“İlk növbədə qırmızı xətt müəyyənləşdirilməlidir” Hadisə

“İlk növbədə qırmızı xətt müəyyənləşdirilməlidir”

Medianın İnkişafı Agentliyinin yaradılması qlobal informasiya məkanında, jurnalistikada baş verən yeniliklərin, tendensiyaların, dəyişiklərin öyrənilməsi, tədqiq edilməsi, praktikaya gətirilməsi baxımından son dərəcə ciddi, əhəmiyyətli qərardır.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev belə deyib. O bildirib ki, Agentliyin yaradılması medianın inkişafı istiqamətində önəmli addımdır.
“Agentliyin yaradılması jurnalistlər üçün böyük hadisədir. Jurnalistika tez-tez dəyişikliyə meyilli olan peşədir. İnformatika texnologiyaları sürətlə inkişaf edir və bu, istər-istəməz jurnalistikaya da öz təsirini göstərir. Janrlar dəyişir, transformasiya olunur, Kütləvi İnformasiya Vasitələrində müəyyən dəyişikliklər gedir. Bu gün dəyişikliklər o qədər sürətlə gedir ki, bunu izləmək və çevik reaksiyalar vermək lazımdır. Yeni çağırışlara cavab vermək baxımından Agentliyin yaradılması son dərəcə ciddi, önəmli, müsbət bir qərardır. KİVDF-nin son aylardakı fəaliyyətini təhlil etsək görərik ki, kifayət qədər böyük dönüş yaranmışdı. Agentlik də öz fəaliyyəti ilə bu çağırışlara cavab verəcək və Azərbaycan mediasının inkişafına böyük töhfə vermiş olacaq”.
Vüqar Əliyev qeyd edib ki, bu gün ən vacib məqam internet platformasında təmsil olunan media orqanlarının tənzimlənməsi məsələsidir. “Burada xüsusi vurğulamaq lazımdır ki, söhbət sosial şəbəkələrdən getmir. Sosial platforma professional jurnalistika deyil. Professional jurnalistika deyəndə internet platforma üzərində olan internet saytları, informasiya portalları, agentikləri, bəzi TV-ləri deyə bilərik. İlk növbədə qırmızı xətt müəyyənləşdirilməlidir.

90-cı illərin əvvələrində qəzet bumu yaşandı. Hamı jurnalist olub-olmamağından asılı olmayaraq qəzet təsis edirdi. Burada reket jurnalistikasından, jurnalistikanın fəlsəfəsinə aid olmayan fəaliyyətdən söhbət gedir. İnsanları qorxutmaq, şantaj etmək istəyirdilər. 90-ci illərin ortalarında olan hadisələri 2020-ci ilin əvvəllərində internet bumu ilə müqayisə edə bilərik. Professional jurnalistikanın özünün dəyərləri, standartları var. Peşəkar jurnalistika bunun hər birinə əməl etməyi tələb edir. Bu məqamlar qanunvericilikdə əksini tapa bilər”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir.