Keçəpapaqların sorağı ilə... Mədəniyyət

Keçəpapaqların sorağı ilə...

Muğanlıda Novruz

IV yazı

Kəndə daxil oluruq. Etibar Kamıl oğlu bir qapıda avtomobili əyləyir. Bizi Asif Rəhim oğlu və Qasım Səfər oğlu, Telman Kərim oğlu adlı gənclər qarşılayırlar. Səfərimizin davam etdiyi günlərdə bizə hər cür mehribanlıq, diqqət və qayğı göstərən bu gənclər cavan olmalarına baxmayaraq, imanlı və müdrik insanlardır. Kənddə belə ağıllı, təmkinli gənclərin olması bizi sevindirir. Gənclər bizi ilk olaraq Dilqəm müəllimin evinə gətirirlər. Burada kənd yerlərinə məxsus böyük səmimiyyət və mehribanlıqla qarşılanırıq.
İlk informator Dilqəm Yaradanqulu oğlu Tanrıquluyev – 1957-ci ildə Muğanlıda anadan olub, 1979-cu ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirəndən bu günə kimi Muğanlı kənd orta məktəbində müəllim işləyir. Hazırda həm Azərbaycan, həm də gürcü dili və ədəbiyyatlarını tədris edir. Şairdir. Gürcüstan və Azərbaycan ədəbi orqanlarında şeirləri, o cümlədən iki şeir kitabı və Muğanlı haqqında tarixi-etnoqrafik kitabı çap olunub.
Dilqəm müəllim bizə kənddə il ərzində icra olunan Qurban bayramı, Orucluq mərasimi, Xıdır Nəbi mərasimi və Novruz bayramı haqqında məlumatlar verir. Ona çoxlu suallar verir, Novruz bayramı, onaqədərki ayin və mərasimlər, arxaik etiqad elementləri, bayramın simvolları, o cümlədən keçəpapaqlar haqqında ilkin məlumatlar toplayırıq.
Topladığımız bu məlumatların bəziləri mənə tanış olsa da, bəzilərini ilk dəfə eşidirəm. Burada da Azərbaycanın əksər yerlərində olduğu kimi, ilaxır çərşənbə böyük təntənə ilə qeyd olunur. Yaxın qonum-qonşu, dost-qohum qızları bir evdə toplanır. Səhərə kimi çalıb-oxuyur, fala baxırlar. Səhər tezdən isə su üstünə gedirlər. Lakin bunun fərqli cəhəti var. Muğanlılar oğlanlı-qızlı Qabırrı çayının üstünə gedir və niyyət tutanlar özlərini çayın sularına vurub çimirmişlər.
Dilqəm müəllim Novruza qədərki dörd çərşənbə haqqında məlumat verib, bunlardan yalnız xəbərçi və yel çərşənbələrinin adlarını çəkə bilir.
Bizi keçəpapaqlar daha çox maraqlandırır. Dilqəm müəllimə görə, onların dəstəsində 50-60 nəfər olur. Bunlar öz aralarında padşah, vəzir və digər vəzifələri bölüşdürürlər. O, Qəşəm adlı padşahın adını çəkir və hazırda padşahın Sakit adlı bir kənd sakininin olduğunu bildirir.
Mən bu məlumatların hamısını sürətlə dəftərimə qeyd edir və yeri gəldikcə dəqiqləşdirməyə çalışıram. Çünki söyləyicinin yaddaş fenomeninin nə olduğunu bilirəm. Bilirəm ki, mən bu məlumatları dəqiqləşdirmək üçün çətinliyə düşməli olacağam.
Dilqəm müəllimlə söhbət zamanı keçəpapaqlar haqqında məndə sistemli təsəvvür yaranmasa da əslində axtardığımı mən onun bizə bağışladığı kitablardan birində tapıram. O, "Qırx qapıdan biri bağlı" adlı kitabında Muğanlıda keçirilən Novruz bayramı haqqında ətraflı məlumat verərək yazır:
"Novruz bayramı kəndimizdə martın 22-də böyük təmtəraqla keçirilir. Kənd əhalisi bütünlüklə qonaqlı-qaralı kəndin mərkəzində qurulan "şah" taxtının ətrafına toplaşır, sazın, qara zurna və çubuqla çalınan nağaranın sədaları altında keçəpapaqların oyunlarına tamaşa edirlər. Bayram şənliyi səhər saat 7 radələrindən günorta saat 12-yə, 1-ə kimi davam edir. Bu vaxt ərzində xüsusi bəzədilmiş taxtda oturan "şah" keçəpapaqların oyunlarına, çalğıçılar dəstəsinə, maşınların yol hərəkətinə və s. nəzarət-rəhbərlik edir. Qəşəm Məmmədov 50 ildən artıq dalbadal "şah" olub. "Şahı" onun əyanları: vəzir, vəkil, həkim, cəllad, xəzinədar və başqaları əhatə edirlər.
Martın 16-dan, 17-dən başlayaraq 21-nə qədər cavanlar, uşaqlar (son 30-40 ilə qədər yaşlılar) keçəpapaq bəzənər, ev-ev, küçə-küçə gəzərək təlxək oyunu oynar, camaatı güldürüb əyləndirərlər. Camaat da keçəpapaqlara yumurta, şirniyyat, bəzən də pul verər.
Təəssüf hissi ilə qeyd etməyi lazım bilirəm ki, bu qədim adət öz mahiyyətinə, kökünə ilgili olmayan şit detallarla "zənginləşmək" üzrədir. Bayram günü camaat bir-birinin ailəsinə bayramlaşmağa gedər, xəstələri yoluxar, küsülüləri barışdırarlar. Bayram günü xoş əhval-ruhiyyə ilə sona yetər. Bayrama dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaq, od üstündən atlanmaq bu bayramın atəşpərəstliklə, oda sitayişlə ilgili olmasından soraq verir. İlin axır gecəsi – son çərşənbə xüsusi təmtəraqla keçir. İlin axır çərşənbəsi niyyət edən ailə evinə qız-gəlin dəvət edir. Çalğıçılar çalır, oxuyur, səhər saat 3-4-ə qədər oynayır, əylənirlər. Səhərə yaxın Qavrıya enir, niyyət tutanlar çayda çimir, çayın suyundan bir qab doldurub evlərinə gətirirlər. Çamaat arasında belə bir inam var ki, gecə ilə gündüzün bərabərləşdiyi anda Qavrının suyu dayanır. Hər kim bu anda çayda çimsə xoşbəxt olar (tutduğu niyyətə çatar)".
Dilqəm müəllimgildən məmnun halda çıxırıq. Maraqlı söhbət etmiş, Muğanlıdakı Novruz bayramı, bu bayramın əsas qəhrəmanları olan keçəpapaqlar, bayramın prosessual strukturu ilə bağlı ilkin məlumatlar əldə etmişəm. "İlk folklor ovumuzun" uğuru bizi sevindirir. Lakin məni qarşıdakı görüşün həyəcanı basır…
Saat 12 radələridir. Asiflə Qasım indi bizi keçəpapaqların hazırlıq etdikləri həyətə aparacaqlar. Mən qəribə hisslər və həyəcan keçirirəm. Digərləri bunun fərqində olmasa da, Səməd psixoloji durumumu anlayır. O, yaradıcı şəxsiyyətdir. İllərdir mənimlə dostluq edir, tədqiqatlarımla maraqlanır, kitablarımı oxuyur, söhbətlərimə qulaq asır. Bilir ki, əsas tədqiqat dairəm oğuz ritual və mifləridir. Keçəpapaq şəkillərinin məndə yaratdığı ilk affekt halının da canlı şahidi olub. Ona görə də arxaik zaman fenomeni ilə ilk dəfə qarşılaşmağın mənim üçün nə demək olduğunu yaxşı bilir. Mənim halım Səməddə təbəssüm və məmnuniyyət yaradır. Hər iki halın mənasını yaxşı başa düşürəm. Bu səfərin baş tutmasında onun da böyük rolu var. Mənim bir folklorşünas kimi keçəpapaq fenomenini tədqiq etməyimi istəyir. Ona görə də halımdan məmnundur. Gülüşü ilə isə mənə ruh vermək istəyir: "Həyəcanlanma, hər şey yaxşı olacaq".
Keçəpapaqların olduğu həyətə yaxınlaşdıqca həyəcanım artır. Bu, mənim üçün sadəcə bir folklor müşahidəsi, yaxud sinəsi söz xəzinəsi olan hər hansı informatorla görüş deyil. Keçəpapaqlarla görüş arxaik rituallar haqqında yalnız kitablarda oxuyan, onların prosessual təsvirlərinə yalnız kitablarda rast gələn bir ritualist üçün qeyri-adi hadisədir...
Dilqəm müəllimin də yazdığı kimi, keçəpapaqlar martın 22-də keçiriləcək bayram gününə qədər dəstə halında kəndi gəzib müxtəlif oyunlar göstərir və əylənirlər. Bu gün – martın 20-də də onlar kəndə çıxacaq, dəstə halında gəzəcək, oyunlar göstərəcək, pay toplayacaqlar. Onları tezliklə görmək, söhbət etmək, maskalarına baxmaq, geyimlərini öyrənmək, bayrama qədər dəstə halında kəndi gəzib əylənmələrinin ritual semantikasını anlamaq istəyirəm.
Hələ Muğanlıya gəlməmişdən qabaq Elbrus Məmmədovun gətirdiyi şəkillərə dəfələrlə tamaşa etmiş, bu, başdan-ayağa qara geyinmiş, xaotik-mistik simvollarla bəzənmiş varlıqların – keçəpapaqların, sözün həqiqi mənasında, kim olduğunu dərk etmək istəmişdim. Keçəpapaqların şəkillərini kitablardakı qam-şaman şəkilləri ilə tutuşdurmuş, bənzətmələr tapmağa çalışmışdım. Zahiri bənzərlik ortada idi. İstər qam-şamanlar, istərsə də keçəpapaqlar – hər ikisi eyni bir mədəniyyətin təzahür fenomenləridir. Lakin bu şəkillər vahid türk mədəniyyət okeanının fərqli məkan, zaman və ritual fraqmentlərini əks etdirirdi. Qam-şamanlar elm üçün məlum fenomendir. Onlar animistik dünyagörüşünün daşıyıcıları olub, insanlarla ruhlar arasında vasitəçi-mediatorlardır. Qam-şamanlar haqqında saysız tədqiqat aparılmış, şaman ritual və mifologiyası dərindən öyrənilib. Keçəpapaqlara gəlincə, bunları qam-şamanlarla eyniləşdirmək olmazdı. Bütün zahiri oxşarlıqlarına baxmayaraq, bunlar fərqli fenomenlər olmalıdır. Burada mövsüm, zaman, bayram faktorları var. Onları nəzərə almadan keçəpapaq fenomenini anlamaq mümkün deyildir. Şamanlar il boyu animistik praktika ilə məşğul olan peşəkarlardır. Keçəpapaqlar isə yalnız Novruz bayramında, yəni bayramın keçirildiyi mart ayında peyda olur və bayramın bitməsi ilə "öz dünyalarına" – Xaosa qayıdır, bir də Kosmosda peyda olmaq üçün növbəti ilin mart ayını, Novruz bayramının ərəfəsini "gözləyirlər". Şəkillər əsasında qabaqcadan məndə yaranmış elmi təsəvvür bundan ibarət idi ki, Novruz bayramının ərəfəsi keçəpapaqların öz dünyalarından – Xaosdan bizim dünyamıza – Kosmosa gəlmələri (daha doğrusu, keçmələri) üçün bir zaman aralığı – zaman qapısıdır.
Etiraf edirəm ki, keçəpapaqların şəkillərinə uzun müddət tamaşa etsəm də (hətta indi onları 5-6 dəqiqədən sonra canlı şəkildə görə biləcəkdimsə də), varlıqları hələ də mənə fantastik təsir bağışlayır: mövcudluqlarına şübhə edirəm. Onlar mənim üçün sanki bir UNO-dur. UNO-lar (Uçan Naməlum Obyektlər) haqqında hamı danışır, amma hələ də nə dirilərinin, nə də ölülərinin üzünü görməmişik.
Tini burulub enli bir küçəyə çıxırıq. Burada çoxlu sayda maskalı uşaqlar, o cümlədən maskasız uşaq və gənclər var. Uşaqların bir çoxu əyninə karnaval paltarları geymiş, sifətlərinə dəhşət maskaları taxmışlar. Lakin mağazadan alınmış bu geyimlər və maskalar mənim üçün maraqlı deyil. Mən keçəpapaqları arayıram. Budur onlar!
Əsasən qara geyimdə olan maskalı gənclərin əyinlərində tərsinə geyilmiş kürk, başlarında kürəklərinə qədər tökülmüş qara saçları olan keçə papaq, sifətlərində şir maskaları var. Kürkün üstündən iki kəmər bağlamışlar: birini üfüqi şəkildə bellərinə, digərini isə çarpaz (aşırma) şəkildə çiyindən sinələrinə. Hər ikisinin üstündə çoxlu sayda zınqırovlar var. Yeriyəndə bu zınqırovlar səs verir. Ayaqlarına dizdən aşağı üstündə uzun qara tükləri olan keçi dərisindən ayaqsız corab geyiblər. Qollarına qırmızı lent bağlayıblar. Əllərində qamçı, çubuq, dana quyruğu və s. var.
Canlı şəkildə gördüklərim, o cümlədən qara və qırmızı simvolların kombinasiyası düşüncəmi oyadır. Mən hara düşdüyümü anlamağa başlayıram. Zənnim, keçəpapaqların şəkillərini gördüyüm andan düşündüklərim məni aldatmamışdı. Keçəpapaqlar xaos dünyasının personajları idi!
Çoxlu şəkillər çəkir və çoxlu informasiyalar toplayırıq. Asiflə Qasım bizi başqa bir informatorla görüşdürməlidir. Lakin bizim hələ necə bir fenomenal yaddaş və nadir düşüncə sahibi ilə görüşəcəyimizdən əsla xəbərimiz yoxdur…

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru