Dil və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri Mədəniyyət

Dil və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri

1-ci yazı

Hecanın əmələ gəlməsi haqqında bir neçə nəzəriyyə var ki, bunlardan ikisi (sonor və əzələ) daha geniş yayılıb və özünə daha çox tərəfdar toplaya bilib. Sonor nəzəriyyəsinə görə, heca səsli hərfin nisbətən az səsli hərflə birləşməsi prosesində ortaya çıxıb. Bu nəzəriyyə Danimarka dilçisi O. Espersin və rus dilçisi R.Avanesov tərəfindən müdafiə edilib. Fransız fonetisti M.Qrommon tərəfindən irəli sürülən əzələ nəzəriyyəsi isə sonralar rus fonetisti L.Şerba tərəfindən müdafiə edilib. Hər iki məktəbin nümayəndələri hecanın ilk mərhələdə VS (V-sait, S-samit) sxemləri üzrə qurulduğuna tərəfdar çıxıb, sonralar bu fikir başqa məktəblərin nümayəndələri tərəfindən də qəbul olunub.
Heç kəsə sirr deyil ki, çağdaş dilimizdə onlarla təkhecalı söz mühafizə olunub və bu sözlərin çoxu demək olar, məhz bu sxem əsasında təşəkkül tapıb. Məsələn, at, it, ot, od, ev, əl və s. Belə hesab edirik ki, bu sözlər dilimizdə mühafizə olunmuş nostratik dil vahidləridir və onların tarixi "o" qədər qədim olmasa da, hər halda bir neçə yüz min illərlə hesablanmalıdır. Yəni, "o" sözü dilimizin ən alt qatının (1-2 milyon il əvvəl) qalığıdırsa, yuxarıda sadaladığımız sözlər də bir mərhələ sonrakı qatın mühafizə olunmuş qalıntısıdır.
Məhərrəm Baba haqlı olaraq yazır ki, indiyə qədər türk dillərinin kök morfemləri ilə bağlı müxtəlif tədqiqatlar aparılsa da, bir çox məsələlər hələ də tam həllini tapmayıb. İlk türk söz kökünün hansı heca formasında olması məsələsi hələ də türkologiyanın həll olunmamış problemlərindən biridir. Qədim kök sözlərdə karlaşmanın və ya cingiltiləşmənin birinciliyi mübahisəlidir. Açıq, yoxsa qapalı hecaların ilkinliyi məsələsi ziddiyyətli fikirlərlə izah olunur. Bəzi kök sözlərin praformalarının, arxetiplərinin bərpasında, rekonstruksiyasında yeni təhlillərə ehtiyac var: "Dil faktlarına zaman və məkan prizmasından yanaşdıqda, görürük ki, dil sistemində dəyişməyən dil vahidi yoxdur. Tarix boyu dildə baş verən dəyişmələr obyektiv və subyektiv amillərdən asılı olaraq ümumi və fərdi xüsusiyyətlər qazanır. Türkoloqlar göstərirlər ki, türk dilllərində təkhecalı sözlərin çoxu hələ də izah olunmayıb. Bu baxımdan, türk dillərindəki kök morfemlər haqqında "yeni söz" deməyə ehtiyac var".
Alimin sözlərinə görə, türk dillərinin kök morfemlərində fonomorfoloji, fonosemantik inkişaf qədim dövrlərdən başlanıb. Ehtimal olunur ki, vaxtilə əski türk söz köklərində supraseqment elementlər – vurğu, ton, intonasiya məna fərqi yaradan (yəni fonematik) elementlər kimi çıxış edib: "Türkoloqlar göstərirlər ki, türk dillərində təkhecalı sözlərin çoxu hələ də izah olunmayıb. Çağdaş türk dillərində onlarla monosillabik kök söz var ki, onlar da tarixən derivasi¬ya nəticəsində yaranıb. Yəni həmin təkhecalı köklər sonradan düzəlmədir. Türk dillərinin tarixinə dair aparılan araşdırmalarda yazıyaqədərki (prototürk) dövrdə amorfluğun əlamətlərinin əks olunduğu göstərilir. Tarixi-etimoloji istiqamətdə aparılan tədqiqatlar sübut edir ki, türk dilləri ilkin dövrdə amorf quruluşa malik olub".
Təkhecalı sözlər dilimizdə mühafizə olunmuş nostratik dil vahidləridir və onların tarixi "o" qədər qədim olmasa da, hər halda bir neçə yüz minillərlə hesablanmalıdır. Yəni, "o" sözü dilimizin ən alt qatının (1-2 milyon il əvvəl) qalığıdırsa, yuxarıda sadaladığımız sözlər də bir mərhələ sonrakı qatın mühafizə olunmuş qalıntısıdır. Belə düşünmək üçün, şübhəsiz, əsas var. Qədim əcdadlarımız mağaralarda yaşayırdılar. Türk dilində mağara sözünün ovuq (ovulmuş yer), oyuq (oyulmuş yer), eşik (eşilmiş yer), qazıq (qazılmış yer) və qazma ("qazıq"la eyni anlamda) kimi sinonimləri var. Bu sinonimlərdən 4-ü (ovuq, oyuq, qazıq, eşik) VS sxemi üzrə qurulmuş kökdən (ov, oy, az, eş) və bu kökə əlavə edilmiş - uq (-ük; -ıq; -ik) şəkilçisindən ibarətdir.
