Uyğur ədəbiyyatı və mədəniyyətinin axtarış dövrü Mədəniyyət

Uyğur ədəbiyyatı və mədəniyyətinin axtarış dövrü

I yazı

1906-ci ildə anadan olan Armiya Nimşehit (1906 - 22.08.1972) yaradıcılığa klassık şeir ənənəsini davam etdirməklə başlayıb. Dünyada baş verən dəyişikliklər, xaricə gəzməyə və oxumağa gedən uyğur şairlərinin yeni janrlarda və yeni formalarda şeirlər yazması Nimşehitə də təsirini göstərir. O uyğur ədəbiyyatında klassik şeirlə müasir şeir arasında körpü yaradan bir şair kimi tanınıb. Onun şeirlərindəki vətənsevərlik, yeni bədii ifadə vasitələri, üslub əlvanlığı yeni uyğur şeirinə güclü təsir göstərib. Şairin "Vatan muhəbbəti", "Yürək sözü" adlı şeir kitabları və"Pərhad ilə Şirin" adlı dastanı var. Doğu Türküstanda "Hannin tesnip kilgan yeni işləri" ("Xanın gördüyü yeni işlər") adı ilə çıxan qəzet 1924-cü ildən "Şincan qəziti", daha sonra yəni 1935-ci ildən Daniş Damollam tərəfindən "Aksu uçurliri" (Aksu xəbərləri) çap olunur. "Aksu uçurliri" (Aksu xəbərləri) qəzetinə 1939-ci ilə qədər Nimşehit redaktorluq edib.
Bu haqda Əli Şamilin uyğurlarla bağlı araşdırmasından bilgi almaq olur. Araşdırmadan məlum olur ki, klassik uyğur şeir ənənəsini yaşatmaqla onu yeniləşdirməyə çalışan, şeirlərinin əsas mövzusunu millətsevərlik və vətənsevərlik təşkil edən şairlər sırasında 1899-ci ildə Kaşqarın Ar¬tuşta kəndində doğulmuş və 1982-ci ildə ölmüş Abdülaziz Mehsum, 1913-cü ildə Kaşqarda doğulmuş "Qara günlər", "Rabiyə ilə Seyiddin" adında pyeslərin və "Zəfər xatirəsi", "Tan faciası", "Ladah yolunda karvan", "Tuzimas çiçəklər" kimi kitabların müəllifi Ahmed Ziyati (1913-1989) və b. var: "Xalq həmişə milli azadlıq mübarizəsinə qalxanda şair oğlunu da öndə görmək istəyir. Onun sözünün bədii dəyərindən çox mübarizəyə səfərbəredici gücünə əhəmiyyət verir. Bu dövrdə cədidçi aydınlardan Abdulqadır Damollam, Muhmədəli Əpəndi, Qutluqhaci Şevqiləri də yada salmaq gərəkdir. Bu böyük aydınlar Buxara, Kazan, Kırım, Bakı, İstanbul, Qahirə və b. şəhərlərdə illərcə oxuyub və sonda vətənlərinə dönərək böyük əsərlər yaradıblar. Onlar millətinin yaddaşında izlər buraxsalar da, nə yazıq ki, zalımların qurbanına çevriliblər".
Kasıb bir ailədə dünyaya gələn Zunun Qədiri yeni uyğur ədəbiyyatında, xüsusən də nəsr və dramçılığın inkişafında böyük əməyi olan ədiblərdəndir: "1937-ci ildə yazdığı "Cahalətnin capası" (Cəhalətin cəfası) adlı pyesi ilə ədəbi mühitə atılan Zunun Qədiri "Uçraşkanda" (Görüşüncə), "Partizanlar etriti" (Partizanlar dəstəsi), "Hər işnin yoli bar" (Hər işin bir yolu var), "Qunçəm" (Qönçəm), "Gülnisa" dramları ilə uyğur ədəbiyyatını zənginləşdirib. Yeni uyğur nəsrində yeni bir cığır açan Zunun Qədiri 1940-ci ilin ortalarından etibarən hekayə yazmağa başlayaraq 1945-ci ildə "Muəllimnin xəti" (Müəllimin məktubu) və "Rodipay", 1946-cı ildə "Küçükkə hucum" (Küçüyə hücum) və "İkki barmikim bilən" (İki barmağımla), 1947-cü ildə "Güman" və 1948-ci ildə "Mağdur ketkəndə" (Məğdur gedərkən), 1950-ci ildə "Toy" dramını, daha sonra isə əkinçilərin həyatından bəhs edən "Çin qış" (Çətin qış), "Rəhmət" (Təşəkkür), "Esləş" (Xatırla), "Qızıl gül" hekayələrini yazır. 1950-1960-cı illərdə uyğur nəsrinə və dramçılığına ən dəyərli əsərlərini verən Zunun Qədiri Qazaxıstana gələrək orada yaşayıb və orada da ölüb. Qazaxıstanda daha çox milli ruhlu əsərlər yaratdığına, Çində gördüklərini tənqid etdiyinə görə son illər o, Çinin hakim dairələri tərəfindən sevilməyən insana çevrilib".
Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir: "Uyğur araşdırıcısı Tursun Erşid şairin atası Həzim Axunda məxsus "Min bir hədis" adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazıb. Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənir. Sonra təhsilini rus gimnaziyasında davam etdirir. 2 il də burada oxuyur. 15 yaşında ikən "Mənim xalqım" adlı şeirini "İli qəziti"ndə çap etdirir. Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlərinə görə onu "od yürəkli şair" adlandırırlar. Lutpulla imtahan verərək Urumçi şəhrindəki Darülmuəlliminə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilmir. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi kimi Güney Şincana gedir. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra sovet mühəndisləri axtarış-kəşfiyyat işlərini yarıda buraxıb geri döndüklərindən Lutpulla Mütəllip işsiz qalır və yenidən Urumçiyə geri dönür. Təhsilini davam etdirməklə yanaşı "Şincan" qəzetində də işləyir və qəzetdə "Ədəbiyyat gülzarı" adlı səhifə hazırlayır. İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllip1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən "Gerçək moden" pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən yasaqlanır və ona qarşı təqiblər başlanır. Təqib və təzyiqlərə baxmayaraq o, bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu dilin vastəsilə inqilabi ədəbiyatla tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini oxuması təsirsiz qalmamışdı. Lutpulla yeniyetməliyindən dünyada kabus kimi dolaşan kommunizm ideologiyasının təsiri altına düşür. O, bu ideologiya vasitəsilə xalqının azad və firavan yaşayacağına inanırdı.
1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr baş verir. Liberal, demokratik görünməyə can atan vali Şenq Şi-Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın pozulmasından, çinlilərin müstəmləkəçilk siyasətinin getdikcə şiddətlənəcəyindən xəbər verirdi. Şincanda yanvar ayında partiyasının vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyasının ən mühafizəkar üzvlərindən Fen Qun-Bini "Şincan" qəzetinə redaktor təyin edilir.
Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Şincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli, yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır. Bir çox kitablar yığışdırılır, inqilabi ruhlu, vətənsevər kitablar çap edən nəşriyyatlar bağlanılır. Həbs edilmək və ya sürgünə göndərilməklə üzləşən Lutpulla Mütəllip 1943-cü ilin sonunda işdən çıxarılır. Onu Aksudakı "Şincan" qəzetinə redaktor müavini göndərirlər. Lutpullanın gəlişi Aksu şəhrində vətənsevərlər tərəfindən sevinclə qarşılanır. Qəzetdə "Cənub şamili" adlı səhifə hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir. Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etdir. Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə "Aksu Şincan" qəzetinin birgə çıxartdığı "Cənubtin avaz" (Cənubdan səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip "Təsiratım" (Duyğularım), "Hoş" (Əlvida), "Yillarka cavap" (İllərə cavab), "Pəryat" (Fəryad), "Hiyalçan tilək" (Xəyallı diləklər), "Küreş ilhami" (Mübarizə ilhamı), "Şair toğrusida Muveşşeh" (Şair hakkında müvəşşəh), "Muhəbbət həm neprət" (Məhəbbət və nifrət), "Oğlum hekkidə mərsiyə" (Oğlum haqqında mərsiyə), "Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), "Büyük mayak" (Böyük mayak) və b. şeirlərini, eləcə də "Əcəl hudukuşida" (Əcəl anında), "Padişah samuraylari ağir halsiraydu" (Padşah samurayları böyük yorğunluq içində), "Uniz kəlgüsi zor həm parlak" (Onun gələcəyi güclü və aydın) satirik məqalələrini və "Samsak akan kaynaydı" (Sarımsaq ağa əsəbləşir), "Küreş kizi" (Mübarizə qızı), "Borandin keyinki aptap" (Borandan sonrakı günəş), "Çin moden", "Çiməngül" adlı səhnə əsərlərinin, "Ədəbiyyat nəzəriyyəsi", "Sənətkə muhəbbət" (Sənətə məhəbbət), "Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi" (Teatrımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır. Bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları oynayan gənc şair "Tahir ilə Zöhrə" və "Qərip ilə Sənəm" operalarının librettosunu da yazıb".
1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökümətinə qarşı başladıqları etiraz hərəkatı tarixə "Üç vilayət inkilabı" kimi daxil oldu: ""Üç vilayət inkilabı" təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla "Uçkunlar ittipakı"(Qığılcımlar ittifaqı) təşkilatını qurur. Tam adı "Şərqiy Türkistan Uçkunlar İttipaki" (Şərqi Türküstan qığılcımlar ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olur. Təşkilatın parolu "Biz cümə namaziga teret elip koyduk. Cümə namazini silər bilən billə okumakçimiz" (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur. "Üç vilayət inkilabi" ordusu Çin hökümət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu "Uçkunlar ittipaki"nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz döyüşçülərinə paylamaq üçün gizlicə anbar qapılarının açarlarını hazırladırlar. Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlanjan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər.
Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan "Üç vilayət inqilabı" əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. "Uçkunlar ittipaki"nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu şəhəri qomindançılardan azad olur. Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan höküməti qurulur.

Uğur