ABŞ Rusiya və Ukrayna arasında vasitəçilikdən niyə imtina etdi? Gündəm

ABŞ Rusiya və Ukrayna arasında vasitəçilikdən niyə imtina etdi?

ABŞ-ın Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməyəcəyini bəyan etməsi oyundan çıxmaqdan daha çox, tərəfləri sülhə məcbur etmək üçün “real vəziyyətlə” üz-üzə qoymaq gedişinə bənzəyir. Vaşinqtonun imtinası müharibənin davam etməsi fonunda da maraqlarına uyğun görünmür.
Birincisi, ABŞ geosiyasi müstəvidəki planlarına (xüsusilə Çinlə mübarizədə) görə Rusiya ilə anlaşmaq istəyir və bu, Ukrayna müharibəsinin həllindən keçir;
İkincisi, Ukrayna məsələsinin həll edilməməsi Vaşinqtonun digər prioritetlərinə - İran ətrafında fokuslanan Yaxın Şərq, Çinə fokuslanan Uzaq Şərqdəki hədəflərinə, eləcə də Amerika kontinental planlarına diqqət ayırmasını çətinləşdirir;
Üçüncüsü, ABŞ-ın oyundan çıxması rəqiblərini – Avropa İttifaqı və Çinin təşəbbüsü ələ almasına zəmin yarada bilər;
Ukrayna ilə “resurs anlaşması”nı imzalayan ABŞ-ın praktiki müstəvidə qazanc əldə etməsi də müharibənin dayanmasından keçir.
ABŞ-ın vasitəçilikdən imtinası danışıqların dayanması riskləri baxımından hər iki tərəfə mənfi perspektivlər vəd edir.
- Rusiya Tramp Amerikası ilə anlaşma əldə edərək, Ukrayna müharibəsini müəyyən qələbə ilə başa çatdıra bilər: zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarəti qəbul olunur; sanksiyalar ən azı yumşala, beynəlxalq təcriddən xilas ola bilər.
Bu, üç illik müharibədə Rusiyanın nail ola biləcəyi mümkün nəticələrdir, lakin danışıqların dayanması Moskvanı bundan məhrum edəcək.
- Ukrayna danışıqlar masasında qəbul etmədiyi tələblərə görə ABŞ-ın vasitəçilikdən imtina etməsində - prosesin dayanmasında maraqlıdır, lakin hadisələrin proqnozlaşdırılması çətin olan məcrada inkişaf etməsi riski də var. Müharibənin davam etməsi Ukraynanın ABŞ-ın hərbi yardımı olmadan - Avropanın alternativ dəstəyi təmin edə bilməməsi, Rusiyaya qarşı müqavimət imkanlarını sual altına salır.
Vaşinqtonun vasitəçilikdən imtinası tərəflərə bu reallığı praktiki olaraq nümayiş etdirmək məqsədi daşıyır. Mümkündür ki, ABŞ-ın qərarından sonra Rusiya və Ukraynanın qarşılıqlı hücumları şiddətlənəcək və Vaşinqton ən böhranlı anda “xilaskar” kimi qayıdaraq, sülh planını qəbul etdirməyə çalışacaq.

Asif Nərimanlı