Mağara Paleolit dövrü insanının ilk məskəni və evi olub. Bu gün dilimizdəki "ev" kəlməsinin ayrı-ayrı şivələrimizdə "öy", "qazma" və "eşik" kimi variantları var və mövcud bütün variantların "mağara" kəlməsinin mövcud bütün sinonimləri ilə eyni kökdən olması bu məsələ haqqında ciddi düşünmək üçün zəmin yaradır: (ov) uq – ev; (oy) uq – öy; (eş) ik – (eş)ik; (qaz)ıq – (qaz) ma. Şübhəsiz, bu cür və bu sayda uyğunluq təsadüf ola bilməzdi. Bizcə, bu fakt "ev" (ov) təkhecalı sözünün və onun bütün variant və sinonimlərinin (oy – öy; eş – eşik; qaz – qazma) çox-çox qədim zamanlarda, insanların hələ mağaralarda yaşadığı dövrdə təşəkkül tapdığına dəlalət edir. Bu konsepsiyanın xeyrinə başqa faktlar da var. Məsələn, "oba" (məskən) kəlməsinin də kökündə "ov" (ovuq, ev) vahidi durmaqdadır. Bu bir fakt.
İkinci fakt: Azərbaycan ərazisində mövcud olan və Paleolit dövrü insanın məskəni olmuş bir sıra mağaraların adında bu günə qədər "ov" (ev), "q(az)" və "öy" kökü qorunub. Məsələn; Qarabağ ərazisində yerləşən Azıx və Naxçıvandakı Qazma mağaralarının adında "q(az)", Qazax ərazisindəki Aveydağ mağarasının adında isə həm "ov" (ev), həm də "oy" (öy) vahidləri müşahidə edilməkdədir. Maraqlıdır ki, Azərbaycandan çox-çox uzaqda, Turanın tamam başqa bir hissəsində (indiki Özbəkistan ərazisində) yerləşən digər bir Paleolit dövrü mağarasının da adında başqa bir nostratik kök – "(eş)ik" kökü qorunub saxlanıb. Söhbət məşhur Deşik Daş mağarasından gedir.
Üçüncü fakt: Bilindiyi kimi, Azıx mağarasında aparılmış arxeoloji qazıntılar zamanı bu mağaranın Paleolit dövrü adamlarının ovçuluqla da məşğul olduğu məlum olub. Tədqiqtlar nəticəsində sübut edilib ki, ox və yayın kəşfindən əvvəl ovçuluq texnologiyası ovun qovularaq əvvəlcədən qazılmış çuxura (ovuqa) salınmasından ibarət olub. Bu proses zamanı baş verən hadisələri və üzləşilən əşyaları ifadə etmək üçün yenə də "ov" söz kökündən istifadə edilib və həmin kəlmələr də zəmanəmizə ilkin şəklini və semantikasını qorumuş şəkildə gəlib çıxıb:
1. ov (ovlanılan heyvan); 2. q(ov)maq; 3. (ov)uq, yəni çuxur; 4. (ov)lamaq, yəni, ovu ovuğa (çuxura) salaraq tutmaq. Dilçilərin böyük əksəriyyəti ilkin çağda dildə çox az sayda sözün olduğu və bu sözlərin hər birinin onlarla əşyanı ifadə etdiyi fikrində həmrəydirlər. Bu baxımdan "ov" kökünün həm mağara, həm ev, həm oba, həm də heyvan ovlamaq mənasında işlənməsi təbii idi.
Dördüncü fakt da "ov" kökü ilə bağlıdır. Söhbət ovçuluqla sıx bağlı olmuş ovsunçuluqdan (magiyadan) gedir. Məlum olduğu kimi, Azərbaycanda Qobustan qayalıqlarından və Abşeronun Şüvəlan qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər dağlarından tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların qoyub getmiş olduğu dəyərli mədəniyyət və incəsənət abidələridir. Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülüb. Bəziləri onların dini ayinlərin keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu təsvirləri ovda müvəffəqiyyət qazanmaq üçün icra edilən iş magiyası (ovsunçuluq) ilə əlaqələndirirlər. Ovsunçuluğun ovçuluqla birbaşa bağlı olması faktı "ovsun" kəlməsinin də kökündə "ov" vahidinin durmasının təsadüfi olmadığını göstərir. Bütün bu deyilənlər "ov" kökünün (daşıdığı bütün məna yükləri ilə birlikdə) hələ Paleolit dövründə formalaşdığını və nostratik dilin, ən alt qatdan bir pillə yuxarıdakı qatına aid olduğunu sübut edir.
Maraqlıdır ki, mağaraları məskunlaşdırmamışdan əvvəl ən qədim insanlar açıq düşərgələrdə yaşayırdılar və mağaraların məskən yerinə çevrilməsi iqlimin soyumasından sonra baş verib. Məsələn, arxeoloji qazıntılar nəticəsində məlum olub ki, Azıx sakinləri bu mağaraya köçməmişdən öncə Quruçay hövzəsindəki geniş ovalıqda yaşayıblar. Çox güman ki, "ov" sözü hələ Quruçay mədəniyyəti insanlarının dilində mövcud idi və "ovalıq" sözünün kökündə "ov" vahidinin durması belə ehtimal etmək üçün müəyyən əsas verir. Əgər bu ehtimal doğrudursa, onda Quruçaylıların öz ilk (ov)aları (oba, məskən) olan (ov) alığın "adını" Azıx (ov)uğuna (mağarasına) daşıdıqlarını güman etmək olar. Bu isə "ov" vahidinin yaşının təqribən 1,2 milyon il olduğu deməkdir.
Yuxarıda "ov" kökünün sinonimlərindən biri kimi "oy" söz kökündən də (ovuq – oyuq; ev – öy) söhbət açdıq. Tədqiqatlar ibtidai insan icmasının, başqa sözlə, ilk insan soyunun, oyuqda (mağarada) yaşayış dövründə formalaşdığını təsdiq edir. Bu isə, soy (nəsil) və oymaq (icma) sözlərinin də "oy" kökündən intişar tapdığını (oy – soy; oy – oymaq) düşünmək üçün əsas verir.
"Ov" və "oy" söz köklərindən başqa ilkin "o" komponentindən törəyən və nostratik dil nümunələrindən olan təkhecalı sözlərdən biri də bu günə qədər türk dilində ilkin şəklini qoruyub saxlamış "ot" (od, atəş) kəlməsidir. İnsanların odla tanışlığı, güman ki, hələ qədim daş dövründə baş verib. Ancaq arxeoloji qazıntılar zamanı üzə çıxarılan ən qədim ocaq yeri Azıx mağarasının təqribən 300-700 min il bundan öncəyə aid olan təbəqəsindən aşkar edilib. Bu isə "ot" (od) sözünün yaranma tarixinin ən azı 300-700 min il əvvələ aid olduğunu təsdiq edir. Prototürk-Şumer yazılı mənbələrində (e.ə. III-II minilliklər) bu söz "ud" kimi qeyd olunub, eyni kəlmə ilə günəş də ifadə edilib. İnsanların günəşlə tanışlığının odla tanışlıqdan çox-çox əvvəl baş verdiyini nəzərə alsaq, "ot" (od, ud) söz kökünün "ov" və "oy" söz kökləri ilə eyni zamanda təşəkkül tapdığını söyləyə bilərik.
Məlum olduğu kimi, bitki mənasında işlətdiyimiz "ot" kəlməsi də eyni qəbilədəndir və "ot"la (bitki mənasında) tanışlıq da odla tanışlıqdan çox-çox əvvəllər baş verib ki, bu da "ot" (od, ud) ilkin söz kökünün hələ Quruçay mədəniyyəti dövründən məlum olduğunu deməyə əsas verir. Günəş (ud), ot və od sözlərinin eyni sözlə ifadə edilməsinin əsas səbəbi günəşin qızmar vaxtlarında qurumuş otların alışaraq yanması hadisəsinin qədim insanlar tərəfindən müşahidə edilməsi, odun, məhz, günəşin (ud) təsiri ilə otların yanmağa başlaması nəticəsində meydana çıxmasını dərk etməsi olub. Deməli, "od" (ot, ud) söz kökü də odun kəşfindən çox-çox əvvəllər məlum olub, odun kəşf edildiyi 300-700 min il əvvəlki dövrdən isə bizə, çox güman ki, "od" komponentindən törəyən "odun" kəlməsi yadigar qalıb. Bu kəlmə prototürk-Şumer mətnlərində "udun" kimi qeyd edilib. Əgər "odun" (udun) kəlməsi 300-700 min il əvvəl yaranıbsa, deməli, çoxhecalı sözlərin yaranış tarixi, məhz, həmin dövrlə bağlı ola bilər. Fikrimizcə, "yazı" sözü də mağara insanlarının kəşfi olub.
Maraqlıdır ki, petroqliflərin yaranma tarixi e.ə. XII-X minilliklərə aid edilir və qayaüstü rəsmlərin piktoqrafik yazı mahiyyəti daşıdığı hesab edilir. Bu yazıların texnologiyası isə, cızma (qaşıma, qazıma) olub. Məhz, "cızıq" kəlməsindən də "yazı" (cızıq) sözü yaranıb. "Cız" kəlməsi isə ilkin "iz" komponentinin təkamülü nəticəsində ortaya çıxıb. Bu komponent "is" formasında rus dilindəki "p(is)mo" (yazı) və r(is)ovat (rəsm çəkmək) kəlmələrinin təkamülündə ilk halqası olub.

Bəxtiyar Tuncay