Jurnalistlərin Hovruz xatirələri Hadisə

Jurnalistlərin Hovruz xatirələri

Yaqut Tapdıqqızı: "O vaxtkı Novruzu arzulayıram..."

Naibə Qurbanova: "Bir dəfə təbaşir əvəzinə müəlimə konfet vermişdim"

Elgün Mənsimov: "...Nətəhər götürüldüsə, bir də papaq atmağa gəlmədi"

İmdad Əlizadə: "Tonaqlı otdan hazırlayırdıq"

Alim Hüseynli: "Səhəri kəndə xəbər yayılmışdı ki, yumurtalar qeybə çəkilib"

Elman Cəfərli: "Heç kim kosanın arvadı olmaq istəməzdi"

Azərbaycan xalqının ən çox sevdiyi və daha ciddi hazırlaşdığı bayram Hovruzdur. Hovruz bayramı ilə bağlı təşkil olunan şənliklər xüsusən də uşaqların sevdiyi ənənələrdəndir. Bu xatirələr hamımının yaddaşında xüsusi yer tutur. Bəs, həmkarlarımızın xatirələrində Hovruzla bağlı hansı maraqlı anlar var?
"Bakupost" saytının əməkdaşı Yaqut Tapdıqqızı: "Mən cənub bölgəsində - Lənkəranda böyümüşəm. Bilirsiniz ki, orda Novruz xüsusilə də ilaxır çərşənbə təntənəli və özünəməxsusu qeyd olunur. Bizim üçün Bayram 3 mərhələdən olurdu. Birinci bayrama 15 gün qalmış həyət- baca təmizlənir, ağaclar əhənglənir, evlər atılırdı. Ev atmaq sözünə indi gülürlər. amma bu söz mənə uşaqlıqdan tanışdır. Doğurdan təmizlik o dərəcədə aparılırdı ki evin bütün əşyaları həyətə atılır tozu orda silinir, yuyulurdu, sonra 2 ci mərhələ başlayırdı. şriniyyatlar bişirilir, səməni qoyulur. ilaxır çərşənbə qeyd olunurdu. Bu gün mənim yadımda həm də təzə paltar bayramı kimi qalır. Başdan ayağa təzə geyinər, süfrəyə aş, təzə balıq qoyar, səhər tezdən bardaqları götürüb, axar su üstünə çıxardıq. 3 mərhələ bayramdan sonrakı abu-hava xüsusidir. Yəni bayramdan sonrakı bayram, hamı bir - birinin evini gəzər mütləq bəzəkli süfrəsindən nəsə yeyər, hətta şirniyyatdan bezib turşməzə yeməklərə qonaq gedərdik.
Beləcə Novruz adət- ənənəsi tamamlanmış olurdu. Bir də Bahar Əhməd dediyimiz dəstələr evləri gəzirdi 10 gün boyunca. Bura kosa, keçəl, yırtıq vedrə çalan uşaqlar daxil idi. Oxuyub oynayıb pul yığardılar. İndi bu ənənələrin çox az hissəsi tam qaydası ilə həyata keçirilir. Mən o vaxtkı Novruzu arzulayıram".
"Teleqraf" qəzetinin əməkdaşı Naibə Qurbanova: "Qarabağda İlaxır çərşənbə Novruz bayramından daha təmtəraqlı qeyd olunurdu. Çərşənbə axşamı səhərə qədər oyaq qalmalı idik, buna çiləçıxarma deyirdilər və həmin gecə kim yatırdısa, üstünə su töküb oyadırdılar. Gecədən səhərə qədər oyaq qalmağın pis üzü özünü bizə dərsdə yuxulayanda göstərirdi. Bir dəfə təbaşir əvəzinə müəlimə konfet vermişdim. Uşaqlar xeyli gülsə də, mən özümü sındırmayıb, müəllimə şəkərbura da təklif etməklə pərtlikdən çıxmışdım. İlaxır çərşənbəni maraqlı edən inanclar, ayinlər idi. Bir də qonşunun həyətində unudub qoyduğu əşyanı həmin gecə "oğurlamaq" da vardı. Ən maraqlısı qulaq falına çıxmaq, üzük falına baxmaq, duzlu kökə yemək idi. O zaman bunları etməyə mənim yaşım imkan verməsə də, çərşənbə axşamı qonşumuzun qapısının ağzına qoyduğu əsasını oğurladığımı yaxşı xatırlayıram. Buna görə, yaxşıca tənbeh olunmuşdum. Elə həmin saat onu aparıb yerinə qoymuşdum. Çox istərdim ki, indi də bu adətlər yaşasın, valideynlər övladlarına aşılasın ki, bayramla bağlı ənənələr unudulmasın. Ən azından bu ənənlərdə saflıq, doğmalıq var. Evimizə yaxınlıqda məcburi köçkünlərin məskunlaşdığı yataqxana olduğu üçün hər il papaq atanların sayı çox olurdu. İndi onlar yeni mənzillərə köçürüldüyündən, bu il torba atanlar da gözə dəymədi. Səmimi deyim ki, buna kövrəldim. Çünki heç olmasa ildə bir dəfə Qarabağ adətlərini doya-doya yaşamaq, xatırlamaq imkanımız olurdu".
"Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova: "Novruz bayramı xalqımızın milli bayramıdır. Bu bayrama böyük həvəslə hazırlamışam. Bayram ərəfəsində hər bir evdə evlərin təmizlənməsi prosesi yaşanır. Mən bu işi böyük zövqlə etmişəm. Həmçinin, Novruz bayramının əsas adətindən biri olan papaq da atmışam. Papağı mən nə qonşuya nə də qohum qapısına deyil, tarix və azərbaycan dili müəlliminin qapısına atmışam. Onlar da papağımı boş qaytarmamışdılar. Novruz süfrəsini və bayram şirniyyatının hazırlmaqda böyük zövq alıram".
"Azərbaycan" qəzetinin əməkdaşı Elgün Mənsimov: "Uşaqlığım kənd yerində keçdiyindən Novruzla bağlı çox zəngin xatirələrim var. Çünki kənd yerlərinin Novruzu bir başqadır. Orada bayram adətləri, oyunları daha orijinal hiss olunur. Bu özünü həm papaq atmaqda, həm qapı pusmaqda, həm də biri-birindən fərqli əyləncələrdə göstərir. Yadda qalan ən yaxşı xatirələrimdən bəzilərini sizə misal çəkəcəm. Demək, bizim adətlərə görə ilaxır çərşənbəsi həm də sulaşma günüdür. İnsanlar bir-birini müxtəlif vasitələrlə sulayır və bundan böyük həzz alırlar. İlaxır çərşənbələrin birində evin yuxarı eyvanına suyla dolu vedrələri yığıb gecə papaq atmağa gələnləri güdürdüm. Az keçmədi ki, qonşunun uşaqları pusa-pusa qapını açdılar. Bu dəmdə vedrəni yuxarıdan başlarına aşırdım. Vedrənin qulpu əlimdən çıxdı, suyla birgə təpəsinə düşdü. Elə bil küçük zingildədi. Nətəhər götürüldüsə, bir də papaq atmağa gəlmədi. Buna oxşar bir hadisə də olmuşdu. Deməli, bilirəm ki, qohumlar axşam bizə bayramlaşmağa gələcəklər. Əvvəlcədən hazırlıqlar görmək lazım idi. Həyət darvazasının üstündə xüsusi qurğu ilə vedrə dolu su bərkitdim. Elə etmişdim ki, qapı açılanda kəndir vedrəni dartacaqdı və su avtomatik içəri girənin başına töküləcəkdi. Bu tələ əmimin bəxtinə düşdü. Qapını açım deyəndə dolu vedrə üzərinə tökülüb. Evə gəlmədən qayıdıb çıxıb getmişdi, paltarı dəyişmək lazımıydı axı. Bir dəfə də özüm qonşuya papaq atırdım. Papağı evin ortasına atım deyəndə işıqlar söndü. O vaxtlar biz tərəflərdə işıqlar tez tez sönərdi. Pilləkənlərində oturub gözlədim. Yarım saat keçdi, nə işıq yandı, nə də papağımı verdilər. Axırı qapını döyüb dedim ki, ay qonşu payın-püşün lazım deyil, papağımı verin gedim".
"Mediforum"un əməkdaşı İmdad Əlizadə: "Mənin uşqlığımın bir hisəssi Laçında keçib. 13 yaşımadək Laçının Oğuldərə kəndində yaşamışam. Biz Novruz bayramına xüsusi hazırlaşırdıq. Əvvəla, biz tərəflərdə Novruz bayramından təxminən 15 gün əvvəl yumurta döyüşdürmə başlayırdı. Bu müddət ərzindərzində bütün uşaqlar yumurta döyüşdürürdü. Yumurta döyüşdürmədə qalib gəlmək üçün də hazırlaşmaq lazım idi. Məsələn, yumurtanı unda basdırırdıq, orada xeyli müddət qalırdı. Çünki eşitmişdik ki, guya yumurta unda qalanda qabığı bərkiyir. Bir də görürdün ki, kəndə uşaqlardan kimdəsə bir yumurta olur, o yumurta 20-30 yumurtanı sındırır. Həmin yumurtanın səs-sorağı bütün kəndə yayılırdı.
