Azərbaycanın ilk xanım naziri Hadisə

Azərbaycanın ilk xanım naziri

Tahirə Tahirova həm də ilk xanım neft mühəndisi idi

O elə bir dövrdə doğulmuşdu ki, oxumaq istyəyənləri təqib edirdilər, savad arzusunda olanlar cahillər tərəfindən qətlə yetirilirdi, ziyalı xanımlara barmaqarası baxılırdı. Elə bir dövrdə fəaliyyət göstərmişdi ki, fəalların başı üzərində "domokl qılıncı" asılmışdı. Ən kiçik büdrəmə həyatı bitirməyə səbəb ola bilərdi. Lakin bütün bunlar onu savadlanmaq, irəli getmək və nailiyyətlər qazanmaqdan saxlaya bilmədi. Bir xanım kimi uzaqlara getdiyi yolda daim təzyiqlərin hədəfi oldu. Amma dayanmadı , daim getdi…
Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabrın 7-də Zakaspi vilayətinin (Türkmənistan) Bayraməli şəhərində müəllim ailəsində anadan olub. Onun əslən şuşalı olan ulu babası müsəlman aləmində böyük hörmətə və ensiklopedik təhsilə malik şeyxülislam Mirzə Həsən Tahirzadə idi. Tahirzadə ali ruhani təhsilini Təbrizdə almışdı. Burada ərəb, fars, tatar və bir sıra türk dillərini mükəmməl öyrənmişdi. Təhsilini bitirdikdən sonra Təbrizdə məktəb açan Mirzə Həsən Tahirzadə buranın həm müdiri, həm də müəllimi kimi fəaliyyət göstərir. Bir müddət sonra isə Mirzə Həsən Qarabağa qayıdaraq Jəbrayıl qəzasının Qarğabazar kəndində məktəb açır və kənd uşaqlarının təhsil alması üçün əlindən gələni edir. Sonralar Peterburq (indiki Sankt-Peterburq) universitetinin fars dili kafedrasına müəllim kimi dəvət alır. 1879-cu ildə isə Mirzə Həsən Tiflisdəki Qafqaz müsəlmanları ruhani idarəsində yüksək vəzifəyə təyin olunur. 1880-ci ildə Gəncə quberniyasının Şuşa, Zəngəzur və Javanşir qəzalarının qazısı və Şuşa məclisinin sədri seçilir. Bu sahədə göstərdiyi dəyərli xidmətlərinə görə Mirzə Həsən Qafqaz şeyxülislamı və şiə ruhani idarəsinin sədri təyin edilir. Tahirə xanımın atası Əkbər Tahirov isə o zamanlar çox məşhur olan Qori müəllimlər seminariyasını bitirir və rus dili müəllimi kimi Türkmənistan vilayətinə göndərilir. İstedadlı pedaqoq qərib diyarda ona bəslənən ümidləri doğruldur. Elə qızı – azərbaycanın ilk xanım naziri - Tahirə xanım da burada dünyaya gəlir. 1920-ci ildə Tahirovlar ailəsi Bakıya köçür. Tahirə xanım Bakıda məktəbə getmiş və 1929-cu ildə onu müvəffəqiyyətlə bitirərək Azərbaycan Neft İnstitutunun nəzdindəki fəhlə fakültəsinə daxil olur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Tahirə xanım həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın idi.
1936-cı ildə Moskvada sovet partiya və hökumət rəhbərləri, şəxsən İ.Stalin Azərbaycandan gələn nümayəndə heyətini qəbul edir. Nümayəndə heyətinin tərkibində gənc neft mühəndisi Tahirə də vardı. Bakıya qayıtdıqdan sonra Tahirə xanım istehsalatda işləməyə üstünlük verir və neft mühəndisi kimi Bakının bir sıra neft mədənlərində çalışır. Sonradan Tahirə xanım xatirələrində yazırdı ki, ilk vaxtlar ona çox çətin idi, çünki mədənlərdə, buruqlarda qadınlar yox səviyyəsində olduğundan kişilər onu öz kollektivlərinə qəbul etmək istəmirdilər. Amma çox keçmir ki, Tahirənin istedad və bacarığı kişiləri onunla barışmağa vadar edir: enerji və qətiyyətli xarakterə sahib olan bu xanım onların etimadını və hörmətini qazana bilir. Beləcə kişilərlə çiyin-çiyinə çalışmağa başlayır.
