Uşaq ölümü problemi... Hadisə

Uşaq ölümü problemi...

Daha çox yeni doğulmuş körpə və 5 yaşadək uşaqların ölümü halları baş verir

"Amerikanın Səsi" radiosunun məlumatına görə, əgər 1990-cı ildə 5 yaşından aşağı 12.7 milyon uşaq ölürdüsə, 2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın həyatını itirməsi deməkdir. Stanford Universitetinin əhali sağlamlığı üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı gəlirli ölkələrdə malyariya xəstəliyi və ishalın müalicəsi ilə bağlı vəziyyət dəyişib. O, 54 ölkədə keçirilən demoqrafiya və səhiyyə sorğularına rəhbərlik edib. Sorğular 929 min ailədən 1.2 milyon qadın arasında keçirilib. Bunun nəticəsi olaraq yoxsul ailələrdə doğulan 1000 körpədən 4.3, orta gəlirli ailələrdə 3.36, zəngin ailələrdə isə 2.06 faiz uşağın dünyasını dəyişdiyi məlum olub.
Azərbaycan əhalisinin təxminən 30 faizini uşaqlar təşkil edir və bu say təxminən 3 milyondur. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu qeyd edir ki, uşaqların qidalandırılması ilə bağlı da ciddi problemlər müşahidə olunur və anemiya və qısaboyluluq (yaşa görə boy) hallarının geniş yayılması buna sübutdur. Bu faktorların hər ikisi uşaqların əqli inkişafına və xəstəliklərə olan fiziki davamlılığına təsir edir. Bundan əlavə gənclərin HİV üzrə məlumatlılığı və sağlam həyat tərzi, yaşam bacarıqları zəifdir və bunun nəticəsində də riskli davranış meylləri geniş yayılıb. Bu səbəbdən də hökumət onları özlərini müdafiə etmək üçün ehtiyacları olduqları biliklər və uzun müddətli perspektivdə gedə biləcəkləri, fikirlərini ifadə edə biləcəkləri, konstruktiv qaydada hərəkət edə biləcəkləri məkanlar və yeniyetmələrin enerjisini faydalı işlərə yönəldən kanallar ilə təmin etməlidir.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun apardığı araşdırmada müəyyən edilib ki, HİV infeksiyasına yoluxma halları əsasən venadaxili narkotik vasitə istifadəçiləri arasında yayılmışdır və son zamanlar aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, narkotik vasitə istifadəçilərinin 96 faizi təhlükəsiz cinsi əlaqə təcrübəsindən istifadə etmir, 46%-i isə eyni şpris və iynələrdən istifadə edirlər. Bir çox digər ölkələrdə bu problemin nəzarət altına alınmasına baxmayaraq, Azərbaycanda bu halın epidemiya halına keçəcəyi təhlükəsi vardır.
Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyəti embrional şişlərdir. Ancaq doğulduqdan bir müddət sonra özünü göstərir. Yəni, böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, irsi faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər kəs də düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür. Mütəxəssislərin dediyinə görə, əsas onkoloji xəstəliklər 3-10 yaş arası uşaqlarda rast gəlinir. Ümumilikdə onkolji xəstəlikli uşaqların sayı çox deyil. Həkimlərin fikrincə, uşaqlar arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir.
Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, ailədə yaşayanların hüquqlarının qorunmasıyla bağlı da problemlər az deyil. Ölən uşaqların statistikası yoxdur, intihar edənlərin də dəqiq statistikası aparılmır. 2004-cü ildə 35 uşağın özünə qəsd etməsi məlumdur. Ancaq səbəblər müəyyənləşdirilməyib. Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var.
Hələ 2012-ci ildə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mark Herevard mətbuata müsahibəsində bildirmişdi ki, "BMT tərəfindən uşaq ölümünün tərifi üçün müəyyən olunmuş yanaşma Səhiyyə Nazirliyinin uşaq ölümünün səviyyəsini hesablamaq üçün istifadə etdiyi yanaşmadan fərqlənir. Azərbaycanda hələlik beynəlxalq "diri doğum meyarı" qəbul edilməyib. Bu səbəbdən də ölümün səviyyəsi ilə bağlı rəsmi statistik göstəricilər daha aşağıdır və bu göstəricilərlə BMT-nin göstəriciləri arasında çox böyük fərq var".
