Türk poeziyasında ağacla bağlı inamlar Mədəniyyət

Türk poeziyasında ağacla bağlı inamlar

Ağac sevgisi bütün zamanlarda türk xalq ədəbiyyatının əsas mövzularından olub

I yazı

Qədim xalqların əksəriyyətinin dünya modeli haqqındakı təsəvvürlərində ağac mühüm yer tuturdu. İnsanlar ağaca dünyanın təbəqələri arasında əlaqə yaradan bir vasitə kimi baxır və inanırdılar ki, ağacın kökü yeraltı, gövdəsi yerüstü, budaqları isə göylərlə əlaqəlidir. Qədim türk inanclarında, xüsusilə də şamanlarda dünya ağacı haqqında formalaşan fikirlərə görə Göy Tanrısı ilə əlaqə yaratmaq üçün ən hündür ağac seçilirdi. Moisey Kalankatuqlu Şimali Qafqaz ərazisində məskunlaşmış hun tayfalarının uca palıd ağacına inandıqları haqqında məlumat verirdi. Hunlar palıd ağacına at qurbanı kəsir, onu Tanrı-xan allahının adı ilə bağlayırdılar.
Qədim türk mifologiyasında yaradılışın ağacdan başladığı haqqında təsəvvürlər də meydana çıxmışdı. Bu təsəvvürdə ağac qadın-ana strukturunda iştirak edən müqəddəs bir varlıq kimi qədim türk xalqlarının inam və məhəbbət abidəsinə çevrilmiş, kultlaşmışdı. Dünyanın quruluşu və yaradılış barədəki dini-mifoloji təsəvvürlər miras şəklində orta əsrlərə də keçdi. Həm şifahi, həm də yazılı ədəbiyyatda ağac kultu son dərəcə populyarlaşdı. Ağaca dünyanın və təbiətin ən müqəddəs varlıqlarından biri kimi baxılırdı. Ağaca belə münasibət müxtəlif şairlərin əsərlərində və ən müxtəlif formalarda yer alırdı.
XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin, XIII əsr Anadolu şairi Yunis Əmrənin və digər şairlərin şeirlərində bu sevginin dərin izlərinə rast gəlirik. Dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Çin qızının söylədiyi "Xeyirlə Şərin nağılı"nda da ağaca münasibət, ağacın şəfavericilik missiyası açıqlanıb. Belə ki, Şər tərəfindən gözləri çıxarılıb dünya işığından məhrum edilən Xeyir məhz səndəl ağacının yarpaqlarının döyülüb gözlərinə sürtülüb yerinə qoyulması ilə yenidən işığa qovuşa bilir. Burada ağacın işıqlı bir missiya daşıması da şair tərəfindən incəliklə əks etdirilib.
Müqəddəs ağac motivi islamiyyətdən əvvəl də, sonra da dastanlarda, nağıllarda, bir sözlə, şifahi və yazılı ədəbiyyatımızda öz yerini qoruyub saxlayıb. Belə ki, ağac sevgisi, islam imanının ağaca verdiyi qiymətlə birləşərək XIII əsr Anadolu şairi Yunis Əmrənin şeirində ağacla Tanrının vəhdəti kimi təsvir olunub:

Altundandır dirəkləri,
Gümüşdəndir yarpaqları,
Uzandıqca budaqları.
Bitər Tanrı deyə-deyə.

Min üç yüz illik tarixi olan "Kitabi-Dədə Qorqud" dastanlarında ağaca inam, ağaca məhəbbət daha qabarıq şəkildə görünür. "Salur Qazanın evinin yağmalandığı boy"da Qazanın oğlu Uruzu kafirlər tutur, qənarənin dibinə gətirib asmaq istəyirlər. Uruz ağacla danışmaq üçün kafirlərdən aman istəyir və ağaca belə müraciət edir:

Sənə "Ağac!" "Ağac!" deyirəmsə, çəkinmə, ağac!
Məkkə ilə Mədinənin qapısı ağac!
Museyi-Kəlimin əsası ağac!
Böyük- böyük suların körpüsü ağac!
Nəhəng-nəhəng dənizlərin gəmisi ağac!

Ağac sevgisi bütün zamanlarda türk xalq ədəbiyyatının əsas mövzularından olub.
Müasir şairlərin də öz poeziyalarında ağac kultundan istifadə etdiklərinin şahidi oluruq. Türk Dünyasının böyük şairi Nazim Hikmətin şeirlərində olan ağac sevgisindən misal çəkməsək, ağac kultu ilə bağlı söylədiyimiz mülahizələrimizdə nəticə istədiyimiz mərhələdə qərarlaşa bilməz. Belə ki, özünü bir cəviz ağacına bənzədən şair yazır:

Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun farkındasın, nə polis farkında.

Əslində Gülhanə parkında heç vaxt ceviz ağacı olmayıb, sadəcə, öz böyüklüyünü, ölümsüzlüyünü duyan şair özünü ağaca oxşatmağa çalışıb. Müasir Azərbaycan şairlərindən Nəbi Xəzrinin "Dərələr" şeirindəki bir beyt də bu anlamda çox xarakterikdir:

Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.

