Ölümə gülən Vaqif Səmədoğlu Mədəniyyət

Ölümə gülən Vaqif Səmədoğlu

Emil Salamoğlu

XXI əsr dahi yetişdirə bilməyib. Hələ ki belədir. Hətta bu qısırlaşma, cırlaşma XX əsrin sonlarına yaxın – kapitalizmin iri pəncələri incəsənəti, filmi, teatrı, ədəbiyyatı əzməyə başlayanda hiss olunmağa başlamışdı. İndi gələcək nəsilləri necə bir fəlakət gözlədiyini söyləməyin özü belə kədərlidir. Haçansa "Əlibala Hacızadə, İsi Məlikzadə, Yusif Səmədoğlu oxumuşam" deyənlər, "Emin Sabitoğlu, Elza İbrahimova dinləmişəm" söyləyib sinəsinə döyənlər haqlı çıxacaqlar. Axı bəzi istisnalar olmaqla, çoxsaylı adlar çəkmək çətin olacaq?! Məgər revenans dövrü geridə qaldı, yoxsa "qızıl dövr" yerinə Hüseyn Cavidin sözləri ilə desək, "rəqsi təlim edir axsaqlar" meydana gəlir? Hər halda bunu demək çox ağırdı, amma keçmiş yaxşılıqlardı, bu gün pisliklər... sabah necə olacağını bilmək çoxlu suallar doğurur. Kəsəsi, XXI əsrin 15-ci ili yaxınlaşır və biz hələ də dünənin yaradıcıları ilə qidalanırıq. Nə Artur Fellinq rəsmlərinin, nə Mopassan, Əziz Nesin sarkazmının, nə də Rasim Ocaqov, Həsən Seyidbəyli novatorluğunun yerini dolduran görə bilirik. XXI əsr "dahilərin xiffəti" dövrü adlana bilər.

***

"Məni günahkar bilməyin ki, sonda vətən uğrunda deyil, iki ağılsızı toruna salmış tərbiyəsiz, işvəli bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm". Bu ürəkparçalayan sətirlərin müəlifi zəkası, sevgisi və vətəni uğrunda mübarizəsi ilə ideallaşmış şəxsiyyət Evarist Qaluadır. Cəmi 20 il, 6 ay yaşamaqla zəngin bir bioqrafiya nümunəsi qoya bilmiş Qalua ömrü Dəniz Gəzmişin "Əsas çox yaşamaq yox, yaşadığın müddətdə çox iş görə bilməkdir" fikirlərini yada salır. 90 il ömrünü monoton, heçə yaşamışların boşboğaz, populist çıxışları tarix dərsliyi üçün bir səhifəlik cızma-qara belə deyilsə, Qalua 20 il 6 aylıq ömrü ilə nəinki XXI əsr, bütün zəmanələrə dahilik məktəbi qoyub gedib. Və ilk növbədə bu riyaziyyatçı düha dünya gəncliyinə bir xitabətdir. "Bəs kimdir Qalua?" sualı verilməyə bilməz. O, riyaziyyatda nəzəriyyə kəşf, vətəni üçün inqilabçılıq etmək və sevdiyi qıza görə dueldə ölməklə insan təfəkkürünə qızıl hərflərlə yazılıb. ... Qalua riyaziyyat sahəsində köhnə təsəvvürləri alt-üst edir. 19 yaşında öz aksiomalarını irəli sürür, teoremləri sübuta yetirir. Bu gün müxtəlif rəqəmsal televiziya kanallarında informasiyaların rabitə kanalları vasitəsilə ötürülməsi onun kəşflərinin töhfəsidir. Halbuki, Qalua televiziya əsrinin gələcəyini heç ağlına da gətirməzdi. Ancaq televiziya əsri də gəlib, "skayp", "vatsap" dövrü də. Qalua şəxsiyyəti isə əsla. Zaman isə onun barəsində öz ədalətli hökmünü gec də olsa verdi. Bu gün onun yaratdığı qruplar nəzəriyyəsi riyaziyyatda "Qalua sahəsi" adlanır.

***

1811-ci il. Oktyabrın 25-i. Paris yaxınlığındakı Burlya-Reyn kəndində doğulan Evarist dərslərini o qədər də yaxşı oxumur. 16 yaşı olanda riyaziyyat kursuna yazılır. Bu yeniyetmədə yalnız riyaziyyata vurğunluq müşahidə olunur. Bir gün sinif rəhbəri onun barəsində yazır: "Evarist riyaziyyatın yalnız ali bölmələri ilə məşğuldur. Riyaziyyatı dəlicəsinə sevir. Müəllimlərinə gözlənilməz suallar verməklə onları çaşdırır". Təsəvvür edirsinizmi, 16 yaşlı şagird müəllimini aciz vəziyyət qoyur, bu da nəticəsi - 17 yaşında ilk elmi əsərini çap etdirir. Qalua bir çox hesablamaları beynində apardığına görə onları kağız üzərinə köçürməyi lazım bilmir. Amma bu istedada malik gənci Fransanın nüfuzlu Politexnik Universitetinə qəbul etmək istəmirlər. İmtinadan qəzəblənmiş, çılğın təbiətli gənc dahi əlinə keçən əsgi-üsgünü imtahan zalında müəllimin başına çırpıb, otaqdan çıxır, bu onun politexnikə ilk və son gəlişi olur. Qalua imtahandan "kəsilməsini" belə izah edir: "Mənə verilən suallar uşaq səviyyəsində olduğuna görə onları cavablandırmağı özümə yaraşdırmadım".

