Qadın olan yerdə… Hadisə

Qadın olan yerdə…

Günel Cəlilova: "…Obyektivlik və ədalət daha çox olar"

Naibə Qurbanova: "…Mövcud patriarxal sosial normalar qadınların kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə imkan vermir"

Təranə Xudabaxşıyeva: "Qadınlarımız seçdikləri sahələrdə aktiv olsalar mütləq nəticə əldə edəcəklər

Gender bərabərliyi müxtəlif zamanlarda ən çox müzakirə olunan mövzulardan biridir. Hələ də bu məslələdə mövqelər müxtəlifdir. Ümumiyyətlə qadınların ölkənin ictimai-siyasi həyatında təmsilçiliyinin artırılması üçün hansı addımlar atılmalıdır?
Jurnalist Əfsanə Ələsgərlinin qənaətinə görə, bu gün qadınlar ölkənin müxtəlif sferalarında təmsil olunurlar: "15-20 il əvvəl qadınlar "ənənəvi" sahələrdə; daha pedoqoji və tibb sahəsində çalışmağa üstünlük verirdilərsə, bu gün artıq Azərbaycan qadını iqtisadiyyatda, siyasətdə, idmanda və s. uğurla təmsil olunur. Milli Məclisdə qadınların təmsil olunması, qadınların ictimai-siyasi fəallığı, uğur qazanmaları əlbəttə ki, gənc xanımların da ictimai-siyasi fəallığının artırılmasına stimul verir. Düşünürəm ki, istedadlı və yüksək potensialı olan xanımların daha çox irəli çəkilməsi həm cəmiyyətimiz üçün, həm də onların karyera qurmaları üçün olduqca vacibdir. Kvotaya gəldikdə isə, məncə, bizə kəmiyyətdən çox keyfiyyətə önəm vermək lazımdır".
Jurnalist Günel Cəlilova diqqətə çatdırdı ki, gender - günün tələbidir. Onun fikrincə, bu gün nə qədər bu barədə danışılsa da gender bərabərliyi pozulur: "Qadinlar ictimai siyasi həyatda aktiv olmaq istəyirlər, amma onlara qolu güclülər bir şəkildə mane olmaq istəyir. Buna baxmayaraq, son illər bu sahədə az da olsa irəliləyiş hiss olunur. Son parlament seçkilərində deputat mandatı qazanan qadınların sayı əvvəlki seçkilərə nisbətən artıb. Ümid edirik ki, növbəti parlament seçkilərində də deputat mandatı qazanan qadınların sayı daha da artacaq. Qadınlar ictimai-siyasi proseslərdə nə qədər aktiv olarlarsa həmin işdə obyektivlik və ədalət daha çox olar. Bu fikrimə görə yəqin ki, bəylər məndən inciyəcək. Amma etiraf edək ki, tarixən qadınlar kişilərə nisbətən daha çox ədalət tərəfdarı olublar. Qadınların ictimai həyatda rolunun artırılması üçün maarifləndirmə işinin daha da artırılmasına ehtiyac var. Qizların təhsil almasına diqqət yetirmək lazımdır. Bu işdə məsuliyyət daha çox valideynlərin üzərinə düşür".
Politoloq Ramiz Alıyev diqqətə çatdırdı ki, ümumiyyətlə Azərbaycanda hər zaman qadınlara idarəçilikdə xüsusi önəm verilib: "Belə ki, bütün dönəmlərdə qadınların yüksək səviyyəli idarəçilik və iş qabiliyyətindən həm dövlət orqanları, həm də özəl qurumlar yüksək səviyyədə yararlanıblar. Qadənların hüquqlarına da ölkəmizdə xüsusi diqqətlə yanaşılıb. Məlumdur ki, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınların səsvermə hüququ tanınıb. Müasir zamanda da ölkəmizin istənilən strukturunda kişilərlə bərabər qadınlar da fəalliyət göstərir. Bu gün demək olar ki, bütün seçkili orqanda qadınlar təmsil olunurlar".
O, həmçinin əlavə etdi ki, bələdiyyə seçkilərində də bu proses gedir və nəticə olaraq özünüidarəetmə orqanında xanımların sayı daha da çoxluq təşkil edir. Bu il keçiriləcək bələdiyyə seçkilərində namizədlərin böyük əksəriyyəti demək olar ki qadınlardır. Dövlət tərəfinden qadınların iş bacarığına böyük önəm verilməsi ona gətirib çıxarıb ki, artıq özəl qrumlarla yanaşı siyasi partiyaların da namizədlərinin böyük əksəriyyətini qadınlar təşkil edir. Bu böyük uğurdur. Hər ölkədə qadınlara münasibət belə yüksək səviyyədə deyil. Bu cür addımları dəyərləndirmək lazımdır. Düzdür, bu sahədə də bəzi problemlər qalmaqdadır, məsələn elə regionlarımız var ki, bəzən valideynlər qız uşaqlarını orta məktəblərə buraxmır və yaxud bir neçə sinif oxuduqdan sonra məktəbdən çıxarırlar. Bu əslində həmin uşağın gələcəkdə valideyn olaraq öz övladlarına təhsildə və həyatda dəstək ola bilməyəcəyinə gətirib çıxarır və.s. Düşünürəm ki, bu sahədə maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır, televizyalarda bu probleəmə dair reklam roliklərinə önəm verilməlidir. Dövlətlə yanaşı QHT və KİV-lərin də üzərinə böyük yük düşür bu sahədə. Bu gün QHT ve KİV sektorunda çalışanların da əksəriyyəti qadınlardır. Hesab edirəm ki, bu problemi birlikdə əməkdaşlıq nəticəsində aradan qaldırmaq olar".
