Qrant müqavilələri: qayda və bildiriş intizarı nə vaxt bitəcək? Hadisə

Qrant müqavilələri: qayda və bildiriş intizarı nə vaxt bitəcək?

Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı fərmana əsasən, Azərbaycanda qrant müqavilələrinin qeydiyyata alınması qaydaları noyabrın 1-dən ləğv edilib. Həmin fərmanda prezident Nazirlər Kabinetinə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasının yeni qaydalarını hazırlamağı da tapşırmışdı. Fərmana görə, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minməli idi. Lakin noyabrın 14-də prezident 24 iyul fərmanının həmin hissəsini, yəni qrant müqavilələrinin qeydiyyata alınmasının yeni qaydalarının noyabrın 1-dən qüvvəyə minməsi müddəasını ləğv etdi. Beləliklə, noyabrın 1-dən Azərbaycanda qrant müqavilələrinin qeydiyyata alınması haqda köhnə qaydalar ləğv edilib, yeni qaydalar isə qüvvəyə minməyib.
Noyabrın 26-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İdarə Heyətinin üzvü, şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev "Media forum" saytına deyib ki, qrant müqavilələrinin qeydiyyata alınması haqda yeni qaydalar qüvvəyə minənədək bağlanmış qrant müqavilələri ilə bağlı məsələlərin necə həll olunacağına yaxın vaxtlarda aydınlıq gətiriləcək: "Qanunvericiliyə görə, yeni qaydalar qüvvəyə minənə qədər köhnə qaydalar qüvvədə qalmalıdır və qrant müqavilələrinə köhnə qaydalar şamil edilməlidir. Amma hazırda bunun icra mexanizmi ilə bağlı məsələlər aydın deyil. Ona görə də icra mexanizmi üzərində, yəni nəyi necə, hansı formada həyata keçirməklə bağlı müəyyən hazırlıq görülür. Güman edirəm ki, yeni qaydalar qüvvəyə minənədək bağlanmış müqavilələrə aid məsələlərə qarşıdakı müddətdə aydınlıq gətiriləcək və qanunun tələbləri nəzərə alınmaqla məsələlər pozitiv istiqamətdə həllini tapacaq.
Əlbəttə, hazırda qeyri-müəyyənlik müşahidə edilir, köhnə qaydalar qüvvədən düşüb, yenisi isə yoxdur. Əgər yeni qayda köhnələrin vəziyyətini yüngülləşdirərsə, onda yeni qaydalar geriyə tətbiq edilə bilər. Yox, əksinə olarsa, şübhəsiz ki, əvvəlki qaydaların normaları tətbiq edilməlidir. Güman edirəm ki, məhz bu varianta üstünlük veriləcək. Hazırda isə qrant müqavilələri üzrə maliyyə əməliyyatları həyata keçirmək üçün banka təqdim edilməli olan bildirişlərin (bu bildirişləri qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Ədliyyə Nazirliyi verir – red.) alınmasında problemlər var. Amma bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün çox gərgin iş gedir. Yeni qaydalar qüvvəyə minənə qədər bir çox qərar qəbul edilməlidir ki, köhnə qaydanın qüvvədə olduğu vaxt imzalanan qrant müqavilələri və ya artıq icra edilməkdə olan müqavilələrlə bağlı problem həllini tapsın. Yeni qaydalar qüvvəyə minənə qədər yəqin ki, köhnə qrant layihələrinin aqibəti haqda yeni qərarlar olacaq".
Əliməmməd Nuriyevin sözlərinə görə, bu problemlərin yaranmasına əslində bəzi QHT-lərin qeyri-şəffaf fəaliyyəti səbəb olub: "Bəzi QHT-lər aldığı qrantları təyinatı üzrə xərcləməyib. Bununla bağlı ayrı-ayrı faktlar, istintaqda olan işlər, məhkəmə qərarları var. Yeni situasiya təsadüfi yaranmayıb, qanuna əlavə və dəyişikliklər öz-özünə baş verməyib, bunu zəruri edən hallar var. Bir sıra QHT-lər aldıqları qrantlardan tamamilə siyasi məqsədlər, ayrı-ayrı sifarişlər üçün istifadə edib. Dövlət orqanları bu məsələni araşdırmalı idilər və araşdırıblar da. Kim siyasətlə məşğul olmaq, ayrı məqsədlər üçün çalışmaq istəyirsə, gedib məşğul olsun, amma vətəndaş cəmiyyətinin fəaliyyəti bu maraqlara yönəldilməməlidir. Milli maraqlarını qoruyan hər bir ölkə bu prosedurlara baxmalı idi. Dünya təcrübəsində qrantların verilməsi proseduru heç də asan, sadə deyil. Qrant verilməsi prosesindən sui-istifadələr, ayrı-ayrı maraq və məqsədləri təmin etmək cəhdləri olur və yəqin ki, gələcəkdə də olacaq. Ona görə etibarlı mexanizmlərin yaranması labüddür ki, belə halların qarşısı alınsın".
Xarici donorların fəaliyyətinin məhdudlaşdığı bir vaxtda yerli donorlar QHT sektoruna dəstək vermək gücündədirmi? Əliməmməd Nuriyev suala cavab olaraq bildirib: "Əgər xarici donorların ölkədə fəaliyyəti daralarsa, Azərbaycanın iqtisadi vəziyyəti imkanı verir ki, yerli donorlar QHT-lərin layihələrini maliyyələşdirsin. Nəzəri baxımdan bu imkan var. Rəsmi statistikaya görə, illik qrantların yalnız 35 faizi xarici donorların hesabına düşür. Yəni söhbət həmin 35 faizi təmin etməkdən gedir. Yerli donorlara təşviq edilməlidir ki, QHT-lərin ictimai xarakter daşıyan layihələrini maliyyələşdirməkdə daha fəal olsunlar.
Amma xarici donorların da Azərbaycanda fəaliyyətini qadağan edən bir norma yoxdur. Sadəcə prosedurlar bir qədər sərtləşib. O proseduru keçən istənilən donor Azərbaycanda qrant vermək hüququ əldə edə bilər. Yeni qaydalarda nəzərə alınır ki, bürokratik əngəllər yaranmaması üçün qrantların verilməsi ilə bağlı müraciətlərə daha qısa müddətdə, elektron formada baxılsın. Bütün hallarda şaxələnmənin tərəfdarıyam. Güman etmirəm ki, yalnız bir mənbədən maliyyələşmə tam yetərlidir".