Nümunələr göstərir ki, müasir şairlərin ağac kultuna olan inancları hələ də davam etməkdədir. Odur ki, Azərbaycanın xalq şairi Məmməd Arazın da bir sıra əsərlərində ağac mövzusuna müraciət etməsi heç də təsadüfi deyil. Məmməd Araz ixtisasca coğrafiya müəllimi idi. Uşaqlıqdan təbiətin qoynunda böyüyən balaca Məmmədin qəlbində ətraf mühitə, dağa-daşa, torpağa, bitki aləminə məhəbbət oyanmışdı. Böyüdükcə bu məhəbbət daha da dərinləşmiş, bu sevgi ömrü boyu onu tərk etməmişdi. Bu sevginin nəticəsi olaraq ömrünün kamil vaxtlarından başlayaraq sonuna qədər "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsini ləyaqətlə icra etmişdi. Məmməd Araz bütün yaradıcılığı boyu ekoloji tarazlığın pozulması əleyhinə olmuş, elmi-publisist məqalələrində, o cümlədən poetik yaradıcılığında bu məsələyə ciddi önəm vermiş, mübarizə aparmışdı.
Şairin müxtəlif əsərlərində rastlaşdığımız ağac obrazının poetik təsviri, ağaca həyat modeli kimi baxışın təcəssümü imkan verir ki, Məmməd Arazın ağac sevgisinin genetik olduğu qənaətinə gələk. Məlum olduğu kimi, qədim türk mifologiyasında ağac müqəddəs sayılan, insanların tapınaq yeri olan kultlardandır. Təsadüfi deyil ki, şair "Araz axır" poemasında və gürcü xalqının böyük oğlu İlya Çavçavadzeyə həsr olunmuş "Şöhrətə atılan güllə" şeirində ağaca insan kimi münasibət bəsləyir.
"Araz axır" poemasında sevgilisinə qovuşa bilməyən lirik qəhrəman da mifoloji ünsürlərə müraciət etməyi məqbul sayır, sevgilisi Ayrıgülü ağaca çevrilməyə səsləyir, özü isə külək olmaq istəyirdi:

Görünür ki, hələlik,
Görüşə bilmərik biz.
İnsan tək qucaqlaşıb,
Öpüşə bilmərik biz.
Ondasa bir əlac var:
Sən ağac ol, mən külək!

Məmməd Araz gürcü xalqının böyük oğlu İlya Çavçavadzeyə ithaf elədiyi "Şöhrətə atılan güllə" adlı şeirində də ağac kultunu yada salır. İlya Çavçavadzeni öldürən düşmən gülləsinin muzeydə saxlanılması şairi təsirləndirmişdi. Şair bu gülləni "düşmən" adlandırır və "düşmənin" İlya Çavçavadzenin sinəsində evinə qonaq kimi gəlişini isə bədii ifadə vasitələri ilə təsvir etməyə çalışırdı. Belə ki, Məmməd Araz İlyanın sinəsindən axan qanı bir püskürən vulkanın alovuna, özünü isə qırmızı yarpaqlar gətirmiş ağaca bənzədir. Adətən deyirlər ki, ağac quruyub, yaxud kəsilib sıradan çıxsa da, o məhv olmur, köklərindən rişə verib yenidən pöhrələnir, əbədiliyini davam etdirir. İlya Çavçavadze də bu anlamda ağaca oxşayır. Namərd gülləsi onun fiziki ömrünə son qoysa da, mənəvi ömrü yaratdığı əsərlərində hələ də davam edir.
İnsanlığın yaradılışı haqqındakı türk düşüncəsinə görə Tanrı yer üzündəki doqquz insan cinsini, bu insanlardan öncə yaratdığı doqquz budaqlı bir ağacın kölgəsinə sığındırmışdı. Əvvəlcə yerdən doqquz budaqlı ağacı ucaltmış, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından birini yaradaraq, bu doqquz insana ağac kölgəsinə sığınmağı bir yaradıcılıq bilgisi halında vermişdi.
Hun dastanında Oğuz xanın Göy, Dağ, Dəniz adlı oğullarını dünyaya gətirən qadın, göl ortasındakı müqəddəs bir ağacın qovuğunda yaradılmışdı. Oğuz orduları qərbə doğru yürüşə çıxarkən İtil (Volqa) çayını ağac üstündə keçmişdilər; Kürkət Xaqanın ordularına qalib gəldikdən sonra qəniməti ağacdan düzətdikləri xərəklərlə daşımışdılar.
Bu dastanın islamiyyətdən sonrakı variantında körpəsini ağac qovuğunda dünyaya gətirən qadının oğluna Qıpçaq adı verilmişdi. Qıpçaq (yəni "oyuq ağac") türkləri bu uşağın nəslindən çoxalmışdılar. Göy türklər də Ərgənəkondakı dəmirdən olan dağı ətrafında ağaclarla yandırıb əritmişlər; içində 400 il qaldıqları bu örtülü yurdun meyvəli ağaclarını dastanlarında yaşatmışlar.

Nizami Muradoğlu,
şair-publisist