Tibb elmləri doktoru Adil Qeybulla isə bildirir ki, faktiki rəqəmlərlə rəsmi statistika arasında fərq təkcə bu sahədə deyil: "Bunun əsas səbəblərindən biri odur ki, əhalinin böyük əksəriyyəti yaşadığı yerdə qeydiyyatda deyil. Uşaq ölümü əsas doğuşla bağlıdır. Bunların da çoxu qeydiyyata alınmır. Çünki doğuşun özü bəzən ev şəraitində həyata keçirilir və bu da rəsmi statistikaya təsir edir. Rəqəmləri az göstərmək üçün təəssüf ki, bəzən rəsmi statistikada məqsədli endirimlər olur. UNISEF-in tək uşaq ölümü yox, həm də bəzi başqa məsələlərlə bağlı göstəriciləri rəsmi rəqəmlərlə bir araya sığmır. Yaxud vərəmlə bağlı Dünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərlə bizim statistika arasında ciddi fərqlər var. Bütün bunların qarşısını almaq üçün qeydə alınmayan doğuş və bu kimi başqa məqamlara ciddi nəzarət olmalıdır. Əks halda real statistika ilə rəsmi statistika arasında fərq yaranacaq".
Azərbaycan hələ 2000-ci ildə BMT tərəfindən qəbul edilən "Minilliyin İnkişaf Məqsədləri" bəyannaməsinə qoşulan ilk ölkələrdəndir. Bəyannaməyə görə, 2015-ci ilədək dünyada 5 yaşadək uşaqlar arasında ölüm 2/3 dəfə, ana ölümü halları isə 3/4 dəfə azaldılmalıdır. Azərbaycan da bu bəyannaməyə qoşulmaqla həmin öhdəliyi üzərinə götürüb. Artıq qoyulan hədəflərə çatılması üçün müəyyənləşdirilən müddətin əsas hissəsi arxada qalıb. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Dünya Camalovanın sözlərinə görə, əldə olunan nəticələr göstərir ki, Azərbaycan ana və uşaq ölümü səviyyəsinin azaldılması ilə bağlı öhdəliklərə əməl edə bilməyən ölkələrdən biri olacaq: "UNİCEF-in açıqladığı son hesabata əsasən, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə 195 ölkə sırasında 61-ci yeri tutur. Hesabatda son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 53 faiz azaldığı bildirilir. 1990-cı ildə Azərbaycanda dünyaya gələn hər min uşaqdan 95-i beş yaşına çatmamış ölürdüsə, ötən il bu rəqəm hər min uşağa 45 fakt təşkil edib. Qeyd edim ki, Rusiya bu siyahıda 128-ci, Ermənistan 102-ci, Gürcüstan 91-ci, Qazaxıstan 78-ci, Özbəkistan 56-cı, Türkmənistan 54-cü, Tacikistan 46-cı yeri tutur.
İqtisadi Tədqiqatlar Mərkəzinin də üzv olduğu Yoxsulluqla Mübarizəyə Çağırış Milli Koalisiyası çərçivəsində aparılan araşdırmalar göstərir ki, Azərbaycanda ana və uşaq ölümünü artıran faktorlardan biri erkən nikahlardır. Belə ki, erkən yaşda – 14-15 yaşında ərə verilən qızlar arasında uşaqsalma, ölüdoğulma və ana ölümü halları daha yüksəkdir. Bunun bir səbəbi qızların orqanizminin analıqla bağlı təbəddülatlara hazır olmamasıdırsa, digər mühüm bir səbəb təhsil almadan, necə deyərlər, "gözünü açmamış" ərə verilmədir. Bu zaman erkən hamilə qalan qızlar hamiləlik dövründə özlərinin və uşaqların sağlamlıqlarını qorumaq üçün zəruri olan tədbirlərdən xəbərsiz olurlar: nə düzgün qidalanırlar, nə vaxtlı-vaxtında həkim müayinəsindən keçirlər, nə də orqanizmin müxtəlif fəsadlar barədə veridyi həyəcan siqnalını tuta bilirlər. Hətta bir çox hallarda 6-8 aylıq uşaqlarını itirən "erkən" analar buna adi bir hal kimi baxaraq, heç həkimə müraciət etmək barədə düşünmürlər də. Yalnız 2-3-cü belə haldan sonra həkimə gedirlər ki, əksər hallarda bunun faydası da olmur. 14-15 yaşlı təhsilsiz, dünyagörüşü olmayan uşaqla 22-25 yaşlı, təhsil almış, həyatdan məlumatlı olan qadının hamiləlik və analığa, uşağa qulluğa, tərbiyə verməyə münasibəti arasında fərq yerlə-göy qədərdir. Belə analar yeni doğulmuş uşağa da doğru-düzgün baxa bilmir, uşaqlarını müxtəlif xəstəliklərdən qorumağı bacarmırlar.
