BMT: postkoronavirus dövründə prioritet məsələlər əhalinin sosial müdafiəsi və ətraf mühitin qorunması olacaq Hadisə

BMT: postkoronavirus dövründə prioritet məsələlər əhalinin sosial müdafiəsi və ətraf mühitin qorunması olacaq

Koronavirus pandemiyası Davamlı İnkişaf Məqsədlərinin qəbul edildiyi 2015-ci ildən keçən müddətdə qazanılmış bütün uğurları heçə endirə bilər. Belə bir şəraitdə həmin məqsədlərə necə nail olmalı? Yüksək Səviyyəli Məşvərət Şurasının üzvləri və BMT-nin nümayəndələri iki illik işin nəticələri barədə hesabatı BMT-yə təqdim ediblər. Hesabatın müəllifləri israr edirlər ki, beynəlxalq birlik, xüsusən indiki qeyri-müəyyən vəziyyəti nəzərə almaqla postkoronavirus dövründə sosial-iqtisadi inkişafa yanaşmanı dəyişməlidir.

BMT-nin rəsmi saytı xəbər verir ki, görüş iştirakçıları ətraf mühit məsələlərinə daha artıq diqqət yetirməyə çağırır, rəqəmsal texnologiyaların inkişafının nəticələrini təhlil edirlər. Məşvərət Şurasına müxtəlif ölkələri təmsil edən 16 məşhur alim, ictimai xadim və siyasətçi, o cümlədən Nobel mükafatı laureatı Cozef Stiqlis daxildir.

BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd görüşdə çıxış edərək deyib: “Bu il yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların sayı 100 milyon nəfər arta bilər. 1998-ci ildən bəri ilk dəfə olaraq qlobal yoxsulluq səviyyəsi artacaqdır. İqtisadiyyatı bərpa etmək, onu daha davamlı və inklüziv etmək üçün səylərimizi birləşdirməliyik”.

Onun sözlərinə görə, məruzə müəllifləri vergitutma sahəsində əməkdaşlığın möhkəmlənməsini, rəqəmsal texnologiyaların əlçatanlığının təmin edilməsini, təbii ehtiyatların lazımınca idarə edilməsinin qaydaya salınmasını və xammal ticarətinə yanaşmanı dəyişməyi tövsiyə edirlər.

Əminə Məhəmməd vurğulayıb: “Bu təkliflər BMT Baş katibinin təşəbbüslərinə müvafiqdir. Baş katib COVID-19-un sosial-iqtisadi nəticələrinə cavab tədbirlərinin həyata keçirilməsində qlobal həmrəylik nümayiş etdirməyə çağırır”.

O xatırladıb ki, planetin bütün əhalisi təhlükəsizlik şəraitində deyildirsə, onda heç kəs özünü həqiqi mənada təhlükəsiz şəraitdə hiss edə bilməz. Əminə Məhəmməd vurğulayıb: “Biz hamımız “bir gəminin sərnişinləriyik”. Əgər ölkələrdən bəziləri kənarda qalarsa, heç bir ölkə real tərəqqiyə nail ola bilməz”.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Lyu Çjenmin hesabatı təqdim edərək bildirib ki, bu sənədin müəllifləri iqtisadiyyatın inkişafı strategiyasını hazırlayarkən elmi məlumatlara əsaslanmağı, infrastruktura və təhsilə sərmayə qoymağı, iqtisadi qeyri-bərabərliyə qarşı mübarizə aparmağı, xüsusən aşağı maaşlı qulluqçuların əməkhaqqının mütəmadi olaraq artırılmasının təmin edilməsi üçün tədbirlər görməyi tövsiyə edirlər.

Berlindəki Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratser Avropa İttifaqı ölkələri tərəfindən bu günlərdə əldə edilmiş razılaşmanı yüksək qiymətləndirib. Onun sözlərinə görə, Avropanı birlikdə bərpa etmək və Aİ-nin nisbətən yoxsul üzvlərinə kömək etmək barədə razılığa gəlmiş 26 dövlət həm də yeni maliyyə ittifaqının əsasını qoyublar. Bu ittifaq, məsələn, vergitutma sahəsində birgə qərarlar qəbul etməyə imkan verəcək.

Amerikalı iqtisadçı Cozef Stiqlis qeyd edib ki, dünyanın bəzi ölkələri başqaları ilə müqayisədə pandemiyanın öhdəsindən daha uğurla gəliblər. Stiqlis həmin ölkələrin uğurlarının səbəbini təhlil edib. Nobel mükafatı laureatının fikrincə, əhalinin hökumətə etimadı, sosial həmrəylik və problemlərin həllinə elmi yanaşma mühüm rol oynayıb. O vurğulayıb: “Biz müdafiəyə ehtiyac hiss edəndə həmişə dövlətə güvənirik. Lakin dövlətin rolu daim azalanda fövqəladə hallarda hökumət fəaliyyət göstərə bilmir”.

Stiqlis beynəlxalq birliyin gələcəyi barədə mülahizələrini də bölüşüb. Onun fikrincə, ölkələr yerli istehsalı genişləndirməyə çalışacaqlar, çünki pandemiya şəraitində qlobal təchizat sistemində nasazlıqlar, dövlətlərin “zəif yerləri” üzə çıxıb. Bununla bərabər o vurğulayıb ki, iqtisadiyyatı bərpa etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmlətmək lazımdır.