Jurnalist Naibə Qurbanova vurğuladı ki, heç bir şərhsiz artıq sübut olunub ki, demokratiyanın inkişafının əsas prinsiplərindən biri gender bərabərliyinin təmin olunmasıdır: "Ölkə əhalisinin əskəriyyətini qadınlar təşkil edən Azərbaycanda da gender mədəniyyəti prioritet məsələlərdəndir. Çünki bu gün də cəmiyyətdə mövcud patriarxal sosial normalar qadınların kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə imkan vermir. Elə bu səbəbdən də Azərbaycanda ictimai-siyasi proseslərdə gender münasibətlərinin ədalətli şəkildə tənzimlənməsi tələb olunur. Düzdür, bu sahədə addımlar atılır, icra strukturlarında məsul vəzifələrin qadınlara həvalə olunmasına artıq start verilib. Amma şox istərdim ki, bu vəzifələrə təsadüfi şəxslər deyil, sözün əsl mənasında idarəçiliyi bacaran xanımlar təyin olunsun. Məsələn, bu yaxınlarda icra hakimiyyətinin müavini təyin olunmuş bir qadın açıqlama verərərək gecə yatıb səhər yuxudan duranda ona vəzifə verildiyini eşitdiyini demişdi. Mətbuatda bu fikri tirajlanan kimi ona qarşı ictimai qınaq başladı. Əslində isə məmur xanım o gülməli açıqlamanı verməməliydi. Yəni o vəzifəyə özünü hazırlamalı idi və iddialı şəxs kimi bu xəbəri adi qarşılamalı idi. Məsələnin başqa bir tərəfi də var, çox vaxt potensialı və söz demək bacarığı olan qadınlara qarşı qısqanclıq hissinin olması. Bizdə hələ də belə hesab edirlər ki, seçkilərdə namizədliyi vermək, vəzifədə olmaq ancaq kişiyə məxsusdur. Bütövlükdə cəmiyyətdə qadınlara qısqanc münasibət, onlara yuxarıdan aşağı baxmaq, qadını hüquqsuz və yalnız mətbəxdə görmək istəyi var. Bunlar məsələnin psixoloji tərəfi olduğu üçün cəmiyyət hazırlanmalıdır buna və əvvəlcə qadınlar vəzifəli, bacarıqlı qadın imicini yaratmalıdır".
Siyasi ekspert Əli Orucov isə diqqətə çatdırdı ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı problem demək olar ki, yoxdur: "Qadınlar həyatın bütün sifaralarında fəaliyyət göstərmək imkaı qazanıb. Hakimiyyət qollarında da kifayət qədər xanımlarımız təmsil olunurlar. Elə sahələr var ki, əksinə kişilər azalıqda qalır. Tutaq ki, təhsil sahələrində siz araşdırma aparsanız görərsiz ki, orta məktəblərdə kişilərin sayı barmaqla sayıla biləcək qalıb. və bu azalma da davam edir. Amma əksinə qadınların fəallığı və iştirak faizi ilbəil artır. Ölkənin ictimai-siyasi həyatında da qadınların çəkisi nəzərəçarpacaq dərərəcədə hiss olunmaqdadır. Ona görə də hesab edirəm ki, diğər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycan qadınlarına qarşı heç bir diskriminasiya yoxdur. Qadınlarımız bütün sahələrdə və bütün göstəricilərdə kişilərdən geridə qalmırlar. Azərbaycan qadını istər intellektual, istər dünyagörüşü, istər milli mənəvi dəyərlərə sadiqliyi, zəhmətkeşliyi və işgüzarlığı baxımından hətta ən yüksək inkişaf etmiş cəmiyyətlərin qadınlarından irəlidədir".
Taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşıyeva vurğuladı ki, hazırda gender bərabərliyi demək olar ki bütün sahələrdə qorunur: "Artıq əvvəllərdə olduğu kimi "qadın", "kişi" işinə ayırmırlar sənətləri. Hətta ən ağır və çətin sahələrdə də qadınlarımız kişilərlə çiyin çiyinə işləyir. 20 il öncəyə baxanda idmanda da bunu görə bilərik. 90-ci illərin sonuna yaxın Azərbaycanda qadın idmançılar az idi. "İdman qadın işi deyil" deyə bir fikir formalaşmışdı valideynlərə. Hazırda isə bu sahədə gender bərabərliyi bərpa olunub. Ən çətin və məsuliyyətli sənət sayılan hakimlikdə belə biz qadınların olması buna bariz nümunədir. Qadınlarımız seçdikləri sahələrdə aktiv olsalar mütləq nəticə əldə edəcəklər".

Əli