Tələbə vaxtı tanış olduğu geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə həyatı qurur Tahirə xanım. Cəmi bir il sonra müharibə başlayır. Çoxları kimi, Tahirə xanımın həyat yoldaşı Abdulla da cəbhəyə gedir. Tahirə xanımın neft sənayesi sahəsində aldığı təhsil və göstərdiyi fəaliyyət müharibə illərində onun daha da məsuliyyətli bir işi üzərinə götürməsinə səbəb olur. Belə ki, Tahirə xanım Mərkəzi Komitənin neft sənayesi şöbəsinin müdiri kimi ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz təmin olunmasına birbaşa cavabdeh şəxs idi.
Onu tanıyanlar deyirdilər ki, Tahirə xanım xaraktercə azdanışan və dəbdəbəli həyatı sevməyən bir insan olub. Hər kəsin fikrini sonadək dinləmək qabiliyyəti göstərən xanım Tahirova ədalətli və gərəkli bildiyi hər bir addımı kimsəylə hesablaşmadan atırdı. Bu isə sovetin "domokl qılıncı" insanlanın başı üzərində olduğu bir zamanda elə də asan məsələ deyildi. Amma Tahirə xanım öz vicdanının səsinə qulaq asırdı. Müharibə illərində onsuz da öhdəsinə götürdüyü məsuliyyətli işlə cəbhəyə yardımını əsirgəməyən bu xanım ailə üzvlərinin ona bağışladığı və yeganə bəzək əşyası olan brilyant üzüyünü də Müdafiə fonduna vermişdi.
Müharibə qurtarandan sonra Tahirə xanım öz fəaliyyətinə eyni gərginliklə davam edir. Azərbaycan Sənaye institutunda elmi və pedoqoji fəaliyyəti ilə bahəm həm də neft yataqlarının istismarı kafedrasının müdiri vəzifəsinə təyin olunur. Tahirə xanım Azərbaycan neft sənayesinin hərtərəfli inkişafı, neft trestləri və mədənlərinin, neftayırma zavodlarının öhdəsinə düşən vəzifələri və dövlət planlarını vaxtlı-vaxtında yerinə yetirməsi, "Azneft" birliyinin işgüzar, bacarıqlı mütəxəssislərlə, rəhbər işçilərlə, mühəndis-texniklərlə, ustalarla təmin edilməsi və düzgün yerləşdirilməsi barədə bir sıra işlər görür, Bakının bəzi rayonlarının kadr şöbələrinin hesabatlarını müzakirə edir, müşavirələrin keçirilməsi və onların müəyyənləşdirilməsi sahəsində var qüvvəsi ilə çalışır. Eyni zamanda namizədlik dissertasiyasını müdafiə edir və texniki elmlər namizədi elmi dərəcəsi alır.
Yeri gəlmişkən, qazandığı bu qədər uğurlar onu partiya töhməti almaqdan xilas etmir. 1949-cu il fevralın 3-də Azərbaycan K(b)P Bakı Komitəsinin Büro iclasında "T.Ə.Tahirova və A.S.Bayramov yolaşların partiyaya zidd davranışı barədə" məsələ müzakirə edilmiş və qərar qəbul edilmişdi. Qərarda oxuyuruq: "Müəyyən edildiyi kimi, Azərbaycan K(b)P XVII qurultayı vaxtı (qurultay 1949-cu il yanvarın 25-28-də Bakıda keçirilmişdi - T.Q.) gizli səsverməyə verilmiş namizədlərin siyahısının araşdırılması zamanı Azərbaycan K(b)P Bakı Plenumu üzvlüyünə gizli səsverməyə verilmiş siyahının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Partiya Komitəsinin katibi Tahirova yoldaş və onun əri, Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin məsul katibi Bayramov yoldaş 1948-ci ilin yayında Dəstəfur rayonunda istirahətdə olarkən, dini adətlərə riayət edərək oğullarını sünnət etmişlər. Azərbaycan K(b)P Bakı Komitəsi bürosu Tahirova və Bayramov yoldaşların davranışını partiya üzvünə yaraşmayan hərəkət kimi qiymətləndirir və T.Ə.Tahirova yoldaşın rəhbər partiya işindən kənarlaşdırılmasını Azərbaycan KP MK-dan xahiş edir."
