Hökumət avropalı olmağımıza razılıq verdi Hadisə

Hökumət avropalı olmağımıza razılıq verdi

Coğrafiya İnstitutu: "Azərbaycanın Avropa qitəsinə də aid edilməsi təklifi müzakirə olunacaq"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanda Avropa və Asiyanı bölən sərhəd xəttinin müəyyənləşdirilməsi və ölkənin Avropa qitəsinə də aid edilməsi təklifinə hökumət tərəfindən razılıq verilib.
Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya açıqlamasında deyib ki, baş nazirin müavini Abid Şərifov bu istiqamətdə işlərin görülməsi barədə tapşırıqlar verib. R.Məmmədov qeyd edib ki, mövcud məsələ ilə bağlı AMEA prezidenti Akif Əlizadəyə müəyyən təkliflər veriləcək və burada dekabrın 10-da konfransın keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu sərhəddin müəyyənləşdirilməsi tək Coğrafiya İnstitutunun işi deyil: "Bununla bağlı digər qurumlarla da birgə iş aparmalı və onların fikirləri nəzərə alınmalıdır. AMEA prezidentinə təklif edəcəyik ki, dekabrın 10-da konfrans çağırılsın və burada müəyyən məsələlər həlli olunsun. Bu konfrans çərçivəsində mütəxəssislər sərhədləri müəyyənləşdirməlidirlər. Bu işlər görüləndən sonra Azərbaycan transkontinental ölkə olacaq. Yəni, ölkənin ərazisi həm Avropa, həm də Asiya qitəsinə aid olacaq. Azərbaycanda qitələrin ayrıldığı yerdə arka da tikilə bilər".
Qeyd edək ki, bir müddət öncə Coğrafiya İnstitutunun alimləri tərəfindən təqdim olunan təkliflərdə qeyd olunub ki, sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları, Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Mangistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib. Qeyd olunub ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilmiş beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmayıb. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmamış, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib.
Azərbaycan ərazisinin 1/16 hissəsi Avropanın hüdudlarına düşür. Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur. Bakıda Şüvəlan qəsəbəsinin çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Azərbaycanın Avropaya düşən hissələrinə Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asya, yarısı isə Avropa hüdudlarına daxildir.