Pandemiya dövrünün uğurlu kommunikasiya modeli Hadisə

Pandemiya dövrünün uğurlu kommunikasiya modeli

Böhran vəziyyətlərində kommunikasiyanın düzgün qurulması və idarə edilməsi istənilən dövlət və cəmiyyət üçün həyati əhəmiyyət daşıyır.
Antiböhran tədbirlərinin hazırlanması, həyata keçirilməsi və effektiv nəticəyə varması birbaşa kommunikasiyanın nə qədər düzgün qurulmasından, çevik və dəqiq idarə olunmasından asılıdır.
Müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin böyük əksəriyyətində iqtisadi böhran, təbii fəlakətlər, lokal hərbi münaqişələr, daxili kataklizmlər və digər bu kimi fövqəladə hallar zamanı kommunikasiya sistemlərinin hərəkətə gətirilməsi, fasiləsiz informasiya axının təmin edilməsi, məlumatların təhlili və ictimai rəyin antiböhran tədbirlərinə hazırlanması prosesində ciddi problemlər yaşanmır. Çünki demək olar ki, bütün ölkələr yuxarıda sadaladığım böhran hallarının ən azı bir neçəsini yaşayıblar və belə vəziyyətlərdə kommunikasiya sistemlərindən istifadə ilə bağlı təcrübələri var. Lakin COVİD-19 yeni növ koronavirus pandemiyasının özü ilə bərabər gətirdiyi problemlər bu təcrübələrin yetərli olmadığını sübuta yetirdi. Saysız-hesabsız, ardı kəsilməyən və əksər hallarda mənşəyi bilinməyən informasiya axını, qlobal xarakter daşıyan proses üzərində ayrı-ayrı ölkələrin sərhədləri çərçivəsində tam nəzarət imkanlarının məhdudluğu, klassik antiböhran alətlərinin sürətlə cərəyan edən hadisələrə cavab vermək imkanında olmaması, vaxt və resurs çatışmazlığı bütün digər istiqamətlərdə olduğu kimi, kommunikasiya sahəsində də ciddi problemlərin ortaya çıxmasına zəmin yaratdı...
Belə bir şəraitdə, real vəziyyətin təhlili, hadisələrin inkişaf dinamikasının müəyyənləşdirilməsi, proseslərin idarə edilməsi, ictimaiyyətin məlumatlandırılması, şaiyə və dezinformasiyaların qarşısının alınması, pandemiyanın toxunduğu bütün sahələrin vəziyyətdən daha az zərərlə çıxmaları üçün müvafiq qərarların qəbulu və həyata keçirilməsi üçün mərkəzləşdirilmiş əlaqələndirici qurumun yaradılmasına ehtiyac vardı. Azərbaycan Prezidenti də Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması barədə qərar qəbul etməklə pandemiya şəraitində yarana biləcək bütün çağırışlara çevik reaksiya verilməsi üçün prosesin vahid mərkəzdən idarə edilməsinə üstünlük verdi və təbii ki, qısa zaman ərzində bu qərarın yeganə doğru seçim olduğu təsdiqini tapdı. COVİD-19 virusunun ölkəmizin sərhədlərindən adladığı ilk gündən bəri yalnız kommunikasiya sahəsində həyata keçirilən tədbirlərin miqyasına nəzər yetirsək, olduqca böyük bir məsafənin qət edildiyinin şahidi ola bilərik.
Bu prosesin ən önəmli cəhətlərindən biri əhalinin marifləndirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ön sıralarda dayanmasıdır.
Bu nümunə şübhəsiz ki, müvafiq dövlət qurumlarının rəhbərlərinin, qanunverici hakimiyyətin təmsilçilərinin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının prosesdə daha fəal və əzmlə iştirak etmələrinə də öz stimullaşdırıcı təsirini göstərdi.
Ötən müddət ərzində, Operativ Qərargah, prosesdə bilavasitə iştirak edən dövlət qurumlarının ictimaiyyətlə birbaşa əlaqədə olduğunu, prosesə maneə yarada biləcək bütün süni əngəllərin aradan qaldırıldığını, KİV-lərin informasiyaya əlçatanlığının təmin edildiyini, dövlətin ictimaiyyətlə kommunikasiyasında müsbət dinamikanın nəzərə çarpdığını deyə bilərik. Onu da xüsusi olaraq qeyd etməliyəm ki, bütün bunlar COVİD-19 virusu ilə bağlı sosial şəbəkələr, eləcə də digər informasiya və kommunikasiya vasitələrində yer alan, əksər hallarda bir-birini təkzib edən ziddiyyətli məlumatların yayıldığı bir zaman kəsiyində baş verib. Həmçinin, nəzərə almaq lazımdır ki, bu müddət ərzində dezinformasiya xarakterli, yayındırıcı və yalan məlumatların əhatə dairəsi ölkənin informasiya resurslarının yayım potensialından dəfələrlə geniş olub, Azərbaycanın informasiya məkanının daxili və xarici təhlükələrdən qorunması, bir-birini sürətlə və bəzən “fasiləsiz zərbə” effekti ilə əvəz edən informasiya hücumlarına adekvat reaksiyaların verilməsi qeyri-bərabər imkanlar, resurslar çərçivəsində baş tutub.
Bu mənzərəni daha ətraflı göz önünə sərgiləmək üçün kommunikasiya sahəsində həyata keçirilən tədbirlərin ayrı-ayrı istiqamətlərinə nəzər salaq.