Dunya Camalovanın sözlərinə görə, erkən ailə quran qızlarla bağlı daha bir problem onların qanunda nəzərdə tutulan yaşa çatmadıqları üçün nikah bağlaya bilməmələridir: "Bildiyiniz kimi, rəsmi nikahı olmayan qadınlar əksər hallarda hamiləliklə bağlı zəruri həkim müayinəsindən də keçə bilmirlər. Eyni zamanda valideynlər və ər evindəkilər məsuliyyətə cəlb olunmadan qorxduqları üçün belə qadınlarda uşaqların tələf olması faktlarını gizlədirlər. Bu, həm də anaların özlərinin həyatını itirməsi hallarına da aiddir: hamiləlik və doğuş səbəbilə dünyasını dəyişən 18 yaşa çatmamış qadınların əsl ölüm səbəbləri əksər hallarda gizlədilir. Belə hallar xüsusilə ucqar rayonlarda tez-tez baş verir.
Respublikanın baş pediatrı Nəsib Quliyev də ana və uşaq ölümü faktlarının olduğunu gizlətmir. Onun dediyinə görə, təkcə 2011-ci ildə Elmi Tədqiqat Pediatriya İnstitutunda 615 körpə dünyasını dəyişib. Ümumilikdə ölən uşaqların sayı isə 1903 nəfərdir". Baş pediatr deyir ki, institutda daha çox yeni doğulmuş körpə və 5 yaşadək uşaqların ölümü baş verir: "5 yaşdan yuxarı uşaqların ölüm hadisəsi nadir hallarda olur. Bütün ölüm faktları qeydə alınır və bu faktı gizlətmək mümkün deyil".
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə hesab edir ki, ana və uşaq ölümü bir neçə amillərlə bağlıdır: "Başlıca səbəb hamilə qadınların bir qisminin bu məsələyə səhlənkar yanaşmasıdır. Məsələ ondadır ki, onların bir çoxu hamiləlik dövründə vaxtında müayinədən keçmir. Qadının özündə olan bir sıra xəstəliklər hamiləliyin normal keçməsinə imkan vermir ki, bu da nəticə etibarilə ölüm hallarına gətirib çıxarır. O cümlədən, hamilə qadının kifayət qədər normal qidalanmaması və əsəb gərginliyi də doğuş zamanı ölüm risqini artıran faktorlardan biri hesab olunur. Bu cür səhlənkar qadınlar arasında erkən nikaha girmiş yeniyetmələr çoxluq təşkil edir. Yəni bu cür halların yaşanmasında erkən nikahların da özünəməxsus rolu var. Problem ondadır ki, bir çox regionlarda qızları erkən yaşlarda ərə verməyə çalışırlar. Yetkinlik yaşına çatmayan azyaşlı qızların orqanizmi uşaq dünyaya gətirməyə hazır olmur. Bu zaman sözügedən bədbəxt hadisələrin baş verməsi üçün olduqca münbit zəmin yaranır. Nəticədə, ana ölümü çox olmasa belə, bu, əksər anaların əlil və yaxud da sonsuz olmasına gətirib çıxarır".

Ülviyyə Tahirqızı