Azərbaycan K(b)P MK-nın birinci katibi "BK" katibi səlahiyyətindən istifadə edərək qərara aşağıdakı bəndi əlavə etmişdir: "Qeyri-partiyalı davranışı ilə T.Tahirova yoldaş ÜİK(b)P sıralarından çıxarılmaq cəzasına layiqdir. Lakin T.Tahirova yoldaşın partiya sıralarında olduğu müddətdə heç bir partiya cəzası almadığını, əksinə, ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəldiyini, xüsusən Böyük Vətən müharibəsi illərində cəbhənin fasiləsiz olaraq yanacaqla təchizatında böyük əməyini və gələcəkdə belə hallara yol verməyəcəyi vədini nəzərə alaraq, Tahirə Əkbər qızı Tahirova yoldaşa töhmət elan olunsun".
O, yenidən elmi-tədqiqat və müəllimlik işinə qayıdaraq 1949-1954-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının istismarı kafedrasının müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda "Orconikidzeneft" trestinin 8-ci mədəni üzrə tədqiqat işi apararaq 1953-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi alır.
Azərbaycan Sülhü müdafiə komitəsinin rəhbəri, Sovet Qadınları komitəsinin Rəyasət heyətinin üzvü, Azərbaycan-Çexoslovakiya dostluq cəmiyyətinin sədri və sairə. Təbii ki, bütün bunlar ondan gərgin əmək və güc tələb etsə də Tahirə xanım istənilən çətinliyin və gərginliyin öhdəsindən mətanətlə gələ bilirdi. 1950-ci illərdə Tahirə xanım müxtəlif təşkilatların nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrə səfər edir.
1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini kimi çalışır. Nazir işlədiyi dönəmdə Tahirə xanım iti ağlı, mədəni-siyasi davranışı, ünsiyyət bacarığı və s. bu kimi şəxsi keyfiyyətləri ilə istər ölkəyə gələn xarici qonaqların, istərsə də özü xarici səfərlərdə olarkən həmkarlarının və siyasi xadimlərin rəğbətini qazana bilir. Heç şübhəsiz ki, bütün bunlar nazir xanımdan gərgin zəhmət, yuxusuz gecələr, əsl diplomat səriştəsi, məsuliyyət, ən əsası isə səbr, dözüm və iradə tələb edirdi.
O, dünya ölkələrinin bu ali məclisində diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın olub. T.Tahirova 1960-cı ildə SSRİ nümayəndə heyətlərinin tərkibində Hindistan, Birma, İndoneziya, Əfqanıstanda, 1961-1962-ci illərdə isə SSRİ Qadınlar Komitəsi nümayəndə heyətlərinin tərkibində Tunis, Türkiyə və Əlcəzairə səfər edir. 70-80-ci illərdə Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, elmi-texniki və b. əlaqələri xeyli artdı, coğrafiyası daha da genişlənir. Moskvanın vasitəsi və ciddi nəzarəti altında həyata keçirilən bu əlaqələrə bilavasitə Azərbaycan KP MK və beynəlxalq əlaqələr şöbəsi rəhbərlik edirdi.
Həmin illərdə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirildi. T.Tahirova deputatı kimi SSRİ Ali Sovetinin, Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin plenumlarında, konfranslarında iştirak edərək Azərbaycan Ali Soveti Rəyasət Heyətinin, AKP MK üzvü seçilir. 1984-cü ilə qədər xarici işlər naziri kimi fəaliyyət göstərən Tahirə Tahirova sonra təqaüdə çıxır. 1991-ci ildə 78 yaşında vəfat edir.

Azərbaycanın ilk xanım naziri, həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın Tahirə Tahirova öz tərcümeyi-halında yazırdı: "Mən gənc yaşlarımdan ictimai fəaliyyətlə məşğul olmağı sevmişəm. İctimaiyyət və insanlar arasında olmaq, onların həyatına təsir göstərəcək müsbət və ən vacib sayılan qərarları qəbul etmək mənim üçün çox maraqlı idi. Ailəmə vaxtım və imkanım çatan qədər diqqət göstərməyə çalışmışam. Baxmayaraq ki, mənim ömrüm daha çox siyasi hadisələrlə dolu aləmdə, fərqli insanlarla görüşlərdə, xarici səfərlərdə keçib, yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi".

Ülviyyə Tahirqızı