İnnovasiyaların tətbiqi

Dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi, açıq elektron cəmiyyətin tətbiqi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər sayəsində Azərbaycan özünü pandemiya dövründə bu prosesə ən hazırlıqlı dövlətlərdən biri və bəlkə də birincisi kimi büruzə verdi. Ayrı-ayrı dövlət qurumlarında vətəndaşların qəbulunun videoformatda keçirilməsi, mərkəzi və yerli icra hakimiyyətləri orqanları rəhbərlərinin onlayn mətbuat konfransları, sosial media üzərindən vətəndaşlarla davamlı ünsiyyətin qurulması, ayrı-ayrı sosial şəbəkələrdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərə verilən operativ reaksiyalar və həyata keçirilən tədbirlərlə bağlı hesabatlılığın şəffaf və çevik bir şəkildə təmin edilməsi, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi mexanizmini həyata keçirən, eyni zamanda qlobal miqyasda unikal kommunikasiya modeli nümunəsi olan “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti, pandemiya dövründə vətəndaşlara təklif edilən elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi böhran dövründə kommunikasiyanın təşkili baxımından uğurlu nümunələr sayıla bilər.
Bu bağlamda Elektron hökumətin inkişafı mərkəzinin “myGov”, “icaze.e-gov.az” vahid elektron portalı və 8103 SMS icazə sisteminin də xüsusi olaraq dəyərləndirilməsinə ehtiyac duyuram. Elektron icazə sisteminin tətbiqi təkcə Azərbaycan üçün deyil, regional, subregional və qlobal miqyasda COVİD-19 virusuna yoluxma sayınının qarşısının alınması, bu istıqamətdə ortaya çıxa biləcək risklərin idarə olunması baxımından unikal nümunə hesab oluna bilər. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin qısa zaman kəsiyindən sonra dünyanın müxtəlif ölkələrində tətbiqinə başlanılması bu mexanizmlərin həm də dövlət kommunikasiyasının mühüm bir hissəsi kimi effektivliyini təsdiqləyən amillərdəndir.

