Fransa senatında “dəyirmi masa” keçirilib Hadisə

Fransa senatında “dəyirmi masa” keçirilib

Andre Reşar: "Regionda stabilliyə və təhlükəsizliyə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapmalıdır"


Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Senatın binasında "Dağlıq Qarabağ münaqişəsi: Qafqazın təhlükəsizliyi və sabitliyi üçün faciəli nəticələr və mühüm çağırışlar" mövzusunda "dəyirmi masa" keçirilib.
Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Reşar "dəyirmi masa"da çıxış edərək regionda hazırda çox ağır vəziyyət yarandığını diqqətə çatdırıb, stabilliyə və təhlükəsizliyə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin vacib olduğunu vurğulayıb.
Fransa-Qafqaz dostluq qrupunun Fransa-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən səfir Elçin Əmirbəyov çıxışında faciəvi nəticələrə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də öz həllini tapmadığını qeyd edib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın münaqişənin dinc yolla həlli istiqamətində göstərdiyi səylərdən söhbət açıb.
Diplomat ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın bir parçası olan Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, 613 sakini qətlə yetirmələrindən, beynəlxalq təşkilatların bu hadisəyə siyasi qiymət verməmələrindən bəhs edib, soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropanın bir çox ölkələrində, o cümlədən Fransada keçirilən tədbirləri diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və baş vermə səbəblərindən söhbət açan Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov Ermənistanın 1987-ci ildən Dağlıq Qarabağı ələ keçirmək üçün tarixi saxtalaşdıraraq ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etdiyini vurğulayıb. O, SSRİ-nin süqutundan sonra əllərinə imkan düşən erməni millətçilərinin səyləri nəticəsində 1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərində münaqişənin hərbi fazaya daxil olduğunu, Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi Azərbaycan rayonunu işğal etdiyini, müharibə zamanı on minlərlə insanın həlak olduğunu və yaralandığını, ermənilərin apardıqları etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar olduğunu bildirib.
Şahin İsmayılov Haaqa, Paris, Avropa və UNESCO konvensiyalarına məhəl qoymayan ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində saysız-hesabsız tarixi və mədəni abidələri, mədəniyyət ocaqlarını, muzeyləri, məktəbləri dağıtdıqlarını vurğulayıb.
Şahin İsmayılov ermənilərin Azərbaycanın Xocalı şəhərində tarixdə görünməmiş vəhşiliyə əl atmalarından, hətta qadınlara, uşaqlara və yaşlı insanlara belə aman verməyərək onları amansızlıqla qətlə yetirmələrindən, yüzlərlə günahsız azərbaycanlının qanına əlləri bulaşan bir çox erməninin hazırda Ermənistanda hakimiyyətdə olmalarından söhbət açıb. Azərbaycanın işğal edilmiş ərazilərinin heç bir şərt qoyulmadan dərhal azad edilməsi haqda BMT sənədlərinə, Avropa Şurasının 1416 saylı qətnaməsinə Ermənistan hakimiyyətinin məhəl qoymadığı və öz işğalçılıq siyasətini davam etdirdiyi bildirilib.
Münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın bu istiqamətdəki fəaliyyətinə toxunan Şahin İsmayılov prezident Fransua Ollandın təşəbbüsü ilə ötən ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşünü xatırladıb və son vaxtlar cəbhə xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini tez-tez pozaraq təxribata əl atdıqlarını qeyd edib.
Qədim əcdadlarının və valideynlərinin daim Dağlıq Qarabağda yaşadıqlarından bəhs edən laçınlı köçkün və hazırda İtaliyada təhsil alan Səbinə Əsədova erməni hərbi qüvvələrinin silah gücünə zorla el-obalarından çıxarılan azərbaycanlıların öz doğma vətənlərində qaçqın və köçkünə çevrilmələrindən, onların ilk vaxtlar çox ağır vəziyyətdə yaşamalarından danışıb. O, dövlətimizin qayğısı sayəsində hazırda onların yaşayış şəraitinin yaxşılaşdığını vurğulayıb.
S.Əsədova qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına beynəlxalq təşkilatların göstərdikləri biganəlikdən təəssüf hissi keçirdiyini bildirib.
Ermənilərin XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibədən sonra Azərbaycan ərazisinə köçürüldüyünü və onların əksəriyyətinin Dağlıq Qarabağda yerləşdirildiyini, nəticədə tədricən demoqrafiyanın ermənilərin xeyrinə dəyişdiyini diqqətə çatdıran fransız tarixçi Maksim Goən ermənilərin ərazi ilə bağlı tarixi saxtalaşdırmağa çalışdıqlarını, azərbaycanlıların dəfələrlə ermənilərin hücumlarına məruz qaldıqlarını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyada mövcud olan münaqişələrdən tamamilə fərqləndiyini qeyd edən politoloq Pyer Conesa bu münaqişənin daha təhlükəli olduğunu və hər an alovlanmaq riskinin yüksək olduğunu söyləyib.
Regionun təhlükəsizliyi və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini bildirən politoloq beynəlxalq təşkilatların bu istiqamətdəki fəaliyyətinin reallaşmamasının əsas səbəbini işğalçı tərəfin konstruktiv danışıqlardan boyun qaçırması ilə əlaqələndirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.