalist bu məsələdə cəmiyyət, Vətən qarşısında öz məsuliyyətini tam dərk etməlidir".
"Azxeber.som" portalının baş redaktoru Əfsələddin Ağalarov bildirdi ki, ümumiyyətlə jurnalist istər müsahibə, istərsə də xəbər hazırlayarkən müsahibinin cəmiyyət üçün nə qədər önəmli və ya nə qədər önəmsiz olduğunu bilməlidir: "Eyni zamanda həm müsahibənin, həm də xəbərin cəmiyyət üçün hansı fəsadları olacağını da hesablaya bilməlidir. Amma bu gün dünyanın qəbul etdiyi "jurnalistika sərhədsizliyi" kriteriyası var. Bu kriteriya heç bir çərçivəni qəbul etmir. Yəni jurnalist hər şeydən xəbər hazırlaya bilər. Əsas odur ki, bu xəbərlər öz alıcısı ilə - oxucularla görüşsün və onların pis və ya yaxşı rəyini qazansın. Bir sözlə bu gün bizim mətbuatın "birinci xəbəri kim verəcək?" savaşı da məhz bu kriteriyanı öz jurnalistikasında piriolitet görən media işçilərinin yaratdıqları savaşdır. Əslində mən şəxsən bunun əleyhinə deyiləm. Çünki belə mühitlərdə hər zaman pis-yaxşı rəqabət olur və bu rəqabət inkişafa bir qapı açır. Yəni terrorçudan müsahibə hazırlayarkən müsahibənin müəyyən yaş kateqoriyasına aid insanların oxumasını xatırladırsansa, məncə burada heç bir problem yoxdur. Eyni zamanda jurnalist fahişədən də müsahibə hazırlaya bilər. Və ya hansısa killeri də danışdıra bilər. Əsas müsahibənin hadisələrlə bağlılığı və onun oxucular tərəfindən necə qəbul ediləcəyini bilməkdir".
Jurnalist Alim Hüseynli isə dedi ki, cəmiyyəti, eləcə də hüquq mühafizə orqanlarını mətbuatda terrorçularla bağlı gedən müsahibə yox, onun mətbuata necə yol tapması məsələsi müzakirə edilməlidir: "Düzdür, zaman-zaman mətbuatda terrorçuların, eləcə də kriminal şəxslərin müsahibələri dərc edilib. Ancaq sonradan məlum olub ki, həmin mətbuat orqanı bu kateqoriyadan olan şəxsləri, yaxud təşkilatları dəstəkləyənlər sırasındadır. Belə mövqe isə mətbuatın insanpərvərlik və humanizmin təbliği funksiyasına daban-dabana ziddir. Məlum məsələdir ki, terrorçu mətbuata müsahibəsində heç də insanları sülhə, əminamanlığa dəvət etmir, öz tələb və istəklərini elan edir. Bu səpkili müsahibələrin yayılması isə heç vaxt cəmiyyət tərəfindən müsbət qarşılana bilməz".
Jurnalist Aygün Muradxanlı vurğuladı ki, kimliyindən asılı olmayaraq hər bir şəxs media mənsubu üçün xəbər qaynağıdır: "Qəzetin, qəzetçinin işi xəbər çatdırmaqdır. Müsahib prezident də ola bilər, deputat da, müəllim də, terrorçu da. Fərq eləmir. Missiya xəbər çatdırmaq olmalıdır. Terrorçu ilə müsahibə terror təbliğatı deyil ki. Qəzetçi professionaldırsa, terrorçu ilə maraqlı bir müsahibə eləyib gənc insanların hansı girdaba düşdüyünü çox açıq mətnlə ictimaiyyətə anlada bilər".
Jurnalist Rövşən Ziya vurğuladı ki, terrorçu mediadan istifadə etməklə, öz fikirlərini cəmiyyətə aşılayır: "Onun üçün maraqlıdır ki, səsləndirdiyi fikirlər zəif düşüncəli, şüuru zəif inkişaf etmiş insanlara təsir etsin və onları öz ardınca aparsın. Azərbaycan jurnalistinin onların oyunlarında iştirak etməsi isə iki ehtimalı ortaya qoyur:
Ya bu jurnalist də əvvəldən həmin terrorçu ilə həmfikirdir, ya da bu jurnalist də zəif inkişaf etmiş şüura malik olduğu üçün onun ideologiyasının qurbanına çevrilib. Bütün hallarda mən bir jurnalist kimi, istənilən terrorçunun fikirlərinin və ya ideologiyasının mətbuatda geniş yayılmasına qarşıyam. Çünki, mətbuat dövlətin və cəmiyyətin görən gözü, vuran ürəyidir. Mətbuatda gedən hər bir informasiya insanların şüurunda yer alır".
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə bildiodi ki, terrorçların müsahibələrinin yayılması heç bir halda düzgün deyil: "Ümumiyyətlə, terrorçu haqda heç bir məlumat verilməməlidir. Hətta onların əleyhinə olan məlumat belə, PR-a xidmət edir. Terrorçular haqda məlumatların verilməsi cəmiyyətdə mənfi emosiya, qorxu yarada bilər. Eyni zamanda bu məlumatların verilməsi cəmiyyətin kriminallaşmasına rəvac verə bilər. Ona görə də həmkarlarımız oz müsahiblərini seçəndə ehtiyatlı olmalıdırlar. Sensasiya yaratmaq xatirinə cəmiyyətin ziyanına işləyən xəbər və müsahibələr verməkdədn imtina etməlidirlər".

Əli