Kütləvi informasiya vasitələri

COVİD-19 virusunun yayılmağa başladığı ilk dövrdə bəzi Kütləvi İnformasiya Vasitələrinin, xüsusilə də yeni medianın fəaliyyətində müəyyən çatışmazlıqlar nəzərə çarpsa da, müfaviq dövlət qurumlarının, Operativ Qərargahın proseslərə şəffaf və çevik müdaxiləsi sayəsində bu problemlər qısa müddət ərzində aradan qaldırıldı. Ölkəmizdə daha öncə baş vermiş lokal böhran vəziyyətləri zamanı KİV-in fəaliyyətində yaranan problemlər, vətəndaşlara məlumatların daha dəqiq və daha operativ çatdırılması baxımından olduqca böyük məsuliyyət tələb edən pandemiya dövründə qabarıq şəkildə nəzərə çarpmadı. KİV-in məlumatlara əlçatanlığı təmin olundu, mediada əks olunan problemlərə, yaxid həqiqəti əks etdirməyən məlumatlara ayrı-ayrı dövlət qurumları tərəfindən çevik reaksiya verildi, qaldırılan problemlərin həlli prosesində kütləvi informasiya vasitələrinin iştirakı təmin edildi.
Pandemiya dövründə ortaya çıxan problemlər, həyata keçirilən tədbirlər, xüsusi karantin rejiminin qaydaları, sanitar-epidemoloji vəziyyət, sosial problemlərin həlli, sahibkarlıq subyektlərinin fəaliyyəti və digər məsələlərlə bağlı KİV Operativ Qərargahda müvafiq dövlət qurumları təmsilçilərinin iştirakı ilə keçirilən tədbirlərdə fasiləsiz olaraq məlumatlandırıldı, bu qəbildən olan tədbirlərin onlayn rejimdə və canlı yayımlanmasına imkan yaradıldı, vətəndaşların informasiyaya əlçatanlığı təmin edildi. Bu arada pandemiyanın mövcud olduğu zaman kəsiyində kütləvi informasiya vasitələrinin fasiləsiz fəaliyyəti üçün yaradılan imkanı, xüsusi olaraq qeyd etməliyəm.
Ən önəmli məqamlardan biri dövlət qurumlarının kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər hansı bir formada müdaxilə etmədən, söz və fikir azadlığına sayğı nümayiş etdirməklə onların könüllü surətdə böhran kommunikasiyasının önəmli elementlərindən birinə çevrilmələrinə nail olmağı bacarmasıdır.
Sərt qaydaların tətbiq edilməsinin vacib olduğu pandemiya dövründə fundamental insan hüquq və azadlıqlarına, o cümlədən söz və fikir azadlığına hər hansı bir formada xələl gətirilməməsi, əksinə, bu sahədə ölkədə həyata keçirilən islahatların tərkib hissəsi olaraq, yeni və pozitiv məqamların nəzərə çarpması Azərbaycan dövlətinin böhran vəziyyətlərinə kifayət qədər hazırlıqlı olduğunu, elan etdiyi prinsiplərdən bir addım da geri çəkilmədiyini nümayiş etdirir.
Sözardı
Dövlət, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, könüllülər, gənclər təşkilatları vətəndaşları obyektiv informasiyalarla təmin edən, önların həyatlarının və sağlamlıqlarının qorunması üçün müstəsna əhəmiyyət daşıyan kommunikasiya “pəncərəsi”nin daim açıq qalması və kənar təsirlərdən qorunması üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu prosesdə dövlətin dəqiq və innovativ mexanizmlərlə formalaşdırdığı kommunikasiya sisteminin özünü tamamilə doğrultuğunu və hətta postpandemiya dövrü üçün daha əlverişli bir platforma formalaşdırıldığını söyləyə bilərik. Amma bu yetərlidirmi? Təbii ki, yox! İndi hər bir Azərbaycan vətəndaşı, xüsusilə də COVİD-19 virusunun insan sağlamlığı və həyatı üçün nə qədər təhlükəli olduğunu sonunadək dərk edən, doğmalarını, yaxınlarını, bütövlükdə isə həmvətənlərini bu təhlükədən qorumağı arzulayan hər kəs bu kommunikasiya sisteminin bir hissəsinə çevrilməli, marifləndirmə və ictimai qınaq elementləri brifinqlərdən, kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən insanların sıx təmasda olduğu bütün məkanlara - marketlərə, küçələrə, parklara, həyətlərə və hətta evlərə daşınmalıdır.
Unutmayaq: Biz birlikdə güclüyük!

Elçin Mirzəbəyli