***

Bir zaman gəlir onun həyatına – riyazi tədqiqatlarını kənara qoyub, siyasi taleyini sınağa çəkir. Qalua Respublikaçıların tərəfinə keçir və Milli Qvardiyanın artilleriyaçılarına qoşulur. Sonra kral Filipp öz təhlükəsizliyi naminə milli qvardiya artilleriyasını buraxır. Heç bir maddi dayağı və evi olmayan Qaluanın həyatında sərgərdan dövr başlanır; küçədə keçən günlər, ümidsiz gecələr, tənhalıq və gənclik romantikası... Günün birində hökumətə qarşı sui-qəsddə günahlandırılmış 19 respublikaçıya bəraət verilir. Bu qərarın təntənəli şəkildə qeyd olunması üçün ziyafət təşkil olunur. Bu banketə Aleksandr Düma da dəvət alır. Yazıçı Qaluanı bir əlində içi şərabla dolu qədəh, o biri əlində qınından çıxarılmış xəncər tutaraq ucadan qışqırıq qoparan halda görür. Onu bu rüsvayçı vəziyyətdən çıxarmaq istəsə də alınmır. Ziyafətdə kralın ünvanına hədələr söylədiyinə görə gənc dahi 1 aylıq həbsə atılır. Tədbir iştirakçıları məhkəmədə Qaluanı kralın ünvanına hədələr söylədiyini eşitmədiklərini bildirməklə bu çəlimsiz devrimçi cavanı zindandan xilas edirlər, hakim onu əfv edir. Lakin heç bir ay keçmir ki, Qalua yenidən həbs olunur.

***

Bu dəfə həbsin səbəbi 1831-ci il, iyulun 14-də Bastiliya günü qeyd olunarkən şəhərdə qadağan edilmiş Milli Qvardiya artilleriyası formasında Qaluanın dolaşması olur. Onu 6 aylıq həbs cəzasına məhkum edirlər. Qalua həbsdən sonra Parisin çox hörmətli həkimlərindən birinin Stefani adlı qızına aşiq olur. Qalua Sefani ilə sevişdiyi günlərdə qızcığaz Peşo Derbenvil adlı gənclə nişanlanmışdı. Bu münasibətdən agah olan Derbenvil Qaluanı duelə çağırır. Evarist Peşonun necə mahir atıcı olduğunu yaxşı bilirdi. Onu da bilirdi ki, bu dueldən sağ çıxmaq şansı azdır. Sevgi və ən başlıca qüruru onu dueldən çəkinməyə qoymur. ...1832-ci il, mayın 31-də səhər sübh Qalua və Derbenvil duelə çıxırlar. Stefaninin nişanlısının yanında iki sekundantı olur, Qalua isə tək. Ən ikrah doğuran xainlik isə Qaluanın pistoletinə güllə qoyulmaması olur. Peşonun gülləsi Qaluanın qarın nahiyəsini dəlib keçir və onu orada buraxıb gedirlər. Qardaşı gənc alimi xəstəxanaya çatdırsa da, son nəfəsini verərək dünya ilə vidalaşır. Dostlarına məktubunda isə yazır: "Məni günahkar bilməyin vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz, işvəli bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm". Bax belə. 20 il 6 ay yetdi ki, bəşəriyyət onu sevsin. 20 il 6 ay yetdi ki, Qalua bu nakam ömürdə üç tale yaşasın – elm, inqilab və sevgi...

***

Qaluadan fərqli olaraq ahıl yaşında ölümün üzünə dik baxan, ona gülən Vaqif Səmədoğlu var. Son yazısında nə qədər nikbin, məğrur dayandığını gördük. Amma ən çox diqqətimi cəlb edən "Hamını yasıma dəvət edirəm" sərlövhəsi ilə çıxarılan kiçik həcmli yazıya yekə bir bioqrafiyanı ustalıqla sığışdıra bilməsiydi. Sanki 20 il 6 ayda hər şey yaşamış Qalua kimi şair də bir kağız parçasına taleyini köçürmüşdü. Nələr yoxuydu içində? Bir cümlə ilə Stalini görməyini təsviri, Pasternyakla araq içməsi, Fadayevlə görüşməsi, gürcü rejissor dostu Otar İoselianinin zəngini xatırlaması, xalq hərəkatını, kapitalizmin bəlalarını qeyd etməsi – xəstə döşəyində bir yaradıcının qəlbinin ölmədiyinə işarədir. Ürək yaşamaq istəyir. Həm də gələcək nəsillər XXI əsr yazarlarına verəcəyi sualdır – o, Pasternyakla araq içib, bəs siz? İndi gələcək nəsilləri necə bir fəlakət gözlədiyini söyləməyin özü belə kədərlidir. Axı bəzi istisnalar olmaqla, çoxsaylı adlar çəkmək çətin olacaq?!

Kult.az