Bu həm də valideynlərin uşaqlardan ən çox narazı olduğu dövürdür. Çünki evdə yumurta qalmırdı. Bundan başqa biz ilaxır çərşənbədə və bayramda atəşfəşanlıq edirdik. Bu an da hazırlaşmaq lazım olurdu. Bir necə ay əvvəl köhnə paltar və xalça qırıqlarından yumuru şarlar hazırlayırdıq. Onu məftillə bərk balayıb, fırlayıb atmaq üçün tutmaq yeri qoyurduq. Onu neft çənlərində saxlayırdıq. İlaxır çərşənbədə və bayram axşamı kəndin ən hündür yerinə çıxıb orada yandırırdıq, fırlayıb atırdıq. Papaq atdı da öz yerində. Biz tərəfərdə buna torba atmaq deyirlər. Görünür elə bir dövr olub ki, papaq tapmaq elə də asan olmayıb ki, onu harasa da atasan. Nənələrimiz bizə xüsusi, üstü yazılı, müxtəlif bəzəkləri olan torbalar hazırlayırdılar. Biz də onu qapılara atırdıq. tonaql yandırmaq da öz yerində. Biz tonaqlı otdan hazırlayırdıq. Bayram axşamları insanlar bir-birinin evinə gedir, pay aparırdılar. Bir sözlə bizim tərəflərdə Novruz ən geniş və ürəkdən qeyd olunan bayram idi".
"Olaylar"ın əməkdaşı Alim Hüseynli: "Novruz bayramı mınin ən çox sevdiyim bayramlardandır. Uşaqlıq illərində bu bayramın gəlişini səbirsizliklə gözləyir və xüsusi əyləncələrlə qeyd edirdik. Demək olar ki, bu bayramın bütün adət və inanclarından istifadə etmişəm. Martın əvvəllərindən başlayaraq yumurta döyüşündən tutmuş güneydə göyə lopa atmağa qədər bütün əyləncələrdə fəal olmuşam. Bir dəfə Novruz bayramında qonşu qızları təndirin bacasına yumurta və qara qələm qoymuşdular. Bu bir inanc idi ki, səhər hansı yumurtada qara rəng peyda olsa, deməli o qəz tezliklə ərə gedəcəkdi. Mən də qonşu oğlanla həmin yumurtaları oğurladıq. Səhəri kəndə xəbər yayılmışdı ki, yumurtalar qeybə çəkilib. Biz isə qorxumuzdan susurduq".
Jurnalist Elman Cəfərli: "Mənim doğulduğum Ağdamın Quzanlı kəndində Bahar-Novruz bayramı maraqlı keçirilərdi. Heç bir bayram Novruzun yerini verməzdi. Fevralın axırlarından baharın ətri duyular, çərşənbələr başlardı. Camaat əsas bayramı axır çərşənbə günü qeyd edər, martın 21-ə "hökumət bayramı" deyərdirlər. Axır çərşənbəyə 10 gün qalmış yeniyetmələr kosa-kosa oyununa hazırlaşar, bir növ ansambl-qrup yaradardılar. Qrupda kosa, kosanın arvadı, nağaraçalan, kassir olardı. Heç kim kosanın arvadı olmaq istəməzdi. Amma hamı kassir olmaq istəyirdi. Axır çərşənbə günü kosanın qrupu qapı-qapı gəzər, çalar-oxuyar, oynayar, ev sahibindən pay, hədiyyə alardı. Kosanın qrupu adətən varlı evlərinə daha çox meyl edərdilər. Daha çox pul yığmaq üçün kolxoz sədri, kassiri, briqadirlərin evinə daha həvəslə gedərdilər. Qadın paltarı geyinib kosanın arvadı roluna girmiş adamın adını açıqlamazdılar. Amma adətən, hamı bilirdi ki, "kosanın arvadı" kimdi. Camaat çox mehriban idi. Bayram günü, ondan 3 gün sonra hamı bir-birilə bayramlaşar, xoş sözlər deyərdi. Bayram gecəsi və ondan 1 həftə sonra qohumlar bir-birinin evinə gedər, pay aparar, bayramlaşardı. Çox təəssüflər olsun ki, günümüzdə Novruz əvvəlki şövqlə keçirilmir".
"Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə: "Uşaqlıq xatirələri içində Novruz bayramı xatirələrinin özünəmaxsus yeri var. Səmimi deyirəm ki, elə uşaqlığımı ən çox bu xatirələrlə yada salıram. Biz, çox vaxt bir ay qabaq Novruz bayramına hazlrlaşardıq və ən çox da ilaxır çərşənbənin gəlməsini gözləyərdik. Bizim üçün ilaxır çərşənbə Novruzun ən gözlə anları idi. Xüsusən qəbir üstə getmək, qohumlara bas cəkmək və s. ənənəvi etdiklərimiz bizə Növruzu daha da sevdirirdi".

Əli